Hüzrə görə çadır qurub yol bağlamağa çox rast gəlinir...

Amma hətta istənilən ən vacib səbəbdən belə, yas çadırını sökmək və dağıtmaq görünməmiş haldır



Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində qəribə hadisə baş verib.
Ötən gün qəsəbədə yas mərasimində dava düşüb. Davanın səbəbkarı bir dəstə "Vəhabi” adlanan dindarlar olub. Onlar yas yerinə gələrək, mərhumun ünvanına təhqiramiz ifadələr işlədiblər və sonra mağarı sökməyə cəhd ediblər.

Onlar bunun səbəbinin qurulan mağarın yolu bağlaması və gediş-gəlişə narahatçılıq yaratması ilə bağlı olduğunu bildiriblər. Bir neçə nəfər isə ümumiyyətlə ehsan verilməsinin doğru olmadığını deyib. Nəticədə mərhumun yaxınları ilə vəhabilər arasında mübahisə yaranıb. Qəsəbə sakinləri onları sakitləşdirib, vəhabiləri yas yerindən uzaqlaşdırıblar.

Hadisəni "Şərq”ə şərh edən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altay hesab edir ki, bu hadisə bir kənddə qonşular arasında baş verən insidentdir: 

"Mübahisəyə səbəb yas mərasiminin keçid yolunda qurulması olub. Görünür ki, həyətdə çadır qurmağa yer olmayıb deyə, çadırı küçədə təşkil ediblər. Təbii ki, qanunla ümumi keçid yolunu hər hansı səbəbdən bağlamaq üçün yerli rəsmi orqanlarla razılaşdırılmalıdır. Digər tərəfdən buna etiraz da güc tətbiqi ilə yox, polis və digər rəsmi orqanlara müraciətlə olmalıdır, sivil qaydada. Bu, dediyim məsələnin qanuni rəsmi tərəfidir. Amma insan münasibətlərində illər, əsrlər boyu yaranmış el-oba, adət-ənənə tənzimləmə qaydası da var. Yas, hüzr yeri adətən Azərbaycan mentalitetində, xüsusi ehtiram və güzəştli münasibətə malikdir. 

Ölüyə və yiyəsinə hörmət edilib hər zaman. Hüzrə görə çadır qurub yol bağlamağa çox rast gəlinir, amma hətta istənilən ən vacib səbəbdən belə, yas çadırını sökmək və dağıtmaq görünməmiş haldır. Bunu da edənlər yəqin ki, Azərbaycan milli mental düşüncəsindən ayrılıb uzaq düşmüş insanlar, yəni başqa uzaq ideoligiyaya qurşanmışlar edə bilər. Əgər deyildiyi kimi bunu vəhabilər edibsə, bu da göstərdiyim gümanı təsdiqləyir.

Çünki bu təriqətdən bu aqressivliyi və milli ənənəyə, camaatın hüzr qüssə tədbirinə, mərasiminə sayğısızlığı gözləmək olar. Hər halda, ortada mətbuata çıxıb ictimailəşmiş bir insident var və bunu yəqin ki, hüquq-mühafizə orqanları da araşdırıb qanun və ədalətlə həll etməlidir”.

Şəymən