İraqdakı 100 nəfər vətənə qayıtdıqdan sonra süzgəcdən keçiriləcək

“Ərləri Azərbaycanda ola-ola qadınların cihad adı ilə müharibəyə qoşulması ciddi araşdırılmalıdır”






Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İraqda saxlanılan azərbaycanlı qadın və uşaqların bundan sonrakı taleyi haqqında açıqlama verib. Nazir İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla Xarici İşlər Nazirliyi ilə bərabər Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məşğul olduğunu bildirib.

İlk növbədə İraq hökuməti ilə birgə həmin insanların bu ölkəyə necə getməsi, hansı işlə məşğul olmaları və gələcək talelərinin müzakirə olunacağını vurğulayan XİN başçısı eyni zamanda bu məsələnin Bağdaddakı səfirliyimiz və konsulluğumuzun daimi diqqət mərkəzində olduğunu bəyan edib: "Bu məsələnin hər birinə fərdi qaydada baxılacaq. İstənilən insanı sadəcə, götürüb ölkəyə gəlmək olmaz. İlk növbədə müvafiq hüquqi məsələlər müəyyənləşdirilməlidir. İraqda 100-dən bir az çox qadın və uşaq var. Bir ay ərzində bu siyahı tam dəqiqləşəcək”.

Qeyd edək ki, bir müddət əvvəl Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə tapılan 4 yaşlı Abdulla Azərbaycana gətirilərək, babasına təhvil verilib.

Bəs, İraqda qalan digər uşaqlar və qadınlarla bağlı hansı addımlar atılacaq.
Məlumat üçün bildirək ki, Azərbaycanda dini radikallığın artması, insanların ailə üzvləri ilə birlikdə terrorçulara qoşulması nöqteyi-nəzərindən yerli ekspertlər qanunsuz silahlı birləşmələrə üzv olan qadınların və uşaqların Azərbaycana qaytarılmasını real təhlükə hesab edirlər. Bu baxımdan da Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən son dönəmlər həyata keçirilən ardıcıl əməliyyatları müsbət dəyərləndirirlər.

Sosioloq-alim, professor Əhməd Qəşəmoğlunun qənaətincə, Azərbaycana gətirilən uşaqlara ciddi şəkildə psixoloji xidmət göstərilməlidir: 

"Onlar xüsusi rejimdə uzun müddət nəzarət altında saxlanılmalıdırlar. Adaptasiyanın xüsusi metodları var. Amma elə etmək lazımdır ki, hansısa xidmət mərkəzi bir neçə ay uşaqlarla məşğul olub, sonra küçəyə buraxmasın. Çünki bu uşaqların əsəbləri pozulub, gərgin vəziyyətdə qalıblar. Çalışmaq lazımdır ki, cəmiyyət üçün faydalı adamlar olsunlar. Onları başlı-başına buraxsaq, gələcəkdə çox təhlükəli adamlar olarlar. Kiçik yaşda psixoloji zərbə almış şəxslər, sonradan çox asanlıqla cəmiyyət üçün təhlükəli qruplara qoşula bilər, cinayətə əl atarlar. Ancaq o cür çətinlikləri görmüş uşaqların içindən yaxşı jurnalist, yazıçı, rəssam və başqa peşə sahibləri yetişdirə bilsək, görün, o zaman həmin adamlar yaşadıqları hadisələri necə dərindən analiz edərlər. Onların sağlam fəaliyyəti cəmiyyətə müsbət təsir edə, maarifləndirə bilər”.

Professor bildirib ki, travma almış adamlarda sosiallaşma normal getmir: "Kiçik yaşlı uşaqlarda həm psixoloji cəhətdən, həm də sosiallaşma baxımından harmonik inkişaf getməlidir. Lakin dəhşətlər görmüş uşaqlarda bu proses çox pis şəkildə gedir. Meşədə yaşayan uşaq cəmiyyət içinə düşəndə necə uyğunlaşa bilmirsə, həmin uşaqlar da o cürdür. Bu səbəbdən azyaşlılarla sadəcə 4-5 ay məşğul olmaq heç bir nəticə verməyəcək”.

Milli Təhlükəsizlik Nazirliyinin ehtiyatda olan zabiti İlham İsmayılın sözlərinə görə, bu sahənin içərisində təkcə Xarici İşlər Nazirliyi çalışmır. Ümumilikdə kompleks tədbirlər həyata keçirilir: 

"Məsələnin hüquqi-diplomatik yolunu adıçəkilən nazirlik həyata keçirir. Yerdə qalan süzgəcdən keçirmə mərhələsi isə Dövlət Təhlükəsizlik Komitəsinin işidir. Bizim DTX İraq və Suriyadakı 100-dən artıq qadını süzgəcdən keçirəcək. Buna səbəb onlarla bağlı bir neçə faktın olmasıdır. Bir neçə fakt var ki, ərləri burada ola-ola qadınlar cihad adı ilə İraq və Suriyaya gedib. Bizim qanunlara görə, həmin qadınlar başqa ölkələrin qanunsuz silahlı birləşmələrində iştirak etdikləri üçün onlar cinayət məsuliyyəti daşıyır. Onlar qanunamüvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunacaqlar”.
İlham İsmayıl bəzi qadınların həmin xarici ölkələrə məcburən - ərləri tərəfindən aparıldığını da istisna etməyib: "Təbii ki, bütün bunların hamısı araşdırılacaq. Dövlət Təhlükəsizlik Xidmətinin vəzifəsi onların nə dərəcədə terrorla bağlılığını araşdırmaqdan ibarətdir. Kimin məcburən aparılıb-aparılmadığı, terror fəaliyyətinin olub-olmaması ciddi araşdırılacaq. Bunlar kompleks tədbirlərdir. Yenə deyirəm, məsələnin hüquqi tərəfini Xarici İşlər Nazirliyi, əməliyyat tərəfini isə DTX araşdıracaq. Dövlət Təhlükəsizlik Xidməti həm özünün qaynaqlarına, həm də informasiya mübadiləsində dost olan xarici ölkələrin- Türkiyə, Rusiyanın mənbələrinə istinad edə bilər. Hətta terror əməllərində əlləri olmayan insanlar da bir müddət nəzarətdə qalacaq. Bu, Azərbaycan vətəndaşıdır, qadındır, qayıdıb gəlsin-demək deyil. Hamısı süzgəcdən keçiriləcək. Məsələ ciddi şəkildə araşdırıldıqdan sonra tədbirlər görüləcək” (hafta.az).

Şərqşünas-alim Seyid Camal Əzimbəyli isə yad torpaqlar uğuruna lazımsız savaşlara qatılan insanların Azərbaycana gəlməməsinin tərəfdarıdır: 

"Təbii ki, onlar da bizim həmyerlilərimizdir. Daha yaxşı olardı ki, bu cür radikal, qanunsuz qruplaşmalara qoşulmasınlar. Bir halda ki, onlar özlərinə bu cür həyatı rəva bilib, bizim Vətənimizə, millətimizə heç bir aidiyyəti olmayan savaşa qoşulublar, biz niyə onlara arxa çıxıb özümüzə problem yaratmalıyıq? Digər yandan da sahibsiz qalan körpələrin Azərbaycana gətirilməsini Azərbaycan dövlətinin humanistliyi olaraq qiymətləndirirəm. Ancaq bir şərtlə ki, aidiyyatı hüquq-mühafizə orqanları, xüsusi təhlükəsizlik xidməti ayıq- sayıqlığı əldən verməməlidir. İdeoloji baxımdan da həmin uşaqlar daima dövlətin nəzarətində olmalı, yuyulmuş beyinlərinin bərpası üzərində xüsusi mexanizm qurulmalıdır. Qərb ölkələrində bu cür strateji mərkəzlər var. 

Radikal qruplaşmalara aludə olan insanların övladlarının ideoloji düzgün maarifləndirilməsi istiqamətində real addımlar atırlar. Dövlət Təhlükəsizlik Xidmətinə və onun rəhbərliyinə də təşəkkür edirəm ki, Azərbaycanda radikal "dinçi”lərin vaxtında təhlükəsizləşdirilməsi üçün peşəkar əməliyyatlar həyata keçiriblər. Bu fəaliyyət fonunda əminəm ki, terrorçulara qoşulan insanların övladları Azərbaycana qaytarılanda DTX tam şəkildə onları nəzarətdə saxlaya biləcək”.

Şəymən