“Sarkisyan və onun Qarabağ klanına olan nifrət artır”
Son günlər işğalçı ölkə Ermənistanda hakimiyyət əleyhinə kütləvi etirazlara hazırlıq görülür. Artıq ölkədəki durumla bağlı müxalifət düşərgəsi ilə yanaşı, millət vəkilləri də həyəcan təbili çalaraq insanları küçəyə çıxmağa çağırırlar. Ermənistan paytaxtında marşrut və taksi sürücüləri də tətil elan edirlər. Sözsüz ki, hakimiyyət vəziyyətin və mümkün radikal proseslərin fərqindədir.
Prezident Serj Sarkisyanın yanvarın 10-da hökumətin təcili müşavirəsini çağırması da müstəsna olaraq bu hadisələrlə bağlı idi. Ancaq görünən odur ki, toplantıda çıxış yolu tapılmayıb. Bu səbəbdən erməni politoloqlar yaxın günlərdə Ermənistanda üsyan olacağını iddia edirlər. Durumun həssaslığı həmçinin onunla bağlıdır ki, Sarkisyan ay yarım sonra prezidentlikdən baş nazirliyə sıçrayış etməyi hədəfləyib. İndiki halda Sarkisyanın israrla baş nazir postunu tutması yanan ocağa benzin tökmək effekti verəcək və xalqın qəzəbini bir az da artıracaq. Onu da xatırladaq ki, bu günlərdə Avropadakı erməni diasporunun liderlərindən olan Aşot Qriqoryan Sarkisyanı hakimiyyətdən və xalqa qarşı zorakılıqlardan çəkinməyə çağırıb.
Düşmən ölkədəki gərgin durumu dəyərləndirən siyasi ekspert Qabil Hüseynli bildirib ki, Ermənistanda mövcud olan ağır vəziyyət daha da dərinləşəcək. Onun sözlərinə görə, Ermənistanda inflyasiya iki rəqəmlə ifadə olunmağa başlayıb:
"Bu fonda qiymətlərin sürətlə artması müşahidə olunur. Əmək haqqı isə illərdir artmır. Belə ağır vəziyyətdə ölkədə mühacirət prosesi sürətlənib. Məhz erməni politoloqlar bunu nəzərdə tutaraq ölkədə sosial ziddiyətlərin kəskinləşməsi, əhalinin qiyama, sosial etirazlara qalxmasını proqnozlaşdırırlar. Hesab edirəm ki, belə halların baş verməsi labüddür”.
Politoloq bildirib ki, bunlarla yanaşı, ölkənin siyasi həyatında qütbləşmə də müşahiə olunur:
"Sarkisyan heç bir vəchlə hakimiyyətdən getmək istəmir, baş nazir vəzifəsini özündə saxlamağa çalışır. Amma Sarkisyan erasının bitdiyini hamı söyləyir. Moskva ondan əlini çəkib. Eyni zamanda Moskva ilə İrəvan arasında əlaqələr əvvəlki kimi xoş deyil. Belə şəraitdə Sarkisyan komandasının gedəcəyi, əvəzində Karapetyanın gələcəyini söyləyənlər daha çoxdur”.
Q.Hüseynlinin sözlərinə görə, Sarkisyanın hakimiyyətdə qalmaq sevdası ölkəni fəlakətə aparacaq:
"Sarkisyanın sona qədər siyasi mübarizəsini davam etdirmək istəməsi gərginliyi artırır. Sarkisyan və onun Qarabağ klanına olan nifrət durmadan artır. Narazılıq ölkədə ciddi gərginliyə, qarşıdurmalara, hətta ola bilsin ki, geniş sosial etirazlara aparıb çıxarsın. Fikrimcə, qarşıdurmalar prezident seçkiləri öncəsi daha geniş vüsət alacaq”.
Ekspert hesab edir ki, Ermənistanda yeni qüvvə hakimiyyətə gələrsə, bu, Qarabağ danışıqlarında dəyişikliyə səbəb olacaq:
"Sarkisyan Qarabağ məsələsində qeyri-konstruktivlik nümayiş etdirir. Vəziyyət dəyişərsə, hakimiyyətə yeni qüvvələr gələrsə, onlar ölkənin iqtisadi inkişafını, əhalinin sosial rifahını göz önünə alaraq danışıqlarda müəyyən kompromislərə gedə bilərlər. Bu da Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara müəyyən qədər dönüş ola bilər”.
İsmayıl