Rəsmi Bakı danışıqlar prosesində öz mövqeyini sərtləşdirməlidir
Xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların fəaliyyətinin davam etdiyini deyib.
Müəyyən müddət komissiyaların iclaslarının keçirilməsində fasilə yarandığını vurğulayan nazir müavini bu gecikməni Gürcüstan tərəfində nazir müavinlərinin tez-tez dəyişməsi ilə əlaqələndirib:
"Həmkarım tez-tez dəyişirdi. Artıq yeni nazir müavini təyin olunub. Bu məsələ artıq ona həvalə olunub. Düşünürəm ki, yeni ildən başlayaraq biz işçi səviyyəsində məsləhətləşmələrin, sonra işçi qruplarının görüşünün, daha sonra isə 2019-cu ilin ilk rübündə komissiyanın növbəti iclasının keçirilməsinə nail ola bilərik. Düşünürəm ki, məsələnin dinamikasını artırmalıyıq. Bu, hər iki dövlət üçün vacib məsələdir. Çünki delimitasiya tezliklə başa çatmalıdır. Komissiyalar 1996-cı ildən fəaliyyət göstərir. Bu dövr ərzində sərhəd xəttinin üçdə iki hissəsi demək olar ki, komissiyalar səviyyəsində razılaşdırılıb, protokollaşdırılıb. Üçdə bir hissəsi ilə bağlı işlər isə davam etdirilməlidir”.
Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyasının bu qədər ləngiməsinin səbəblərinə gəldikdə isə Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, "Atlas” Araşdırmalar Mərkəzinin sədri, Elxan Şahinoğlu bu sualın cavabının onun üçün də maraqlı olduğunu deyib: "Azərbaycan və Gürcüstan strateji tərəfdaşdılar, tərəflər arasında siyasi-iqtisadi-hərbi əməkdaşlıq yüksək səviyyədədir. Dövlətlər arasındakı münasibətdə bir problem yoxdursa, onda niyə bu illər ərzində delimitasiya məsələsi bu qədər uzanır? Gürcüstan tərəfinin iddiaları nədir? Hesab edirəm ki, sərhədlərin ayrılması məsələsinin bu qədər uzanması düzgün deyil. Rəsmi Bakı danışıqlar prosesində öz mövqeyini sərtləşdirməlidir.
Məndə olan məlumata görə, delimitasiyanın ləngiməsi Gürcüstanın David Qareci kilsəsinin (Keşişçidağ) Azərbaycan ərazisinə düşməsi iddiası ilə bağlıdır.
Əgər bu kimi mübahisəli məsələləri digər dövlətlərlə həll ediriksə, Gürcüstanla niyə razılaşma olmasın? Fikrimcə, növbəti ildən bu istiqamətdəki danışıqlar prosesini intensivləşdirib, məsələni həll etmək lazımdır. Əks halda kənardan elə təəssürat yaranır ki, Azərbaycanla Gürcüstan yalnız sözdə müttəfiqdir, əməldə yox. Bu kimi söz-söhbətlərə yol açmamaq üçün Azərbaycan ortaya ciddi mövqe və konkret vaxt limiti qoymalıdır ki, filan vaxta qədər sərhədlərin delimitasiya məsələsi birdəfəlik həll olunmalıdır. Bu da Xəzərin status məsələsi deyil ki, onilliklərlə uzansın”.
Şəymən