İndi nə ailə həkimi var, nə də sahə həkimi"

Dünya ölkələrinin səhiyyə sistemində geniş tətbiq olunan hər ailəyə məxsus "Ailə həkimi” təcrübəsi hələ ki, Azərbaycanda tam təşəkkül tapmayıb. Lakin zaman-zaman Milli Məclisdə müzakirə olunan bu sahədə bir sıra işlər aparılaraq, nailiyyətlər əldə olunub.
Bəs ailə həkiminin tətbiq edilməsi səhiyyəmiz üçün nə vəd edir? Hansı mexanizmlərlə bunu reallaşdırmaq mümkündür?
"Sherg.az"ın suallarını cavablandıran pediatr Vaqif Qarayev mütərəqqi səhiyyə sistemi olan ölkələrdə tibbi xidmətin ilk zəncirinin ailə həkimi olduğunu vurğulayıb. Pediatr diqqətə çatdırıb ki, silə həkimi uşaqdan böyüyə ailə üzvlərinin tibbi problemlərini həll etməyə çalışmalıdır:
"Amma təbii ki, cərrahi əməliyyat, doğuş kimi halları qəbul edə bilməz. Bir növ terapevtlər kimi insan orqanizminin ilkin diaqnozunu müəyyən etməlidir.
Ailə həkimi həm də uşaqların psixoloji inkişafında valideynin məsləhətləşəcəyi ən yaxın şəxs ola bilər. İlkin məsləhət üçün valideyn ailə həkimi olan yerdə psixoloq axtarmır. Uşağa qulluq, səhhətindəki problemlərin aradan qaldırılması üçün ailə həkimi valideynləri yönləndirə bilər. Uşağın psixikasında ciddi problemlər olduğu halda, davranış pozğunluğu və s. problemlərdə ailə həkimi heç nə edə bilməz.
Sovet dövründə sahə həkimləri fəaliyyət göstərirdi. Məsələn, mənim pediatr kimi öz sahəm var idi. Mənim sahəmə aid olmayan ünvandan xəstələr müraciət edə bilmirdi. Sovet sistemi bu cür idi. Əslində sahə həkimi Avropanın ailə həkiminin dar modeli idi. Onda ailə həkimi ifadəsi yayılmamışdı.
İndi isə nə ailə həkimi var, nə də sahə həkimi".
Ailə həkimin tətbiqinə "hə” dediyini qeyd edən V.Qarayevin sözlərinə görə, bu sahədə elə mexanizm yaradılmalıdır ki, həm həkimlər, həm ailələr razı qalsın:
"Görək, həkimlər bu sahədə çalışa biləcəkmi? Çünki ailə həkimi kimi işləmək çətin məsələdir. Həmin həkimin əməyinə, biliyinə adekvat qiymət verilməsi vacibdir. Əgər bu təmin edilməsə heç kim ailə həkimi işləmək istəməyəcək.
Bu icbari tibbi sığortanın tətbiq edilməsi ilə birbaşa əlaqədardır. Tibbi sığorta reallaşarsa, cavan həkimlərdə xüsusilə ailə həkimi işləmək həvəsi yaranar. İnsanlara xidmət etmək mütləqdir. Lakin bunu həyata keçirən həkimin də əməyi qiymətləndirilməlidir. Çünki həkim ofisiant yaxud barmen deyil. Həkimə pul vermək lazımdır ki, normal işləsin”.
Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov da ailə həkiminin tətbiqini dəstəkləyən həkimlərdəndir. O xatırladıb ki, qonşu Gürcüstanda bu sistem artıq illərdir tətbiq edilib:
"Gürcüstanda həkimlər imtahan verib, sertifikat aldıqdan sonra ailə həkimi statusunu alır. Bu Avropada və digər ölkələrdə də mövcuddur. Əslində bu ailənin nəzarəti, bütün xəstəliklərin aşkar edilməsi baxımından çox əhəmiyyətli praktikadır.
Bizdə yanvar ayından artıq icbari tibbi sığortaya keçilməsi planlaşdırılır. Regionlarda artıq pilot layihə kimi bu tətbiq edilir. Bu tam şəkildə reallaşandan sonra ailə həkimi anlayışı insanlar üçün daha da vacib olacaq.
Tibb Universitetində "Ailə təbabəti” kafedrası fəaliyyət göstərir. Ancaq ailə həkimi haqqında ayrıca sertifikasiya elanı verilməli və istəyən həkimlər bu sahədə sınaqdan keçirilməlidir. Gürcüstan nümunəsi dediyim kimi mövcuddur və mənim qohumum qonşu ölkədə bu şəkildə imtahan verərək, fəaliyyət göstərir.
İstənilən halda bu insanlara böyük faydalı olacaq mexanizmdir”.
Aysel Aslan