İndi itlərin qulaqlarına birka asırlar, guya, onların təhlükəsizliyi yoxlanılır
Azərbaycanda hardasa 100 minə yaxın sahibsiz heyvan var
Bakı şəhərində sahibsiz itlərin çoxalması vətəndaşları narahat edir. Paytaxtın müxtəlif ərazilərində yaşayan vətəndaşlar üçün real təhlükəyə çevrilən itlərin hücumuna məruz qalan şəhər sakinlərinin də sayı az deyil. Üstəlik də 2-3 günə dərslər başlayır. Məktəbə gedib-gələn uşaqlar üçün də problemli məsələdir. Valideynlər hər an övladlarının təhlükə ilə üz-üzə qalmasından narahatdırlar. Xırdalan şəhəri "Yeni bazar"ın yaxınlığında, Nəsimi rayonunda "Papanin" körpüsü kimi tanınan ərazidə küçə itləri insanları vahiməyə salıb.
Heç şübhəsiz, küçədə qarşılaşdığımız sahibsiz itlər quduzluq, ya da yoluxucu xəstəliklərin daşıyıcısı ola bilər. Bunun qarşısını almaq üçün bəzən onları elə insanların gözü önündəcə güllələyir, öldürürlər. Lakin məlum olduğu kimi, Azərbaycan 1997-ci ildə Strasburqda "Heyvanların Mühafizəsi" ilə bağlı Avropa Konvensiyasına qoşulub, 2007-ci ildə ölkəmizdə "Heyvanların mühafizəsi haqqında" qanun qəbul olunub.
Dünya təcrübəsində, o cümlədən qardaş Türkiyədə küçədəki bütün sahibsiz heyvanlar dövlət tərəfindən aşkarlanır, müayinə edilir və vakansiya olunur. Peyvənd olunan heyvanları digərlərindən ayırd etmək üçün onların qulaqlarına xüsusi sırğa ("birka") taxılır. Sahibsiz heyvanların küçələrdən yığışdırılması, onlara nəzarət bələdiyyələrin öhdəsinə düşür.
Sahibsiz heyvanların yığışdırılması üçün güclü maliyyə vəsaitinin lazım olduğunu deyən Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə bu istiqamətdə mühüm işlərin görülməli olduğunu bildirib.
Onun sözlərinə görə, sahibsiz heyvanlarla bağlı mübarizə şöbəsi bu sahədə heç bir iş görmür: "Bir çox heyvansevərlər həmin şöbəyə gedib yemək aparırlar, lakin bu işləri şöbə özü görməlidir. Azərbaycanda hardasa 100 minə yaxın sahibsiz heyvan var. Şöbə belə heyvanlarla bağlı işlər görsəydi, gündəlik həyatda neqativ hallar yaşanmazdı. İndi itlərin qulaqlarına birka asırlar, guya, onların təhlükəsizliyi yoxlanılır. Mən buna inanmıram.
Yəqin ki, bütün sahibsiz heyvanları birdəfəlik yığmaq mümkündür, ancaq gərək bunları hökumət eləsin. Bizim buna gücümüz çatmaz, biz öz pullarımızla heyvanları yedizdiririk, müalicə edirik. Bunun üçün çoxlu maliyyə lazımdır. Birkanı qulağa salmaqla deyil, inanmıram ki, sahibsiz itlərə peyvənd vururlar. Ancaq problemin aradan qalxması üçün maliyyə mənbələri və hökumətin köməyi lazımdır".
Şəymən