Minsk Qrupu bacarıqsızlığını etiraf etməlidir
Rusiyanın "Kommersant” nəşri Dağlıq Qarabağla bağlı məqalə dərc edib.
Materialda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk Qrupunun həmsədrlərinin Cənubi Qafqaza səfərindən danışılıb.
Qeyd edilib ki, səfər Yerevan tərəfinin Qarabağ separatçılarının nümayəndələrini sülh danışıqlarına cəlb etmək çağırışı fonunda həyata keçirilir.
Nəşrin məlumatına əsasən, Qarabağ nizamlanmasında irəliləyişin olmamasına baxmayaraq, beynəlxalq vasitəçilər danışıqlar prosesini ölü nöqtədən tərpətmək cəhdlərini davam etdirirlər.
"Sivilizasiya dialoqu” Araşdırmalar İnstitutunun rəhbəri Aleksey Malaşenko isə Minsk Qrupu formatının iflasa uğraması qənaətində olduğunu deyib: "Qarabağ danışıqlarında formatın dəyişdirilməsi təklifini qəbul etməyən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yeni səfəri növbəti dəfə göstərdi ki, bu beynəlxalq mexanizm boşuna işləməkdə davam edir”.
Qeyd edək ki, illərdir azərbaycanlı politoloqlar, millət vəkilləri Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun əhəmiyyətli format olmadığını bəyan edir. Onların iddiasına görə, həmsədrlərin vasitəçilik potensialı artıq tükənib. Bu şərtlər altında on illərlə nəticəsiz danışıqlar aparıla bilər.
Politoloq Qabil Hüseynlinin fikrincə, üç böyük ölkəni təmsil edən həmsədrlər haqq-ədalətlə işlərini görməlidirlər. Yeri gələndə haqdan, ədalətdən danışan bu şəxslər əməllərində bunu göstərmirlər. Ona görə də, belə bir təşkilatın olmasının bizə heç bir faydası yoxdur.
Düşünürəm ki, həmsədrlərin olmağından olmamağı daha məqsədəuyğundur. Çünki ATƏT-in Minsk Qrupunun fəaliyyəti fəaliyyətsizliyə bərabər bir şeydir. 25 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını öz üzərinə götürən, lakin bu 20 ildə işğal altında olan torpaqlarının 20 qarışının belə erməni quldur dəstələri tərəfindən boşaldılmasına nail ola bilməyən ATƏT-in Minsk Qrupuna olan bütün ümidlər itib.
Q.Hüseynli hesab edir ki, həmsədrlərin regiona mənasız səfərləri və tövsiyə xarakterli çıxışları ilə münaqişənin həllinə nail olmaq mümkün olmayacaq. Minsk Qrupu həmsədrləri ya Azərbaycan mövqeyini ortaya qoyub, qarşı tərəflə açıq-aşkar danışmalıdır. Ya da bu işin öhdəsindən gələ bilməyəcəyini etiraf etməlidir:
"Rus politoloqlarının bu beynəlxalq mexanizmin boşuna işlədiyini görməsi bizim üçün o qədər də önəmli bir fakt deyil. Onsuz da Minsk Qrupunun fəaliyyətinə mane olan qüvvə elə Rusiyanın özüdür. Minsk Qrupunun digər həmsədrləri də bilərəkdən sırf xristian təəssübkeşliyi nöqteyi-nəzərindən münaqişəyə birtərəfli yanaşırlar. Halbuki haqlı və təcavüzə məruz qalan tərəf olaraq Azərbaycanın haqqını müdafiə etmələri gərəkdir. Biz yalnız bunu tələb edirik ki, işğal olunmuş torpaqlarımız geri qaytarılsın, ərazi bütövlüyümüz təmin olunsun və hər şey beynəlxalq hüququn normalarına uyğun aparılsın.
Şəymən