Əmək birjaları nədir və Azərbaycanda niyə yaradılmır ? - İmkan var, istək yox - OXUYUN !

"Onlarla belə şirkət yaranarsa, əhali arasında seçim imkanları yaranır. Bu tip şirkətlərlə müqavilə bağlayan insanlar həm sosial müdafiəsini təmin edir, həm də iş yerində yaranacaq problemlərlə bağlı hüquqi yardım alır



"Dünya praktikasında əmək birjaları təcrübəsi mövcuddur. Bu birjalar müraciət edən insanların şəxsi menecerinə çevrilir və onları həmişə işlə təmin etmək üçün çalışır”.

Bunu "Sherg.az”a iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, işlədiyi müddətdə vətəndaşlar da həmin firmalara müəyyən haqq ödəyir:

"İş axtardıqda isə şirkət həmin işçilərə yardım edir. Bu, sırf kommersiya əsasında fəaliyyət göstərir və dövlətin müdaxiləsi olmur. Onlarla belə şirkət yaranarsa, əhali arasında seçim imkanları yaranır. Bu tip şirkətlərlə müqavilə bağlayan insanlar həm sosial müdafiəsini təmin edir, həm də iş yerində yaranacaq problemlərlə bağlı hüquqi yardım alır.

Azərbaycanda yalnız xarici neft şirkətləri ilə bağlı belə praktika mövcuddur. İnsan resursları ilə bağlı bir neçə şirkət var ki, xarici şirkətlərin qollarıdır. Onlar neft layihələrində mütəxəssislərlə bağlı müraciətlərə cavab verirlər. Əmək müqavilələri ilə, müəyyən paya sahib olmaqla bu şirkətlər vətəndaşları işə düzəldir. Burada yüksək maaşlı və yüksək dərəcəsi olan insanlardan söhbət gedir. Qalan sahələrdə isə boşluq var".

Azərbaycanda xaotik vəziyyətin yarandığını söyləyən ekspert vurğulayıb ki, hətta 21-ci əsrdə yaşamağımıza baxmayaraq, utanverici "qul bazarları” belə mövcuddur: 

"Sivil qaydalar olmadıqda belə formalar yaranır. Əslində isə çox asanlıqla normal sistem gətirilə bilər. Sadəcə dövlət burada birbaşa iştirakçı deyil, nəzarətçi ola bilər. Birbaşa dövlət özü məşğul olsa, növbəti uğursuzluq yaşana bilər. Çünki belə işlərdə dövlət çox pis menecerdir. Belə şirkətlərə vergi güzəştləri, hər hansı formada uzunmüddətli güzəştlər həyata keçirməklə belə əmək birjalarının yaranmasına şərait yarana bilər. Bununla da ən azı əmək haqqı müqaviləsi ilə çalışan insanlar artar. Nəticədə dövlətin özünə də xeyirdir. Çünki nə qədər çox rəsmi müqavilə ilə işçilər çalışacaqsa, sosial müdafiəyə o qədər çox gəlir qalacaq.

Bütün bunları həyata keçirmək üçün ciddi proqram lazımdır ki, qarşıya məqsədlər qoyulsun. Bu layihənin həyata keçirilməsi üçün uzun müddət də lazım deyil. Pilot layihə kimi 1 il müddətində bölgələrdə sınaqdan keçirib, sonra paytaxtda həyata keçirmək olar.

Amma görünən odur ki, dövlət bu işi də uzun müddət nəzarətdə saxlamağa çalışır. Çünki Sosial Müdafiə Fondu ilə bağlı qanunda dəyişiklik, özəl fondların yaradılmasına icazə olsa da, 11 ildir ki, bir dənə də özəl fond yaranmayıb. Lakin özəl fondların yaradılması dövlətin də çiynində olan yükü azalda bilər. Dövlətin təqaüd yükünün bir hissəsini özəl fondlar üzərinə götürə bilər ki, bu da dövlətə böyük xeyirdir. Lakin nədənsə dövlət bu sahədə də nəzarəti öz əlində saxlamağa çalışır”.

Qeyd edək ki, əksər Avropa ölkəsində yaradılmış əmək birjaları az qala bütün özəl və dövlət müəssisələrini işçi ilə təmin edir. Belə ki, insanlar həmin qurumlara bacardıqları peşələrlə bağlı işlə təmin edilmələri məqsədilə müraciət edirlər və bu qurumla əmək müqaviləsi bağlanır. İşçi hansısa müəssisədə işlə təmin oldunduqda sonra aylıq gəlirinə uyğun olaraq vergi ödəyirlər. İşdən azad olunduqda isə birja onları növbəti iş tapılana qədər orta aylıq əmək haqqı ilə təmin edir. Əmək birjalarının üstünlüyü ondadır ki, həm işçi ilə əmək müqaviləsi bağlayır, həm də peşəkar işçilər cəlb edir.

Ayyət Əhməd