Dövlət vəsaitinə qənaət olacaq

Oxşar funksiyalı qurumların birləşdirilməsi islahatların tərkib hissəsidir




Ölkə Prezidenti İlham Əliyev Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni struktur dəyişikliyi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, Dövlət Dəniz Agentliyi və Dövlət Mülki Aviasiya Agentliyi Ramin Quluzadənin rəhbərlik etdiyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibinə daxil edilib.

Qeyd edək ki, bundan əvvəl ləğv edilmiş Nəqliyyat Nazirliyi də R.Quluzadənin rəhbərlik etdiyi quruma birləşdirilmişdi.

"Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında struktur dəyişikliklərinin zəruri olduğunu deyib. 

Onun sözlərinə görə, Dövlət Dəniz Agentliyi və Dövlət Mülki Aviasiya Agentliyinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi hər şeydən əvvəl nazirliyin profilinə uyğun olan bir məsələdir: 

"Bir çox qurumların ləğv edilərək başqa quruma birləşdirilməsi çox vacib məsələdir. Bu, eyni zamanda aparılan islahatların məqsədi ilə bağlıdır. Şübhəsiz ki, islahatlar da müxtəlif dövlət orqanlarının səmərəliliyinin artırılması və idarəetmənin optimallaşmasına gətirib çıxardır. Bu baxımdan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında agentliklər yaradılır, idarəetmə optimallaşdırılır və vahid bir siyasət həyata keçirilməyə başlayır. Əks halda hər bir qurumun ayrılıqda müstəqil qalması bütövlükdə nəqliyyatla bağlı fərqli siyasətlərin həyata keçirilməsinə, qurumlar arasında ziddiyətlərin yaranmasına, bəzi hallarda isə fəaliyyətlərində paralelliyə imkan yaradar. Bu həm dövlət vəsaitlərinə qənaət olunmasına mane olar, yəni əlavə xərclər yaradardı. Paralellik həm fərqli siyasətlərin aparılmasına, həm də bütövlükdə idarəetmənin qeyri-səmərəli olmasına imkan yaradır”.

Mühüm məsələlərdən biri kimi ölkəmizin logistika mərkəzinə çevrilməsini qeyd edən Ə.Nuriyevin fikrincə, bir neçə qurumun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olması vacib məsələdir. Bu, vahid siyasətin müəyyənləşdirilməsi, tənzimləmə prosesində ziddiyətlərin aradan qaldırılması və idarəetmənin optimallaşmasına gətirib çıxardır:

"Qurumların birləşməsi şübhəsiz ki, həm də vəsaitlərin qənaət edilməsinə gətirib çıxaracaq. Ola bilsin ki, bu birləşdirmə ilk baxışdan nəhəng görünür, amma qurumlar funksiyalar baxımından oxşardır. Ona görə də müxtəlif qurumlarda eyni funksiyaların olması idarəetmədə xaosa gətirib çıxara bilir. Halbuki biz logistik mərkəzə çevrilmək istəyirik. Aparılan islahatlar nəticəsində buna nail olmalıyıq və strateji yol xəritələrinin qəbul edilməsi, bu istiqamətdə mühüm məqamların qeyd edilməsi bütövlükdə belə struktur dəyişikliklərini zəruri edir”.

Yeganə Bayramova