“Doing Business” hesabatında daha da irəli gedəcəyik" - Ekspert

Azərbaycan Dünya Bankının "Doing Business" reytinqində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Belə ki, ölkəmiz "Doing Business-2019" reytinqində 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Azərbaycan 2017-2018-ci illərdə biznesin həyata keçirilməsi prosesinin sadələşdirilməsinə yönəlmiş rekord sayda islahatlar keçirib. Bu islahatlardan bəziləri institusional dəyişiklikləri ehtiva edir.
Azərbaycan tikinti icazəsinin verilməsi üçün "bir pəncərə” sistemini yaradıb ki, bunun sayəsində icazənin alınma müddəti 80 günədək azalıb. Bundan başqa, ilk kredit bürosu yaradılmaqla kreditlərin alınması sadələşdirilib. Bundan başqa, hesabatda bildirilir ki, Azərbaycanda "ASAN Kommunal” mərkəzləri sayəsində elektrik şəbəkələrinə qoşulma prosesi asanlaşdırılıb. Qeyd edək ki, "Doing Business-2018" reytinqində Azərbaycan 57-ci yerdə qərarlaşmışdı.
Hesabata mübasibət bildirən iqtisadçı -ekspert Pərviz Heydərov "Sherg.az”a söyləyib ki, Dünya Bankı tərəfindən hazırlanan "Doing Business – 2019” reytinq cədvəlində Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 57-ci yerdən 25-ə yüksəlməsi qeyri-adi nəticədir:
""Doing Business 2018” hesabatında Azərbaycanın 1 il əvvəllə müqayisədə 8 pillə irəliləyərək, 190 ölkə arasında 57-ci yerə yüksəlməşdi və bunu, mühüm hadisə olaraq dəyərləndirmişdim. Xatırladıram ki, keçən ilki hesabatda ölkəmizin mövqeyi 10 indikatordan 6-sı üzrə yaxşılaşmış, elektrik enerjisinə əlçatanlığa görə 3 pillə, daşınmaz əmlakın qeydiyyatı üzrə 1 pillə, kiçik sərmayəçilərin hüquqlarının qorunması üzrə 22 pillə, vergilərin ödənməsinə görə 5 pillə, müqavilələrin icrasına 6 pillə və müflisləşmənin həllinə görə 39 pillə irəliləyib.
Sözügedən hesabat Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2003-cü ildən başlayaraq, hər il hazırlanır. Və burada ölkələr üzrə biznesin tətbiqi sahəsində bir sıra göstəricilər baxımdan əlverişlilik səviyyəsi nəzərdən keçirilməklə, mövcud vəziyyət qiymətləndirilir. Həmin göstəricilərə isə müəssisələrin qeydiyyatı, tikintiyə icazənin alınması, elektrik enerjisinə qoşulma, mülkiyyətin qeydiyyatı, kreditləşdirmə, sərmayənin qorunması, vergiyığımı, xarici ticarət, müqavilələrin icrasına təminat, həmçinin iflas kimi məsələlər daxildir.
Düzdür, bu ilki hesabatda bir çox ölkələr üzrə müsbət rəy söylənilmiş və islahat aparan ölkələrin sayı çox göstərilmişdir. Qeyd olunub ki, Avropa və Mərkəzi Asiya regionunun ölkələri yerli kiçik və orta müəssisələr üzrə işgüzar fəaliyyətlərin həyata keçirilmə imkanlarını yaxşılaşdırmaları üçün islahatları sürətləndiriblər.
Azərbaycan rekord sayda, 8 islahat həyata keçirib. Bu, bütün ölkələr arasında ən yüksək göstərici sayılır. Müqayisə üçün qeyd edim ki, Gürcüstanda 3 islahat aparılıb. Yeni biznesə başlamaq və müqavilələrin hüquqi tətbiqi asanlaşdırılıb. Əvəzində isə əlavə dəyər vergisinin ödənilməsi daha da çətinləşib.
Hesabata əsasən, ölkəmizdə elektrik şəbəkəsinə qoşulma işləri daha asanlaşmış və ucuzlaşmışdır. Belə ki, müəssisənin şəbəkəyə qoşulması üçün tələb olunan müddət 56 gündən 41 günə enib. Eyni zamanda şəbəkə infrastrukturuna investisiyalar həyata keçirilmiş və milli enerji tənzimləyicisi yaradılıb.
Tikinti icazələrinin alınması asanlaşdırılıb. Səhmdarların hüquqlarının və ciddi korporativ qərarların qəbulunda rolunun gücləndirilməsi, sahiblik və nəzarət strukturlarının aydınlaşdırılması və daha böyük korporativ şəffaflığın tələb edilməsi ilə minoritar səhmdarların hüquqları gücləndirilib".
Ekspert xatırladıb ki, "Doing Business 2016”-ya əsasən, ölkəmiz 100 mümkün xaldan 67,8-ni toplayaraq, 63-cü yeri tutub:
"Bundan 1 il sonrakı hesabatda isə 65-ci pillədə qərarlaşıb. Yəni, 2 pillə geriləyib. Bununla belə, o da çox yaxşı göstərici idi. Yeri gəlmişkən, 2015-ci ildə 80-ci, 2014-ci ildə isə 70-ci yerdə idik.
Yeri gəlmişkən, ölkəmizdə sahibkarlığın daha geniş şəkildə dəstəklənməsi siyasətinə böyük miqyasda 2015-ci ildən başlanıldı. Bu siyasət əvvəl də mövcud idi, lakin sahibkarlar üçün daha geniş imkanların yaradılması, onların qarşısında mövcud olan hər cür məhdudiyyətlərin aradan qaldırılması və sair kimi addımlar məhz qeyd olunan ildən atılır.
Ümumiyyətlə, istər Dünya İqtisadi Forumunun, istərsə də "Doing Business” kimi beynəlxalq hesabatların hazırlanması zamanı nəzərdən keçirilən göstəricilərdə irəliləmək üçün biznes mühiti durmadan yaxşılaşdırılması, mövcud qanunların təkmilləşdirilməsi, tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli istiqamətində fasiləsiz olaraq islahatların aparılması, Azərbaycan hökuməti tərəfindən müvafiq kursa çevrilib.
Rəqabətin təşkili, iqtisadiyyatın şaxələndirilməsinin dərinləşdirilməsi, insan kapitalının yaxşılaşdırılması və yeni iqtisadi artım mənbələrinin yaradılması kimi tədbirlər məhz sahibkarlıq fəaliyyətini genişləndirməkdən və bunun üçün zəruri olan şəraiti inkişaf etdirməkdən ibarətdir. Bu sahədə nəticələr əldə olunduqca isə, "Doing Business” hesabatında daha da irəli gedəcəyik".
Ayyət Əhməd