Haqqı olanlar haqqını almalıdır

Şəhid ailələrinə 10 min yox, 100 min manat sığorta pulu ayrılmalıdır



Dünən parlamentdə "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə olunub. Dəyişikliyə əsasən Azərbaycanda şəhid ailələrinin üzvləri orta ixtisas təhsil müəssisələrində və Milli Elmlər Akademiyasının magistratura pilləsində təhsil haqqından azad olunublar.

"23 yaş məhdudiyyəti aradan götürülməlidir”

Layihə barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Layihəyə əsasən dövlət ali təhsil müəssisəsi ilə yanaşı, orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda, AMEA-da ödənişli formada təhsil alan şəhid ailəsi üzvləri təhsil haqqını ödəməkdən azad olunurlar.

Müzakirələr zamanı deputatlar şəhid ailələri ilə bağlı fikir səsləndirib, təkliflər ediblər.

Millət vəkili Musa Quliyev deyib ki, şəhid övladlarının təhsil xərclərinin dövlət tərəfindən 23 yaşına qədər ödənilməsi ilə bağlı qanunda məhdudiyyətin qoyulması düzgün deyil: "Şəhid övladı 50 yaşında da ali təhsil ala bilər. Ona görə də düşünürəm ki, 23 yaş məhdudiyyəti aradan götürülməlidir”.

"Döyüş bölgəsini tanımayan şəxs cibində veteran vəsiqəsi gəzdirir”

"Bu gün Qarabağda olmayan şəxs cibində vəsiqə gəzdirir. Amma orada canını qoyan şəxslər var ki, hələ də veteran statusunu ala bilmir.
Bunu isə İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, bir sıra ictimai birliklər tərəfindən müraciətlər var: "Həmin müraciətlər Əfqanıstan, Qarabağ döyüşlərində iştirak etmiş şəxslərlə bağlıdır. Azərbaycanda hərc-mərclik dövründə Azərbaycanın bütövlüyü uğrunda döyüşən şəxs döyüşlərdə iştirakı ilə bağlı veteran vəsiqəsini ala bilməyib. Ancaq döyüş bölgəsini tanımayan şəxs cibində veteran vəsiqəsi gəzdirir. Bu şəxslər də hara gəldi veteran vəsiqəsindən istifadə edirlər. Odur ki, çalışmalıyıq ki, haqqı olanlar haqqını alsınlar”. Deputat əlavə edib ki, veteranlara verilən 50 manatlıq müavinətin pensiyaya çıxan zaman kəsilməsi ciddi narahatlıq doğurur: "Qanuna görə, veteranlar təqaüdə çıxdıqda həmin 50 manat müavinət kəsilir. Təklif edirəm ki, bu 50 manat müavinət veteranlara təqaüdə çıxan zaman da verilməlidir. Bu məsələləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla müzakirə etmişik. Müzakirə zamanı nazir veteran və pensiyaya çıxanlar haqqında elə bir rəqəm səsləndirdi ki, onu dilə gətirmək mümkün deyil. Odur ki, elə etməliyik ki, haqqı olan haqqını almalıdır. O baxımdan bu məsələnin həlli üçün ciddi müzakirələrə ehtiyac var”.

"Xocalı şəhərinin statusu ilə bağlı ayrıca mexanizm düşünüb hazırlamalıyıq”

Deputat Fuad Muradov isə deyib ki, bu gün dövlət və cəmiyyət tərəfindən şəhid ailələrinə çox böyük qayğı və dəstək var: "Şəhidlərimizi heç vaxt unutmuruq. Onlara cəmiyyət və dövlət də böyük mənəvi və maddi qayğı göstərir. Bu gün Heydər Əliyev Fondu xocalılara xüsusi diqqət göstərir. Xocalıdan olan, ata və anasını itirmiş 26 gəncə və digər şəhid ailələrinə göstərilən xüsusi qayğı, diqqət və köməyə görə Heydər Əliyev Fonduna xüsusi təşəkkür düşür. Xocalı haqqında son zamanlar görülən işlər böyük siyasi əhəmiyyət daşıyır. Dünyanın bir çox ölkələrində soyqırım törədilmiş şəhərlər var. Biz də Xocalı şəhərinin statusu ilə bağlı ayrıca mexanizm düşünüb hazırlamalıyıq. Yəni Xocalıya soyqırıma məruz qalmış şəhər statusunun verilməsi də müsbət addım olar”.

F.Muradov deyib ki, bu illər ərzində dünya parlamentlərində Xocalını tanıtmaq üçün xeyli işlər görülüb: "Dünyada soyqırımlar ilə bağlı xüsusi bir yanaşma var. Bizdə də bununla bağlı işlər getməkdədir. 25 il ərzində Xocalını dünyanın müxtəlif parlamentlərində tanıda bilmişik. Xahiş edirəm ki, Xocalı ilə bağlı görülən işlərin müsbət tərəflərini də deyək. Bəzən sarı mətbuat yazır ki, dövlət filan şəhid ailəsinə kömək etmədi. Amma belə deyil. Biz həyata keçirilən işləri də deməliyik. Bu işdə son zamanlar QHT-lər də çox aktivdirlər. QHT-lər də şəhidlərlə bağlı məsələlərdə xüsusi işlər görürlər. Deputat həmkarlarımla da razıyam ki, Xocalı şəhəri və oradan olan insanlarla bağlı hər zaman xüsusi yanaşma olmalıdır”.

"Elə şəhid ailələri var ki, 18 ildir mənzil növbəsində dayanıb”

Millət vəkili Əflatun Amaşov şəhid ailələrinə ödənilən birdəfəlik 10 min manat sığortapulunun artırılmasını təklif edib: "Azərbaycanda elə şirkət var ki, bir işçisinin həyat sığortasına görə 100 min manat vəsait ödəyir. Bizim torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan şəxslərin ailələrinə isə cəmi 10 min manat sığorta pulu ödənilir. Bu məbləğin artırılması şəhid ailələri üçün müsbət hal olardı”. Deputat Aydın Mirzəzadə də həmkarının fikirlərini dəstəkləyib. O qeyd edib ki, büdcəmizdə bunun üçün kifayət qədər vəsait var: "Ona görə də şəhid ailələrinə ayrılan vəsaiti 10 dəfə artırıb, 100 min manata çatdırmaq lazımdır”. Deputat Tahir Kərimli şəhid ailələrinə status verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib: "Mən də şəhid dayısıyam, bir bacım oğlu şəhid olub, digər bacım oğlu da müharibə əlilidir. Elə şəhid ailələri var ki, 18 ildir mənzil növbəsində dayanıb. Bu insanların mənzillə təmin olunması üçün 272 milyon 550 min manat vəsait lazımdır. Ancaq indiyədək cəmi 40 milyon manat ayrılıb. Bu iş də 2018-ci ildə başa çatmalıdır. Prezidentin sərəncamı yerinə yetirilməyəcək hala düşüb. Demirəm ki, kimlərsə bilə-bilə Prezidentin sərəncamını pozur, ola bilsin ki, yaddan çıxıb”.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edilib.

"Şücaətə görə” medalı təsis edildi

İclasda həmçinin Azərbaycanda vətənin müdafiəsində şücaət və fədakarlıq göstərməklə fərqlənən şəxslər üçün "Şücaətə görə” medalı təsis edilib. Bununla əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliklə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə yeni hissələr təklif edilib. "Şücaətə görə” medalının Əsasnaməsinə görə, vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər bu medalla təltif ediləcək. Medalın üzərində "Azərbaycan uğrunda” sözləri həkk edilib. Medal müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif ediləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Bayramoğlu