Ermənistan yeni siyasi böhranın astanasındadır

“Paşinyanın əsas hədəfi ölkədə 20 il ərzində hakimiyyətdə qalmış Qarabağ klanını tamamilə sıradan çıxarmaqdır”



"Koçaryanın növbəti dəfə hakimiyyətə gəlmək cəhdi, Kremlin dəstəyi ilə əks-inqilaba çalışması onun həbsi ilə yekunlaşa bilər”

Ermənistanın baş naziri Nikol Paşinyan 4 aya yaxındır iqtidarda olsa da, onun hakimiyyəti hələ legitimləşməyib. Bunun üçün ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi labüddür. İndiki parlamentdə çoxluq eks-prezident Serj Sarkisyanın partiyasına məxsusdur. Paşinyan isə cəmi yeddi deputatla təmsil olunur. Ona görə də deputatların sayını artırmaqla yeni hökumət formalaşdırmağa çalışır.

Ancaq Paşinyan qorxur ki, seçkiyə qədər istefaya məcbur edilərsə, parlament özünü buraxmanı təxirə sala bilər. Bu səbəbdən erkən seçkiyə qədər hakimiyyətini qorumaq istəyir. Lakin Ermənistanda hökm sürən qeyri-müəyyənliyin uzun müddət davam etməsi mümkünsüzdür. Ən qısa zamanda növbədənkənar parlament seçkisinin keçiriləcəyi qaçılmazdır. Əgər Paşinyan və tərəfdarları seçkidə qalib gələrsə, Qarabağ klanının 20 illik hakimiyyətinə birdəfəlik son qoyula bilər. İş orasındadır ki, sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyan Ermənistanı uzun illər birgə idarə ediblər. Hazırda dövlət və hökumət strukturlarında onlara sadiq olan məmurlar yenidən revanş götürmək üçün şans gözləyirlər. Analitiklərə görə, köhnə komandanın yolunu açan məqamlar Paşinyanın naşı siyasətçi olması, acınacaqlı vəziyyətdən çıxmaması və ölkənin siyasi xəttini müəyyənləşdirə bilməməsidir. Paşinyan bir yandan Rusiya prezidenti ilə üç dəfə telefon danışığı aparmasından və görüşlərindən fəxrlə söz edir. Digər tərəfdən isə Brüsseldə olarkən ölkəsinin Avropa istiqamətinə inteqrasiyasından ağız dolusu danışır. Köhnə komanda bunları əsas gətirərək başını itirmiş Paşinyanın əvəzlənməsinin zəruri olduğunu erməni ictimaiyyətinə sübut etməyə çalışırlar.

Düşmən ölkədəki qeyri-müəyyənliyi "Şərq”ə dəyərləndirən Sülh və Münaqişələrin Həlli Mərkəzinin Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanda "məxməri inqilabla” hakimiyyətə gələn Nikol Paşinyanın əsas hədəfi ölkədə 20 il ərzində hakimiyyətdə qalmış Qarabağ klanını tamamilə sıradan çıxarmaqdır. Klanın rəhbəri Robert Koçaryanın hədəf seçilməsi, onun 1 mart 2008-ci il hadisələrinə görə cinayət məsuliyyətinə cəlb olunması məhz aparılan planın tərkib hissəsidir: 

"Robert Koçaryan Kremlin yaxın adamı olmaqla bərabər geniş resurslara malikdir. Rusiya məhz Koçaryan vasitəsi ilə Ermənistanda əks-inqilab edə bilər. Sabiq prezident Rusiyanın təzyiqi ilə həbsdən buraxıldı. Həmçinin, məhkəmə və digər strukturlarda Qarabağ klanının özünə yer etməsi Koçaryanın azad olunmasında mühüm rol oynadı. Hazırda iki klan arasında mübarizə şiddətlənir. Koçaryan Ermənistan daxilində və Qarabağ hərbiçiləri arasında ətrafını möhkəmləndirməyə çalışır. Ən əsası isə növbəti seçkilərə hazırlıq görür”.

Siyasi şərhçinin sözlərinə görə, Koçaryanın xalqın dəstəyini alması qeyri-mümkündür: 

"Koçaryanın növbəti dəfə hakimiyyətə gəlmək cəhdi, Kremlin dəstəyi ilə əks-inqilaba çalışması onun həbsi ilə yekunlaşa bilər. Bir sözlə, Ermənistan hazırda post-Qarabağ klanı dövrünə qədəm qoyub. Artıq Koçaryan-Sarkisyan tandemi Ermənistan cəmiyyəti üçün qəbuledilməz bir siyasi xətdir”.

İsmayıl