İqtidarla müxalifət arasında dialoqa həmişə ehtiyac var

Elçin Mirzəbəyli: “Siyavuş Novruzovun fikirləri konkret istiqamətlərə yönəlib”
Sərdar Cəlaloğlu: “Tərəflər dialoqa meyl etmirlər”

Çoxdandır nəzərdə tutulan iqtidar-müxalifət dialoqu alınmır. Müxalifət nümayəndələri belə bir görüşün gerçəkləşməsi üçün qarşı tərəfin təşəbbüs göstərməli olduğunu deyirlər. Bəzi müxalifətçilər görüş baş tutacağı təqdirdə iştirakdan imtina edəcəklərini desə də, digərləri təşəbbüsü dəyərləndirəcəklərini istisna etmirlər. YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bildirib ki, dialoq məsələsi qarşılıqlı olmalıdır.

Deputatın sözlərinə görə, adətən, dialoqun həyata keçirilməsi ciddi problem olanda reallaşır: "Ölkədə sabitlik hökm sürür, iqtisadi inkişaf var, sosial problemlər həll olunur, yeni iş yerləri açılır. Müxalifəti narahat edən nə məsələ var ki, dialoq istəyirlər? YAP rəsmisi əlavə edib ki, müxalifət dialoq istəyirsə, Prezidentin son çıxışlarına diqqət etsin: "Cənab Prezidentin ciddi bəyanatları oldu. Dağlıq Qarabağ münaqişəsinin həm müharibə yolu, həm də sülh yolu ilə həll olunması, Dağlıq Qarabağa status verilməsi ilə əlaqədar fikirlər səsləndirdi. Bax, bu məsələlərlə bağlı müxalifət ortaya mövqe qoymalı, hökumətə dəstək göstərməlidir. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağla bağlı bizə təzyiqlər edilir. Müxalifət BMT-yə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə məktub yazsın. Dağlıq Qarabağ təkcə iqtidarın deyil ki, həm də müxalifətindir”. YAP-çı deputatın sözlərinə münasibət bildirən BAXCP sədrinin müavini Elçin Mirzəbəyli "Şərq”ə açıqlamasında deyib ki, Azərbaycanın milli və dövlət maraqları ilə bağlı məsələlərdə iqtidar-müxalifət bölgüsü olmamalıdır: "Torpaq da, Vətən də, dövlət də bizimdir, hamımızındır. Bu baxımdan siyasi mənsubiyyəti olan və ya olmayan hər vətəndaşın vəzifəsi rəsmi dövlətin maraqlarından çıxış etmək və onu qorumaqdır. Partiya olaraq bu günə qədər göstərdiyimiz bütün fəaliyyətlərdə, iştirak etdiyimiz tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı fikirlərimizi açıq şəkildə bildirmişik. Bu məsələdə birmənalı mövqeyimiz müzakirə mövzusu ola bilməz. Partiya sədri, millət vəkili Qüdrət Həsənquliyev Avropa Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin üzvü və "Avronest”də təmsil olunan bir deputat kimi hər tədbirdə Dağlıq Qarabağ məsələsini qaldırıb. O, Azərbaycanın mövqelərini müdafiə etmək üçün əlindən gələni edib. Çünki Qarabağ məsələsi bizim üçün hər zaman öndədir”. Partiya funksioneri hesab edir ki, Siyavuş Novruzovun fikirləri konkret istiqamətlərə yönəlib: "Əgər bəzi müxalif qüvvələr Azərbaycanın dövlət maraqlarını nəzərə almırsa, Siyavuş müəllimin açıqlaması da onlara hansısa təsir göstərməyəcək. Çünki bir insanda vətəndaşlıq duyğusu yoxdursa, bu hissi sonradan iynə ilə həmin adamın qanına yeritmək mümkün deyil. Sözlə başa salmaq isə tamamilə mümkünsüzdür. Məncə, Azərbaycanda mövcud olan milli və anti-milli qüvvələrin siyahısı göz önündədir və hamıya məlumdur”. Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu isə indiki şəraitdə dialoq mühitinin mövcud olmadığını deyib: "Tərəflər dialoqa meyl etmirlər. Ona görə də hökumətin birtərəfli qaydada dialoqla bağlı mövqe bildirməsinin, çağırış etməsinin mənası yoxdur. Çünki müxalifət tərəfdən heç kim iqtidarla dialoqa getmək təşəbbüsü göstərmir. Əgər dialoq yoxdursa, onun mövzusunu da müzakirə etməyə ehtiyac görmürəm”.

VİP sədri Əli Əliyev deputat Siyavuş Novruzovun məsələyə ədalətsiz yanaşdığını deyib: "Hesab etmirəm ki, Azərbaycan müxalifəti Qarabağ probleminin həllində zəif mövqedən çıxış edir. Bununla bağlı bir sıra nümunələr gətirə bilərəm. Dağlıq Qarabağ məsələsi fonunda müzakirə olunan Ramil Səfərov mövzusunu yada salmaq istərdim. Ramil Səfərov Azərbaycana qaytarılanda ermənilər ciddi səs-küy saldılar. O zaman ölkə müxalifəti tam tərkibdə YAP-ın dəstək təklifinə müsbət reaksiya verdi və milli maraqlar naminə vahid mövqe nümayiş etdirdi. Azərbaycan müxalifəti yetkinlik nümayiş etdirərək iqtidara dəstək verdi. İkinci fakt isə 2014-cü ilin payız mövsümündən başlayaraq, iqtidarın kifayət qədər səlahiyyətli şəxsi ilə siyasi partiyaların sistemli görüş keçirməsidir. Biz bu görüşlərin iştirakçısı kimi müxtəlif məsələlərin müzakirəsi ilə bağlı təşəbbüslər etmişik. Ümumiyyətlə, müxalifət Dağlıq Qarabağ məsələsi ilə bağlı daim vahid mövqedən çıxış edib. Hətta biz təklif etmişdik ki, görüşlərimizin biri konkret Dağlıq Qarabağa həsr olunsun və görüş qapalı şəraitdə keçirilsin. O dövr üçün bu, effektiv ola bilərdi. Lakin belə görüş təşkil edilmədi. İndi dövlət başçısının münaqişə ilə bağlı səsləndirdiyi fikirlər göstərir ki, həqiqətən Dağlıq Qarabağla bağlı ciddi gərginlik var”.

İsmayıl