Ərəblər Bakıda gecəsi 20-30 dollara otellər açmaq istəyir






"Müasir turist bir gecə yatdığı yerə, sadəcə 24 saatlıq zaman keçirdiyi məkana yüzlərlə dollar xərcləmək istəmir. Turist pulunu və vaxtını daha çox əylənməyə, tarixi yerləri gəzməyə, müəyyən məlumatlar toplamağa sərf etmək istəyir”

"Dünyanın XXI əsr turist profili çox dəyişib”

Ərəb investorlar Azərbaycanda otel biznesinə, xüsusilə "ekonom” seqmentində otellərə maraq göstərir. Bunu Azərbaycan Otellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyib. Sədrin sözlərinə görə, hələlik Azərbaycanda otellərin satın alınması barədə faktlara rast gəlinməsə də, ərəblərin bu sahəyə marağı böyükdür:

"Ötən il Səudiyyə Ərəbistanından investorlar bizə müraciət ediblər. Onlar "ekonom” kateqoriyalı, əsasən iki və üçulduzlu otellərlə maraqlanıblar. Amma bizə məlum olmayan səbəblərdən razılıq əldə olunmayıb”. Ekspertlər ərəb investorların ölkəmizə, xüsusən turizm sahəsinə investisiya qoymasını müsbət dəyərləndirirlər. Onların fikrincə, "ekonom” seqmentin canlanması bir çox sahələrin inkişafına da təkan verəcək.

Məsələ ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, ötən 10 il ərzində ancaq lüks seqmentə daxil olan otel tikintiləri sahəsində irəliləyiş olub. Onun sözlərinə görə, bu müddət ərzində olduqca bahalı və beşulduzlu otellər şəbəkəsinin inşasına diqqət yetirilib:

"Əsasən paytaxt Bakıda və bəzi regionlarda çox bahalı otellər tikilib. Amma dünyanın XXI əsr turist profili çox dəyişib. Müasir turist bir gecə yatdığı yerə, sadəcə 24 saatlıq zaman keçirdiyi məkana yüzlərlə dollar xərcləmək istəmir. Turist pulunu və vaxtını daha çox əylənməyə, tarixi yerləri gəzməyə, müəyyən məlumatlar toplamağa sərf etmək istəyir. Lakin Azərbaycanda bu seqmentdə ciddi boşluq var. Hostellərin sayı kifayət qədər aşağıdır. Qonşu Gürcüstan ərazisində minə yaxın hostel fəaliyyət göstərdiyi halda, Azərbaycanda onların sayı barmaqla sayılacaq qədərdir. İki və ya üçulduzlu otellərin də sayı çox azdır. Bu da müştərilərə keyfiyyətli, amma ucuz xidmət göstərməyə imkan vermir”.

İqtisadçının fikrincə, ərəb investorların sırf bu seqmentə maraq göstərməsi olduqca faydalıdır və eyni zamanda bir fürsətdir:

 "Bununla Azərbaycana əlavə valyuta gələcək, turizm sahəsinə investisiyalar qoyulacaq, yeni iş yerləri yaranacaq. Eyni zamanda ölkəmizə gələn turistlərin sayı çoxalacaq. Həmçinin, bu sahədə fəaliyyət göstərən şirkətlər arasında rəqabət mühiti formalaşacaq. Sadəcə, onların Azərbaycanda işləməsinə normal şərait yaratmaq lazımdır. Ərəb turistlərin "ekonom” seqmentə maraq göstərməsi əsasən gənc və azbüdcəli turist profilinə hesablanıb. Məlumdur ki, bir gecəlik qalmaq üçün 20-30 və ya 40 dollara qədər vəsait ödəməyə hazır olan kifayət qədər böyük sayda potensial ərəb turistlər var. Əsasən İraq ölkəsindən gələn turistlər çoxluq təşkil edir. Onlar da bir gecəyə 150-250 dollar pul ödəmək istəmirlər”.

İsmayıl