Cəmiyyətdə qorxu və şiddət hissi yaradan qüvvələr zərərsizləşdirilməlidir

Gəncədəki iğtişaşların bütün iştirakçıları kriminal elementlər olub və dini fanatizm pərdəsi altında gizlənirlər
“Dinin sağlamlaşdırılması və vətəndaşlarımızın məşğulluğunun tam təmin olunması tədbirləri davam etdirilməlidir”


Gəncədə polis əməkdaşlarını qətlə yetirən və hazırda axtarışda olan şəxslərin kimliyi məlumdur. Hər iki şəxs radikal dindar və cinayətkardır. Cinayəti törətməkdə şübhəli bilinənlərdən biri iki dəfə məhkumluq həyatı yaşamış Rəşad Böyükkişiyevdir. R.Böyükkişiyev 1988-ci ildə Gəncə şəhərində anadan olub. 19 yaşında doğma anasını öldürdüyünə görə, 7 il müddətinə həbs edilib. Həbs müddəti bitdikdən sonra Rusiyaya gedib.

Lakin orada azadlıqda çox qala bilməyib. Belə ki, həbsdən çıxdıqdan 9 ay sonra Rusiyada soyğunçuluq törədib. Nəticədə növbəti dəfə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncədə polis zabitini qətlə yetirən digər qatil Fərrux Qasımov isə şiə məzhəbli radikal dindardır. Mütəmadi olaraq İrana səfərlər edən Fərrux Qasımovun qardaşı Xaqani Qasımov da cinayətkardır. Hazırda həbsdə olduğu deyilir. 

Dini foto və videolar paylaşan Fərruxun İranda dini yerləri ziyarət etməsi və ətrafındakı şəxslərin də qatı dindar olması görünür. Hətta o, paylaşımlarından birində Nardaran hadisələri zamanı həbs olunan terrorçu Taleh Bağırzadəyə də dəstək olub. Müxtəlif vaxtlarda İranda dini abidələri ziyarət edən Qasımov Gəncə hadisələri törədilməmişdən öncə Kərbalaya da gedib. Gəncə hadisələrindən sonra internetdə polis əməkdaşlarını öldürməyə səsləyən təxribatçı qeydlər digər radikal şəxslərin adından da yayılmağa başlayıb. Belə məlumatlardan birinin müəllifi Mahir Bayalıyevdir. 

O yazır: "Qardaşlar, polis əməkdaşlarını öldürməyin vaxtı çatıb. Silahlı dəstələr yarada bilsək, qələbə bizimdir. Birləşmək və polislərin dərsini vermək lazımdır”. 

Bu məlumatın dərcinin ertəsi günü Mahir Bayalıyev Ağsuda keçmiş arvadını bıçaqlayıb. Göründüyü kimi Gəncədəki iğtişaşların bütün iştirakçıları kriminal elementlər olub və dini fanatizm pərdəsi altında gizlənirlər.

Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev "Şərq”ə açıqlamasında deyib ki, din adı altında minlərlə gəncimizin beyinlərinin yuyulması prosesi gedir. Onun sözlərinə görə, kənar qüvvələr tərəfindən maliyyələşən və idarə olunan dini sektaların təsir dairəsinə düşən gənclərimiz valideynlərinin təkidli cəhdlərinə baxmayaraq, ağalarının və ya imamlarının təsirindən çıxa bilmirlər:

 "Yaxından tanıdığım insanlar gilə-gilə göz yaşları tökürlər və övladlarını itirdiklərini deyirlər. Bir tanışımın iki övladı və bir rus gəlini Suriyadadır. Övladlarından biri öldürülsə də, gəlini və digər oğlu geri qayıtmaq istəmir. Bəşər Əsədin "haqq " mübarizəsində iştirak edirlər. Digər yaxınılarımdan birinin övladı isə qohum-əqrəbasını "kafir” olaraq bilir və heç kimlə əlaqə saxlamır. Bu dərdə dözməyən valideynin fəryadını və göz yaşlarını unuda bilmirəm. İnsan haqları müdafiəçiləri, siyasi partiyalar, Dini Qurumlar üzrə Dövlət Komitəsi, millət vəkilləri, ictimai xadimlər niyə susur? 

Bəziləri baş verənlərə "düşmənimin düşməni dostumdur” prinsipi ilə yanaşır. Bir qismi isə gözləmə mövqeyindədir. Bəs dövlətin bütün imtiyazlarından və maddi sərvətlərindən bəhrələnən "görkəmli xadimlərin səsi niyə çıxmır? Dövlətiin dünyəvi quruluşuna təhdid olan bütün hallara qarşı amansız olmaq lazımdır. İllərdir bu yolda sözümüzü dedik və mübarizəmizi apardıq, doğru yolu göstərdik. Hətta təhqir, söyüş və hədələrə məruz qaldıq. Lakin bu vəziyyətlə heç vaxt barışmadıq. 

Cəmiyyətdə qorxu və şiddət hissi yaradan qüvvələr zərərsizləşdirilməlidir. İllərlə yığılıb toplanmış problemlərin həlli yolları təxirə salınmadan tapılmalı və çarəsinə baxılmalıdır. Mən isə öz növbəmdə dövlətin yanında ictimai və siyasi fəal olaraq əlimdən gələni etməyə hazıram. Dinin sağlamlaşdırılması və vətəndaşlarımızın məşğulluğunun tam təmin olunması tədbirləri davam etdirilməlidir. Məmur süründürməçiliyinə son qoyulmalıdır ki, düşmən qüvvələr bu boşluqlardan yararlanıb milli təhlükəsizliyimizə qəsd etməsinlər”.

İsmayıl