DİQQƏT!... Vaksinlərin əleyhinə şayiə gəzir, inanmayın " - Peyvənd çox vacibdir"

"Qızılca epidemiyasına qarşı uşaqlara xüsusi vaksinlər vurulmalıdır”.
Bunu "Sherg.az”a qızılca epidemiyasına qarşı görülməli tədbirlərdən danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. 
O vurğulayıb ki, bu xəstəliyi keçirən şəxsdə ömürlük immunitet yaranır:
"Peyvənd vurulmasından sonra isə həmin virusa yoluxma riski sıfıra enir. Buna görə, vaksinasiya çox önəmlidir. Vaksinasiya nəticəsində "təbii çiçək” xəstəliyi dünyada 4 karantin infeksiyadan biri kimi sıradan çıxıb. Yaşlı və orta nəslin nümayəndələrində diqqət etdikdə, qol nahiyəsində kiçik çapıq görərik. Bu həmin xəstəliyə qarşı edilən peyvəndin immunizasiya yeridir. Sıradan çıxan "təbii çiçəy”i qrip əvəz edir. Yenə də 4 karantin infeksiya qalır: taun, vəba sarı qızdırma, qrip.
Bu gün Azərbaycanda peyvəndlər poliklinika şəraitində uşaqlara həyata keçirilir. Amma valideynlər arasında vaksinlərin əleyhinə şayiələr gəzir. Qətiyyən bu fikirlərə inanmaq lazım deyil. Müəyyən problemli uşaqlarla bağlı həkimlə məsləhətləşib, peyvənd olunmalıdır. Peyvənd çox vacibdir. Bu cür epidemiyalara qarşı qorunmağımıza birbaşa kömək edir”.
Qeyd edək ki, ümumdünya səhiyyə təşkilatı qızılcadan ildə ortalama 150 min insan vəfat etdiyini bildirir. Məlumata görə, qızılca xəstəliyinə tutulmuş beş yaşına qədər hər 10 uşaqdan biri dünyasını dəyişir.
Aysel Aslan