Gəncəni xaosa sürükləmək istəyirdilər
“Radikal dini ünsürlərin həm minimum, həm də maksimum proqramları olub”
Artıq sirr deyil ki, Gəncədə baş verən iğtişaşlar ölkəmizdə sabitliyin pozulmasını istəyən, Azərbaycana qarşı düşmənçilik fəaliyyəti ilə məşğul olan xarici qüvvələrin, eləcə də xaricdən idarə olunan bir qrup təxribatçının atdıqları addımların nəticəsidir. Həmin qüvvələr Azərbaycanın ikinci böyük şəhərini məxsusi olaraq seçdilər və hər şeyi əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirdilər.
Şəhər icra hakimiyyətinin başçısına qarşı terror aktından sonra dərhal informasiya terroruna sosial şəbəkələrdə müəyyən qruplaşmalar yaratdılar. Azərbaycanda məzhəb ayrı-seçkiliyi yaratmaq, dini zəmində münaqişə çıxarmaq istiqamətində bir sıra addımlar atdılar. Daha sonra əhalini qanunsuz mitinqlərə səsləyərək təxribatçıları, terrora vasitə ola biləcək şəxsləri ayağa qaldırmağa çalışdılar. Məqsəd Azərbaycanın dövlətçiliyini sarsıtmaq, müstəqilliyinə xələl gətirmək idi. Azərbaycan son illər istər siyasi, istər iqtisadi, istərsə də hərbi baxımdan çox güclənib. Bu isə bəzi dairələrə sərf etmir. Ona görə də bunun qarşısını almağa çalışırlar. Bütün bunlara rəğmən, Azərbaycana qarşı məkrli planlar quranlar çirkin istəklərinə nail ola bilmədilər və bundan sonra da olmayacaqlar. Çünki Azərbaycanda xalq-iqtidar birliyi sarsılmazdır.
Vətəndaşlarımız dövlətimizin düşmənlərinə heç zaman meydan verməyəcəklər. Dini çağırışlar səsləndirərək təxribatlar törədən şəxslər və onların havadarları bilməlidirlər ki, Azərbaycan xalqı daim öz liderinin ətrafında sıx birləşib. Daim dövlətin, dövlətçiliyin qorunması üçün öz iradəsini ortaya qoyub. Ona görə əminliklə vurğulamaq lazımdır ki, baş verən bütün bu hadisələrin arxasında Azərbaycanı sevməyən qüvvələr durur və onların niyyəti çox təhlükəlidir. Belə cəhdlərə qarşı hər bir vətəndaşımız səfərbər olmalı, qəti iradə nümayiş etdirməlidir.
Baş nazirin müavini, YAP sədrinin müavini Əli Əhmədov da bildirib ki, Gəncədə baş verən xoşagəlməz hadisələrdən istifadə edərək şəhərdə sabitliyi pozmağa çalışanların hədəfində bütün Azərbaycan xalqıdır:
"Azərbaycandakı sabitlik və əmin-amanlıq hər kəsin təhlükəsizliyi üçün əsas amildir. Hər birimiz bununla fəxr edirik. Ən başlıcası isə insanlar rahatdır, sakit yaşaya bilirlər. Lakin görünən budur ki, xalqımızın bu sakit həyatını gözü götürməyənlər baş qaldırmağa cəhd göstərirlər. Bu gün yalançı "vətənpərvərlər”, "din əzabkeşləri” adı altında sabitliyi pozmağa çalışanlar və çağırış edənlər tamam başqa yerdən idarə olunur və ayrı məqsədlərə xidmət göstərirlər. Tökülən qan isə xalqın qanıdır. Şəhid olan iki polis zabiti xalqın övladıdır, kimlərinsə atası, qardaşı, həyat yoldaşıdır. Onların qanını tökən din əzabkeşi ola bilərmi? İnanıram ki, xalqımız ara qarışdıranlara, qanunu pozanlara, sakit həyatımıza haram qatmaq istəyənlərə layiqli cavab verəcəklər.
Gəlin, hamımız ətrafımıza baxaq, dünyada baş verənləri, faciələri, tökülən göz yaşlarını yada salaq. Ölkəmizdəki sabitliyin qədrini bilək, ona xəyanət edənlərin qarşısını kəsək. Sonra gec olar”. YAP sədrinin müavini qeyd edib ki, Azərbaycanda sabitlik və əmin-amanlıq möhkəm dayaqlar üzərində qərar tutub. Onu pozmağa heç kim cürət edə bilməz: "Bir neçə araqarışdırandan savayı hamı qanuna hörmət edir, sabitliyi qoruyur, dövlətin və dövlətçiliyin ətrafındadır”.
Millət vəkili Elman Nəsirov bəyan edib ki, bu günlərdə Azərbaycan xalqı növbəti sınaqdan daha möhkəm və monolit çıxdı: "Azərbaycan polisi bu günlərdə çox böyük rəşadət göstərdi, qəhrəmanlıq səhifəsi yazdı.
Gəncədə iki yüksək rütbəli polis zabiti qətlə yetirildi, onlar şəhidlik zirvəsinə yüksəldilər. Bir daha məlum oldu ki, dövlətimizin keşiyində dayanan Azərbaycan xalqı, qəhrəman oğullarımız sabitliyimiz, təhlükəsizliyimiz, dövlətçiliyimiz naminə öz canlarından keçməyə hazırdırlar. 150-200 nəfərlik ixtişaşçı qrupunun, dini radikal qruplaşma üzvlərinin Gəncə şəhərinin mərkəzində törətdikləri cinayət adi cinayət deyil, bunlar birbaşa terror əməli kimi qiymətləndirilməlidir. Bu cinayəti törədənlərin bütün hərəkətləri siyasi motivlidir. Bu motiv ilk növbədə hakimiyyət, ölkədə təhlükəsizlik və sabitlik əleyhinə yönəlib.
Güman edirəm ki, radikal dini ünsürlərin həm minimum, həm də maksimum proqramları olub. Minimum proqramlarına ilk növbədə Gəncədə sabitliyi pozmaq, təhlükəsizlik mühitini aradan qaldırmaq, vətəndaş itaətsizliyinə nail olmaq və nəticədə Gəncəni xaosa sürükləmək daxildir. Maksimum proqramları isə Gəncədəki hadisələri ölkənin digər bölgələrinə transfer etmək, son nəticədə paytaxt Bakıda analoji hadisələr həyata keçirməklə bütün ölkədə xaos yaratmaqdan ibarət ola bilər. Bütün bunların ardından ölkənin konstitusion quruluşunu dəyişmək və hakimiyyəti ələ keçirməklə Azərbaycanı şəriət qanunları ilə idarə edən bir dövlətə çevirmək onların əsas məqsədidir”.
Millət vəkilinin sözlərinə görə, hər bir planın icraçıları olduğu kimi, onun təşkilatçıları da olur:
"Təşkilatçılar isə xaricdə olan ermənipərəst, erməni siyasi mərkəzlərindən idarə olunan, islamofob qüvvələrdir. Onlar Azərbaycanın sürətlə inkişaf etməsini, inkişaf etmiş dövlətlər sırasına daxil olmaq istəməsini, islam həmrəyliyinin formalaşmasına töhfələr verməsini həzm edə bilmirlər. Çünki bu gün Azərbaycan müsəlman aləmində bir sabitlik adasına çevrilib və bununla da islamofob qüvvələrin müsəlman dünyası haqqında mənfi imic formalaşdırmasına mane olur. Bütün bunları həzm edə bilməyən qaragüruhçu qüvvələr ilk növbədə Azərbaycanın qədim şəhəri, dövlətçilik ənənələri, Azərbaycan tarixində müstəsna yeri olan və fəxrlə yüz illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olan Gəncə şəhərində bu iğtişaşları törədərək, ictimai asayişi pozaraq, Azərbaycanın digər ərazilərində domino effektinə nail olmaq istəyirdilər. Lakin onların bu niyyətləri gözündə qaldı, ünvanı səhv saldılar”.
İsmayıl