İnsanları zərərli dini kitablardan necə çəkindirək ? - İlahiyyatçı yolunu göstərdi

Elşad Miri: " “İnformasiyanın elektronlaşdığı dövrdə hansısa kitabı qadağan etmək gözlənilən nəticəni vermir"
"Cəmiyyətdə oxumaqdan çox izləməyə maraq var. Hansısa çıxışın, videonun, kitabın internetə yüklənməsinin qarşısını ala bilmirik"




"İnformasiyanın elektronlaşdığı dövrdə hansısa kitabı qadağan etmək gözlənilən nəticəni vermir”.

Bu sözləri "Sherg.az”a qadağan olunmuş dini kitabların satışı haqqında danışarkən ilahiyyatçı Elşad Miri söyləyib. 

Onun sözlərinə görə, insanları dini ayrıseçkilik salan, qarşıdurma yarada biləcək, məhzəblərarası tolerantlığa zərbə vuran dini kitabların yayılmasından çəkindirmək lazımdır:

"İlk növbədə insanları bu məsələdə maarifləndirmək vacibdir. Kitablar, ədəbiyyat olmasa da, belə məsələlərlə maraqlanan şəxslər məlumat əldə edəcək. Cəmiyyətdə oxumaqdan çox izləməyə maraq var. Hansısa çıxışın, videonun, kitabın internetə yüklənməsinin qarşısını ala bilmirik. Sosial mediadan hər kəs istifadə edir və texnologiyanın inkişafı bu halları asanlaşdırır.

 Bu təqdirdə, insanlara qanunsuz ədəbiyyatın alternativini təqdim etməklə marağın qarşısını ala bilərik. O zaman insanlar düşünəcək ki, aldığım informasiya yanlış imiş və doğrusunu öyrəndim. Qadağan olunmuş hansısa kitablar, əksinə internetdə, onlayn şəkildə daha çox maraq yarada bilər”.

Qeyd edək ki, yanvarın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə Bakı şəhəri, Sabunçu rayonu Sülh küçəsi 135 ünvanında yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan "Ənsar” mağazasında reyd keçirilib. Baxış zamanı müvafiq İcra hakimiyyəti orqanının razılığı ilə yaradılmış, ixtisaslaşdırılmış satış məntəqəsi olmayan "Ənsar” dükanında satışına razılıq verilməmiş, nəzarət markası ilə markalanmış 400 (dörd yüz) ədəd dini təyinatlı ədəbiyyat aşkar edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

Aysel Aslan