"Bu il münaqişənin həllində tərpəniş gözlənilir" - PROQNOZ





"2018-ci il üçün Dağlıq Qarabağ münaqişəsinin həllində tərpəniş gözlənilir”.

Bunu "Sherg.az”a sabah keçiriləcək Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündən danışarkən politoloq Tofiq Abbasov deyib. 

O xatırladıb ki, prezidentlərin Cenevrə görüşündə Ermənistan qondarma narahatlığı ilə bağlı daha bir sazişin bağlanmasını istəyirdi:

"Bu saziş tərəflərin gücdən istifadə etməməsi barədə olmalı idi. Qondarma sazişin gündəmdən çıxarılması Prezident İlham Əliyevin təsəlli mövqeyindən irəli gəldi. Prinsip etibarı ilə atəşkəs sazişi prosesləri tənzimləyir. Ön xətdə gərginliyin olması Azərbaycana qətiyyən lazım deyil. Çünki cəbhə xəttində dinc sakinlərimiz, mülki əhali yaşayır. Ermənistanın işğal etdiyi ərazilərdə isə yaşayış demək olar ki, yoxdur. Həmin ərazilərə əhalini yerləşdirməyə cürət etmirlər.

Keçirilən görüşlərdə əsas prinsip sərhədlərin toxunulmazlığı və xalqların öz müqəddəratını təyin etməsidir. BMT-nin baş katibi 2018-ci ildə əsas problemlərin Yaxın Şərq probleminin həlli və dondurulmuş münaqişələrin həll yoluna çıxması olduğunu vurğulayıb. Bu siyahıda Dağlıq Qarabağ münaqişəsi də var. Bir neçə aydan sonra Ermənistanda prezident seçkiləri olacaq. Bundan sonra proseslərdə canlanma yaranacaq. Həm münaqişə tərəfləri, həm bölgəyə ən yaxın olan Rusiya mərhələli həll yolunu ən münasib metod hesab edir. Bu səbəbdən, həll formatının aydınlığa doğru getdiyini deyə bilərik. Hesab edirəm ki, 2018-ci ildə müsbət dəyişikliklər baş verəcək”.

Qeyd edək ki, Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-də Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.

Aysel Aslan