Gəncədə yaşanan hadisələr dövlətçiliyimizə qarşı cəhddir

Əflatun Amaşov: “Mediamızın hər zamankı kimi mütəşəkkillik ortaya qoyması, həssas davranaraq peşəkarlıq nümayiş etdirməsi son dərəcə vacib şərtdir”
Fazil Mustafa: “O bıçaq yalnız Azərbaycan polisinə vurulmayıb, dünyəvi dövlət modelini istəyən bütün insanlara qarşı yönəlib”


Gəncə şəhəri ikinci dəfə arzuolunmaz hadisənin şahidi oldu. İyulun 10-da 150-200 nəfərdən ibarət radikal qruplaşma Gəncə İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan şəxslər özləri ilə gətirdikləri kəsici alətlərlə asayiş keşikçilərinə xəsarət yetiriblər. Görülmüş operativ tədbirlər nəticəsində təxminən 30 dəqiqə ərzində şəhərdə asayiş bərpa olundu.

Təəssüflər olsun ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini icra edən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Səməd Abbasov radikal ünsürlər tərəfindən şəhid edildi. Məlumata görə, şəhid polkovnik-leytenant Səməd Abbasov Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasovun qardaşıdır. Hacı Tahir mətbuata açıqlamasında deyib ki, qardaşı məsləkdaşı polkovnik İlqar Balakişiyevə yardım edərkən ürəyindən xəncərlənib. 

QMİ nümayəndəsi bildirib ki, Gəncədə qanlı iğtişaş törədənlərin dinlə heç bir bağlılığı yoxdur: 

"Onlar gələndə əllərində bıçaq, dəyənək, lom olub. Günahsız insanı belə amansızcasına qətlə yetirmək xüsusi təşkil olunmuş məsələdir. Hadisədən əvvəl bəziləri internet üzərindən çağırış edirdilər. Məqsəd ara qatmaq və asayişi pozmaq idi. 

Dini əqidəsi olan adam heç vaxt bu cür alçaqlıq etməz, başqa bir ailənin üzvünü qətlə yetirməz. Qətl böyük günahdır”. Nardaran hadisələrindən sonra fanatik dinçi təxribatçılar yenidən öz mənfur simalarını göstərdilər. Bu dəfə təxribatın mərkəzi Gəncə şəhəri oldu. Əslində Azərbaycanın ikinci böyük şəhərində baş vermiş cinayət və terror hadisəsi sadəcə fanatizmlə yekunlaşmır. Bu, həm də Azərbaycanı içəridən dağıtmaq, vətəndaş qarşıdurması yaratmaq və hakimiyyətlə xalq arasında uçuruma səbəb vermək cəhdləridir. 

Şübhə yoxdur ki, qanlı ssenarinin arxasında xarici qüvvələr və onların ölkəmizdəki maşaları dayanır. Bu baxımdan hər kəs ayıq-sayıq olmalı, olayın təfərrüatları dərindən araşdırılmalı və növbəti təxribat çağırışlarının önü dərhal, özü də ən kəskin şəkildə alınmalıdır.

Ölümlə nəticələnmiş hadisəni dəyərləndirən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov hesab edir ki, Gəncədə yaşanan olay dini libas geymiş siyasi terrordur. Çünki Gəncə müasir dövlətçilik ənənələrimizin formalaşmasında və dəyər qazanmasında müstəsna pay sahibidir. Deputatın fikrincə, dövlətçiliyimizə qəsd cəhdinin törədilmə məkanı təsadüfən seçilməyib. Görünür, kimlərsə nəyisə mesaj verir: 

"Heç şübhəsiz, polis zabitləri İlqar Balakişiyevi və Səməd Abbasovu qətlə yetirən əllərlə icra başçısı Elmar Vəliyevə güllə atan əl eyni mərkəzdən idarə olunur. Burada barmaqlar da var ki, onlar prosesə monitor önündən klaviatura döyəcləməklə "dəstək olurlar”. Söhbət anarxist ruhlu sosial şəbəkə profillərinin və mövsümü xarakter daşıyan saytların anti-milli fəaliyyətindən gedir. Labirintdə bir maraqlı tərəf də siyasi müxalifətdir. Müxaliət təmsilçiləri əllərinə düşən ilk fürsətdəcə hakimiyyətə qarşı kin və qəzəb püskürür, illərdən bəri düçar olduqları uğursuzluqların sanki heyfini alırlarmış kimi davranırlar. Müxtəlif arqumentlər irəli sürməklə əsl mahiyyəti kölgələmək yolu tuturlar. Ortada Azərbaycana qarşı yönəlmiş məkrli oyun var.

 Müstəqillik illərində Azərbaycandakı asayişi pozmağın ən mühüm vasitəsi məhz dini təxribatlar olub. "Hicab aksiyası” və Əbu Bəkr məscidi ətrafındakı qalmaqal, habelə bir neçə ay öncə Hacı Cavad məscidi ilə bağlı yaranmış insident yaddaşlardan silinməyib. Sual yaranır, nəyə görə məhz din? Cavab sadədir. Azərbaycan müsəlman ölkəsidir və ümumən müsəlman ölkələrində etiqad və vicdan azadlığı kontekstində təfriqələr yaratmaq, mövcud xüsusda nələrisə mübahisələndirərək etirazçı kütlə hazırlamaq işi asandır. Prosesin Yaxın və Orta Şərq ölkələrindəki klassik metodlarını görmüşük. 

İkinci məqam bundan ibarətdir ki, respublikamız dinlərin və mədəniyyətlərin qovuşduğu məkandır, tolerantlıq nümunəsidir. Bu, dünyaya varlığımızı bəyan edən son dərəcə böyük sərvətdir. Deməli, Azərbaycana qarşı düşmənçilik motivləri varsa, məhz bu sərvətə qəsd ön planda olmalıdır. Məkrli plan ona hesablanıb ki, Azərbaycan dini fundamentalizmin hakim kəsildiyi məkan olaraq göstərilsin”. 

Ə.Amaşov vurğulayıb ki, Gəncə hadisələri Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı qəsd, düşünülmüş məkrli oyun cəhdidir: 

"Bu durumda mediamızın hər zamankı kimi mütəşəkkillik ortaya qoyması, həssas davranaraq peşəkarlıq nümayiş etdirməsi son dərəcə vacib şərtdir. Media peşəkarlığı dövlətçiliyimizə qarşı təhdidlərin qarşısının alınmasında səfərbəredici missiyadır. Jurnalistlərimiz bu missiyanı ləyaqətlə yetinə yetirir və qəti şəkildə əminəm ki, daha yüksək səviyyədə yerinə yetirməklə cəmiyyətə nümunə olacaqlar”.

Millət vəkili Fazil Mustafa da bildirib ki, Azərbaycan polisini qətlə yetirənlər bu millətin düşmənidir. Onun sözlərinə görə, Gəncə hadisəsi birbaşa Konstitusiya quruluşunu dəyişməyə yönəlik fəaliyyətdir: 

"Azərbaycanda dini xurafatın yayılması istiqamətində fəaliyyət var .Bu istiqamətdə xarici ölkələrin həm saytları, həm də ayrı-ayrı mütəxəssisləri ciddi işlər görürlər. Bununla bağlı dəfələrlə sosial şəbəkələrdə yazılarla, fikirlərlə xəbərdarlıq etmişik. Demişik ki, Azərbaycan dövləti üçün tək təhlükə bu mənbədən başlayacaq. Onlar da zəif bənd olaraq məmurların müəyyən fəaliyyətini bəhanə edərək məhz Gəncədən başladılar. Bu məsələnin Gəncə əhalisinə heç bir aidiyyəti yoxdur. Çünki Gəncə əhalisi Xalq Cümhuriyyətini qurmuş insanların varisləridir. 

Amma bir qrup insanlar var ki, xaricdə hazırlanmış, zombiləşmiş dəstələr olaraq bu cəmiyyətin içərisində yerləşdirilib. Din adı ilə zorakılığı, dinə zidd olan əməlləri təbliğ etməklə məşğuldurlar ". Millət vəkili deyib ki, bu qrup Gəncədə müəyyən məmurların yaratdığı sosial narazılıq fonunda əslində başqa bir məqsədi gerçəkləşdirməyi nəzərdə tutublar:
 
"Dövlətə qarşı iğtişaşa birmənalı şəkildə sərt, hüquqi qiymət verilməlidir. Bu işi yalnız Azərbaycan polisinin üzərinə yükləmək olmaz. Siyasi partiyaların bu sahədə fəaliyyəti genişləndirilməli, QHT-lərin ixtisaslaşmış fəaliyyəti önə çəkilməlidir. Bütün media və dini quruluşların da maarifçilik istiqamətində fəaliyyəti gücləndirilməlidir. Buraxılmış boşluqları ortadan qaldırmalıyıq. Çünki bu təhlükənin real zəmini var. Bu, birinci növbədə təhsil səviyyəsinin də aşağı düşməsi ilə bağlı məsələdir. Təhsilsiz insanlar ya çayxanaya, ya qumarxanaya, ya da müəyyən mənada "dinxanaya” üz tutacaqlar. İslam dinində zorakılıq, başqasının haqqını almaq, günahsız yerə kimisə qətlə yetirmək yoxdur. 

Ona görə də biz bu məsələdə prinsipial mövqe nümayiş etdirərək həm polisimizin dəstəklənməsi işini həyata keçirməliyik, həm də özümüz bu fanatizmə, xurafata qarşı kəskin mübarizə aparmalıyıq. Çünki o bıçaq yalnız Azərbaycan polisinə vurulmayıb. Azərbaycanın dünyəvi dövlət modelini istəyən, mütərəqqi, modern cəmiyyət olmaq istəyən bütün insanlarına qarşı yönəlib. Ona görə də insanlarımızın bu təhlükə qarşısında birləşməsi labüddür. Bu məsələlərdə televiziyaların, media orqanlarının üzərinə böyük yük düşür. Artıq hər hansı bir şəkildə xurafatı dəstəkləyən, təbliğ edən bütün təzahürləri ortadan qaldırmalıyıq”.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da deyib ki, Gəncədəki olay çox xoşagəlməz hadisədir və ölkəmizi qarışdırmaq istəyən qüvvələrə sərf edən məsələdir: 

"Azərbaycanda sabitliyi pozmaq, iğtişaş yaratmaq, təxribat törətmək və yanan odun üzərinə yağ tökmək üçün fürsət gözləyən qüvvələr var. Yaşanan hadisələr düşmənin əlinə oynayan mərkəzlərin işidir. Millət olaraq bu məsələni çox diqqətlə izləməli və soyuqqanlı olmalıyıq. Gözəl ölkəmizi qarışdıraraq Suriyaya, İraqa, Əfqanıstana çevirmək istəyən güclərin olduğunu unutmamalıyıq. Dörd yanımız düşməndir, torpaqlarımız işğal altındadır”.

Birlik rəhbəri bəyan edib ki, xarici ölkələrdə Azərbaycanın əleyhinə işləyən şəxslər təxribatı körükləyirlər: 

"Ölkədə süni yaradılan gərginliyi qızışdırmaq üçün əllərindən gələni edirlər. Çox təəssüflə qeyd edirəm ki, iki dəyərli polis əməkdaşımızı itirdik, onları şəhid etdilər. Mərhum polisləri yaxından tanıyan dostlarımızın hamısı deyir ki, şəhid olan polis rəisləri çox qeyrətli, millətini, dövlətini sevən vətənpərvər insanlar idilər. Belə övladları yetişdirmək asandırmı? Axı onların günahı nə idi? Həmin polislər vətəndaşları qorumaq üçün meydana çıxmışdılar. 

Əlbəttə, burada cinayət hadisəsi baş verib. Cinayətin pərdə arxası hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılacaq. Cavad xanın ruhu dolaşan gözəl şəhərimizi belə vəziyyətə gətirmək olmaz. Əlinə qılınc alaraq polisə hücum etmək nə deməkdir? Nə olursa-olsun, hamımız birmənalı olaraq ölkəmizdə təxribat yaratmaq istəyən qüvvələrin qarşısında dayanmalı, dövlətimizin və Prezidentimizin yanında durmalıyıq”.

İsmayıl