"Orfoqrafiya lüğətində dəyişiklikləri həyata keçirərkən mütəxəssislər çox tələsir”.
Bu barədə "Sherg.az”a sabiq təhsil naziri, filologiya elmləri doktoru, professor Firuddin Cəlilov deyib.
O bildirib ki, bütün təkliflər müzakirə olunmalı, institutlarda, AMEA-da diqqət mərkəzində olmalıdır:

"Biz 1958-ci ildən sonra dildə böyük dəyişiklik etməmişik. Mən iki "y” ilə yazılan çox sözü 20 ildir, bir "y” ilə yazıram. Amma AMEA-nın Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu bunu indi nəzərə alır. Bütün orfoqrafik qaydaları birdəfəlik geniş işləmək üçün mütəxəssislərin iştirakı milə yüksək səviyyəli konfrans keçirilməlidir.
Orfoqrafik qaydaları müəyyən edərkən 3 prinsip əsas götürülür: morfoloji, fonetik və tarixi-ənənəvi. Bütün bunlar elmi səviyyədə araşdırılmalıdır. Mən "bugün” sözünü bir yerdə yazıram. Çox rahatdır. Belə nümunələri nəzərə almaq lazımdır.
"İşıq” sözünün "ışıq” şəklində yazılmasının tərəfdarıyam. "İşıq” sözünün yazılışı ahəng qanununa tabe deyil və tələffüzü çətinlik yaradır. Sözün qədim forması "yışıq” olub. Bütün bu dəyişikliklər ətrafında müzakirələr aparıb, yekun fikrə gəlmək olar”.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu tərəfindən 69 maddədən ibarət Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi hazırlanıb və ictimaiyyətə təqdim olunub. Layihənin bəzi maddələri, edilən dəyişikliklər dilçilər, mətbuat nümayəndələri və sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidə məruz qalıb.
Aysel Aslan