Ciddi maliyyə tələb edir
Hansısa media orqanının xaricdə müxbir postu açması çətindi
Əfqan Qafarlı: "Çoxlarının nəinki xaricdə, heç Azərbaycanın rayonlarında müxbir saxlamaq imkanı yoxdur”
Dilqəm Əhməd: "Çalışıram ki, Azərbaycan oxucusu üçün maraqlı müsahibələr, reportajlar hazırlayım”
Kənan Rövşənoğlu: "Bu sahədə ixtisaslaşmış, təcrübəli jurnalistlər var, yaxşı reportaj hazırlayırlar”
Elşad Məmmədli: "Kasıb redaksiyaların istəyi olsa da, Avropada, MDB məkanında, Amerikada, Afrikada müxbir saxlaya bilmirlər”
(Əvvəli ötən sayda)
Ölkə mediasının problemlərindən, jurnalistlərin qeyri-peşəkarlığından çox danışılıb. Demək olar ki, medianın müxtəlif sahələri ilə bağlı məsələlər gündəmə gətirilərək müzakirə edilib. Həmçinin, beynəlxalq təcrübəyə malik olan, əcnəbi dilləri yaxşı bilən jurnalistlərin xarici ölkələrin media orqanlarında çalışması da zaman-zaman araşdırılıb, bu istiqamətdə problemlər diqqətə çatdırılıb. Azərbaycan mətbuatında diqqət çəkən mühüm məqamlardan biri də yerli media quruluşlarını təmsil edən junalistlərimizin xarici ölkələrdə fəaliyyəti ilə bağlıdır. Azərbaycanda mövcud olan televiziyaların, agentliklərin, bəzi qəzet və saytların dünyanın müxtəlif ölkələrində büroları, mərkəzləri fəaliyyət göstərir.
Bir sıra mətbuat orqanları isə müxbirlərini fərdi qaydada hansısa ölkəyə ezam edirlər. Xarici ölkələrə ezam olunmuş jurnalistlər həmin dövlətdə baş verən mühüm hadisələri, siyasi və ictimai prosesləri informasiya şəklində yerli media qurumlarına ötürürlər. Bununla yanaşı, konkret vəzifə ilə xarici ölkəyə göndərilən müxbirlər xüsusi reportajlar hazırlayaraq, Azərbaycan oxucularını əcnəbi ölkələrin tarixi, mədəniyyəti və həyat tərzi ilə yaxından tanış edirlər. Bu ənənə xarici ölkələrin media strukturlarında daha geniş yayılıb. Məsələn, qonşu Türkiyə və Rusiyada fəaliyyət göstərən nüfuzlu media orqanları onlarla ölkəyə öz müxbirlərini ezam ediblər. Onların bir çoxu getdikləri ölkələrdə daimi məskunlaşsalar da, digərləri müvəqqəti müddətə ezam olunurlar. Konkret iş üçün xaricə yollanan jurnalistlər vəzifəsini tamamladıqdan sonra Vətənlərinə geri dönürlər. Ancaq Azərbaycan mətbuatında bu sahədə ciddi boşluqlar var. Ölkədə fəaliyyət göstərən çox az sayda media qurumlarının, agentlik və saytların xarici ölkələrdə büroları və ya nümayəndələri çalışır. Ən tanınmış media qurumlarının maksimum iki-üç ölkədə mərkəzləri var. Əksəriyyət mövcud problemi mətbu orqanların maddi durumu ilə izah edirlər. Digərləri isə hesab edirlər ki, ölkəmizdə xarici ölkələrdə çalışmaq bacarığına, təcrübəsinə sahib olan jurnalistlər çox deyil. Bəs ekspertlər məsələni necə dəyərləndirirlər? Jurnalistlərimiz xarici ölkələrdə qaneedici səviyyədə işləyə bilirlərmi, yaxşı reportajlar, lazımlı informasiyalar hazırlayıb təmsil etdikləri media qurumuna göndərirlərmi?
"Modern.az” portalının redaktoru Əfqan Qafarlı deyib ki, indiki dövrdə media qurumlarının xarici ölkələrdə müxbir postu açması ciddi maliyyə tələb edən məsələdir: "Azərbaycan KİV-lərinin əksəriyyəti belə imkana malik deyil. Hazırda bu imkanlar bir neçə böyük agentlikdə və telekanallarda var. Yəni ümumi vəziyyət heç də ürəkaçan deyil. Amma bizim mətbuatın xaricdə nümayəndəliyinin olması vacibdir. Həm müharibə aparan Azərbaycanın gerçəkliklərini ölkə hüdudlarından kənara daşımaq, həm də xaricdən daha dəqiq, operativ informasiya almaq baxımından bu məsələ mühümdür. Təəssüf ki, indi Azərbaycanın aparıcı media orqanları əsasən Bakıda mərkəzləşib. Çoxlarının nəinki xaricdə, heç Azərbaycanın rayonlarında müxbir saxlamaq imkanı yoxdur. Yenə də deyirəm ki, bu məsələ maliyyə qaynağına bağlıdır. Kim istəməz ki, hadisə yerindən birbaşa məlumat almasın?! Əgər belə imkana qadirsənsə, bu həm də media qurumunun özünün peşəkarlığı, nüfuz məsələsidir. Düzdür, xaricdə müxbir saxlamaq məsələsindən danışarkən, peşəkarlıq, dil bilmə amili və digər şərtlər də xüsusi önəm daşıyır. Amma yaxşı maliyyə imkanına maliksənsə, bir neçə xarici dil bilən yaxşı jurnalist də tapmaq olar, ya da belə müxbirlər yetişdirmək mümkündür”. Ə.Qafarlı bildirib ki, bugünkü reallıqda Azərbaycan mediasının problemini həll etmək çətin görünür: "O ki qaldı agentliklərimiz və telekanallarımızın xaricdəki mövcud müxbir postlarının işinə, mən ümumən hamısı haqqında danışa bilmərəm. Çünki çoxlarının işini izləmirəm, ya da səs-küylü materialları olmayıb deyə xəbərim yoxdur. Amma bəzilərinin fəaliyyətindən az-çox xəbərdarıq. Məsələn, APA-nın Türkiyə və Moskva bürolarının, AZƏRTAC-ın Gürcüstan və Rusiyadakı xüsusi müxbirlərinin xəbər istehsalını müşahidə edirik. Bu yaxınlarda fəaliyyəti dayandırılan ANS TV-nin də xaricdən maraqlı reportaj və xəbərləri olurdu. Bununla yanaşı, bir sıra mətbuat orqanları hansısa beynəlxalq təşkilatın, xarici şirkətlərin xətti ilə müxbirlərini fərdi qaydada hansısa ölkəyə ezam edirlər. Belə ezamiyyətlər adətən daha çox bizə qonşu ölkələrə olur, məsələn, Türkiyəyə, Rusiyaya, İrana və s. Fərdi qaydada ezamiyyətə gedib-qayıdan jurnalistlər arasında maraqlı reportaj hazırlayan jurnalistlər az olmayıb. Dəfələrlə "525-ci qəzet”də, "Yeni Müsavat”da,
"Modern.az” saytında belə materialların şahidi olmuşuq. Yəqin ki, media quruluşlarımızın özlərinin maddi imkanları geniş olsa, əməkdaşlarını daha tez-tez və öz hesablarına xaricə göndərməklə oxucunu maraqlı materiallarla təmin edə bilər”.
"Teleqraf.com”un Türkiyə təmsilçisi Dilqəm Əhməd isə bildirib ki, onun izlədiyi agentliklərin müxbirləri xaricdə öz işlərinin öhdəsindən gəlirlər: "Ən azından mən belə düşünürəm. Sadəcə məsələ belədir ki, Avropa ölkəsindəki Azərbaycan mediasına aid bir büro həmin ölkədəki Amerika, Fransa, Rusiya bürolarına uduzmağa məhkumdur. İndiki dövrdə isə insanlar xəbərləri birbaşa beynəlxalq səviyyədə tanınmış agentliklərdən aldıqlarına görə, bizim müxbirlərin göndərmiş olduğu xəbərlər arxa planda qalır. Ona görə də həmin müxbirlər çalışırlar ki, olduqları ölkələrdən Azərbaycan mediası üçün maraqlı reportajlar, müsahibələr hazırlasınlar. Mən özüm də hazırda saytımızın Türkiyə təmsilçisiyəm. Çalışıram ki, Azərbaycan oxucusu üçün maraqlı müsahibələr, reportajlar hazırlayım. Türkiyədə tək olduğum, həm də təhsil aldığım üçün hələ ki istədiyim kimi fəaliyyət göstərə bilmirəm”.
Bir çox xarici ölkələrə ezam olunan, Yaxın Şərq kimi qaynar bölgələrdə reportajlar hazırlayan jurnalist Kənan Rövşənoğlu bu məsələdə iki istiqamətin olduğunu vurğulayıb: "Birinci məsələ jurnalistlərin müxtəlif xarici ölkələrdə akkreditə olunmasıdır. Bu cür media orqanları azdır. Az sayda media orqanının xaricdə təmsilçi saxlamaq imkanı var. Onlar da əsasən rəsmi xəbərlərlə işləyirlər. Ara-sıra hansısa özəl yazılar olur. İkinci qrupa isə xaricə konkret ezam edilərək reportaj hazırlayan jurnalistlər daxildir. Burada da iki yanaşma ortaya çıxır. Redaksiya tərəfindən konkret ölkədə yazı hazırlamaq üçün gedənlərin xərcini media qurumu ödəyir, müxbir gedib yazı hazırlayıb qayıdır. Bir də var, tətil, səyahət, ya da təhsil və hansısa proqramla xaricə gedən jurnalist. Həmin jurnalist proqramdan kənar orada gördüklərindən reportaj hazırlayır. Bütun bunlar daha çox redaksiyaların maddi durumları ilə bağlıdır. Ümumi olaraq, bu sahədə ixtisaslaşmış, təcrübəli jurnalistlər var, yaxşı reportaj hazırlayırlar. Dünyada geniş yayılmış təcrübəyə əsasən, məşhur qəzetlərin xarici regionlarda əməkdaşları var. Onlar öz sahələrində populyarlaşırlar. Məsələn, "İndependent” qezetinin Yaxın Şərq üzrə müxbiri Robert Fisk dünyada çox məşhurdur və onun analizləri yüksək qiymətləndirilir. Azərbaycanda da medianın imkanları yüksəldikcə, bu cür regional yazarların, reportyorların sayı artacaq”.
Tanınmış jurnalist Elşad Məmmədli deyib ki, ölkə mediasının problemlərindən, jurnalistlərin qeyri-peşəkarlığından çox danışmaq olar. Amma baxmaq lazımdır ki, medianın bu problemləri əsasən nə ilə bağlıdır? Jurnalistə görə, mətbuat orqanlarının maddi durumunun zəif olması burada ən əsas rolu oynayır: "Reklam bazarı zəifdir, çünki iqtisadi mühitdə sağlam rəqabət yoxdur, bu səbəbdən monopolist şirkətlər mətbuata reklam verməkdə maraqlı deyillər. Qeyri-peşəkarlıq məsələsinə gəlincə, jurnalistikada gəlirlərin az olması savadlı kadrları bu sahədən uzaqlaşdırır. Onların yerini isə savadlı olmayan, bəzən heç yerdə iş tapmayan, saytlarda çox az gəlirlə baş girləyən kadrlar tutur. Ümumiyyətlə, jurnalistika bir istedad məsələsidir, jurnalistika fakültəsini bitirməklə heç də bütün tələbələr jurnalist kimi yetişə bilmir. Parlaq jurnalistlərin əksəriyyəti jurnalistika fakültəsini bitirməyən istedadlı, yaradıcı şəxslərdir. Xaricdə təmsilçiliyə gəlincə, əsasən dövlət qəzetlərinin, agentliklərinin xaricdə təmsilçiləri, xüsusi müxbirləri olur. Çünki bu, həm də maddi durumla bağlıdır. Kasıb redaksiyaların istəyi olsa da, Avropada, MDB məkanında, Amerikada, Afrikada müxbir saxlaya bilmirlər”.
E.Məmmədlinin sözlərinə görə, xaricdə təmsilçiliyi olan telekanallar, agentliklər yalnız rəsmi xəbərləri və bir də hansısa beynəlxalq toplantıları işıqlandırmaqla kifayətlənirlər: "Çünki onların üzərində qoyulan missiya odur. Təbii ki, həmin media orqanlarının rəhbərlərinin siyasətinə uyğun gəlsə, xaricdəki təmsilçiləri yaxşı reportajlar hazırlaya, operativ informasiyalar verə bilərlər. Hər halda, bunu həyata keçirmək o qədər də çətin deyil. Yetər ki, istək olsun və media orqanının siyasətinə uyğun gəlsin. Bir məqamı da vurğulayım, ötən illərdə "Yeni Müsavat” qəzetinin bir neçə əməkdaşı Avropa ölkələrinə köçüblər. İndi onların bəziləri hərdən redaksiyaya informasiyalar yollayır. Xüsusən Elbəyi Həsənli reportajlar, maraqlı araşdırmalar hazırlayır və biz onları dərc edirik”.
(Davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb