Ciddi qüsur və problemlər mövcuddur

“Məktəbdaxili qiymətləndirmə tam şəkildə şagirdlərin bilik və bacarıqlarının ortaya çıxarılmasına xidmət etmir"



Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə məktəbdaxili qiymətləndirmə ilə bağlı xeyli işlərin görülməli olduğunu bildirib. Onun sözlərinə görə, qiymətləndirməyə ciddi elmi-metodiki prinsiplərə əsaslanan, özünəməxsus standartları, formaları, üsulları, vasitələri və bunların reallaşdırılmasına aid prosedurları olan bir sistem kimi yanaşmaq lazımdır:

"Nəzərə alınmalıdır ki, qiymətləndirmə standartı təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Odur ki, yeni təhsil proqramları (kurikulum) əsasında məktəb dərsliklərini və metodiki vəsaitləri hazırlayan mütəxəssislər bu kimi məsələlərin həlli üzərində çox ciddi işləməlidirlər. Təhsil sahəsində həyata keçirilən islahatlar biliyin qiymətləndirilməsi sistemi qarşısında yeni tələblər qoyur".

Qiymətləndirmə meyarları ilə bağlı "Şərq"ə danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, 2008-2009-cu tədris ilindən etibarən məktəbdaxili qiymətləndirmə milli kurikulumun məzmun standartlarına əsaslanır, şagird nailiyyətləri və irəliləyişlərinin monitorinqinə, şagirdin fəaliyyətinin təhsil standartlarına uyğunluğunun müəyyənləşdirilməsinə və ümumtəhsil pillələri üzrə buraxılış imtahanlarının aparılmasına xidmət edir:

 "Şagird nailiyyətlərinin qiymətləndirilməsi standartları gözlənilməklə tədrisin təkmilləşdirilməsi üçün qarşıya məqsədlər qoyur, onlara nailolma istiqamətində əldə edilən irəliləyişləri qiymətləndirir, məktəblərin, qrupların və fərdlərin fəaliyyətlərinin monitorinqini həyata keçirərək nəticələr arasında müqayisələr aparır. Amma hazırda Diaqnostik, Formativ, Summativ növlər üzrə həyata keçirilən məktəbdaxili qiymətləndirmə tam şəkildə şagirdlərin bilik və bacarıqlarının ortaya çıxarılmasına xidmət etmir".

Ekspertin sözlərinə görə, məktəbdaxili qiymətləndirmə ilə bağlı ciddi qüsur və problemlər var: 

"Bunu DİM-in keçirdiyi IX siniflərin buraxılış imtahanlarının nəticələrinə əsasən deyə bilərik. 

Hesab edirəm ki, şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsi, təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsi, şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsi hazırda 4472 orta məktəbimizdə dövlətin tələb etdiyi standartlara uyğun olaraq həyata keçirilmir. Ona görə də yeni qiymətləndirmə üsul və formaları tətbiq edilməlidir. 

Əsasən ilk həyata keçirilməli olan dəyişiklik məktəbdaxili qiymətləndirmənin nəticəsi olaraq şagird biliyinin "5" ballıq şkala ilə də qiymətləndirilməsi tətbiq edilməlidir. Etiraf edək ki, uzun müddət qiymətləndirmə şagirdə qiymət yazmaq kimi qəbul olunurdu, şagird yalnız qiymət almaq xatirinə oxuyurdu. Məncə, qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilməli və onu idarə edən vacib amil kimi meydana çıxmalıdır. 

Düşünürəm ki, yeni məktəbdaxili qiymətləndirmə zamanı şagirdlərin təkcə biliklərini yox, eyni zamanda bacarıqlarını da qiymətləndirmək və qiymətləndirmə zamanı fərdi yanaşma tətbiq etmək lazımdır. Təəssüf ki, orta məktəblərdə çalışan 151 min müəllimimizin məktəbdaxili qiymətləndirmə ilə bağlı fəaliyyəti aşağıdır. İlk növbədə Təhsil Nazirliyi müəllimlərin peşəkarlıq səviyyəsinin, qiymətləndirmə bacarıqlarının yüksəldilməsi itiqamətində ciddi iş görməlidir".

Yeganə Bayramova