Hüquq müdafiəçiləri də məlumat alıb

13 saylı cəzaçəkmə müəssisəsində məhbuslar arasında insident olub, xəsarət alanlar var



13 saylı cəzaçəkmə müəssisəsində nə baş verdiyi hələ də qaranlıqdır. Penitensiar Xidmət bu cəzaçəkmə müəssisəsində məhbusların etirazı və bu səbəbdən də ora xüsusi təyinatlıların yeridilməsi, məhbuslara fiziki zor tətbiq edilməsi haqda KİV-də getmiş xəbərləri təkzib etdi: "Orada nə əməliyyat keçirilib, nə xüsusi təyinatlılar olub, nə də bir problem yaşanıb”.

Penitensiar Xidmətdən 13 saylı cəzaçəkmə müəssisəsində heç bir insident yaşanmadığı bildirildi. Lakin hadisələrin sonrakı gedişatı əvvəlcə yayılmış xəbərlərin doğruluğu şübhələrini artırır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə İşinin təşkili İdarəsinin rəisi, ədliyyə polkovniki Rafiq Ramazanovun vəzifəsindən azad edildiyi xəbəri yayıldı, ardınca isə Ombudsman Aparatının Milli Preventiv Qrupu 13 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı araşdırma aparıldığı və bu haqda ombudsman Elmira Süleymanovaya məruzə edildiyi açıqlaması verildi.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətə nəzarət üzrə İctimai Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlıya müraciət etdik. S.Bənənyarlı "Şərq”ə açıqlamasında bildirdi ki, onlara gəlib çatan məlumatlara görə, 13 saylı cəzaçəkmə müəssisəsində məhbuslar arasında insident baş verib:

- Bizdə olan məlumat budur ki, orada məhbuslar arasında insident yaşanıb, məhbuslardan xəsarət alanlar da olub. İnsidentin qarşısı alınıb. Ancaq bu, dəqiqləşməmiş, yoxlanmamış məlumatdır. Mən də dünən məlumat aldım ki, Ombudsman Aparatının Milli Preventiv Qrupunun üzvləri 13 saylıda olublar. Hətta belə məlumat var ki, məhbuslarla da görüşüblər. Məsələni araşdırıblar. Yəqin ki, bu barədə Ombudsman Aparatının açıqlaması olacaq.

Bəs İctimai Komitə üzvləri vəziyyətlə əlaqədar 13 saylı cəzaçəkmə müəssisəsinə səfər etməyi planlaşdırırmı?

S.Bənənyarlı bildirdi ki, İctimai Komitə istənilən vaxt, istənilən cəzaçəkmə müəssisəsinə səfər edib monitorinq aparmaqda sərbəstdir. Lakin:

- Bunun üçün gərək bizə məhbuslardan və ya onların ailəsindən müraciət edilsin. Hər bir araşdırmada bütün tərəflər dinlənilməlidir. Biz məhbuslarla görüşmədən, onları, həmçinin cəzaçəkmə müəssisəsi rəhbərliyini dinləmədən konkret rəy verə bilmirik. Amma hələ ki, nə 13 saylının məhbuslarından, nə də ailə üzvlərindən bizə müraciət daxil olub. Komitəyə müraciət edildikdə, məhbuslarla görüşüb söhbət aparmaq üçün əlimizdə əsas olur.

Məlahət Rzayeva