“Kasprşikin missiyasını bir Allah bilir”

“Onun vəzifəsi boş-boş işlər görərək havayı maaş almaqdan ibarətdir”




ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kasprşikin mandatı növbəti dəfə bir il müddətinə uzadılıb. Bu barədə müvafiq qərar ATƏT Daimi Şurasının yanvarın 11-də keçirilmiş iclasında açıqlanıb. Polşalı diplomat 22-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.

Xatırladaq ki, Kasprşik bu vəzifəni 1997-ci ilin yanvarından daşıyır. Əslində bu müddət ərzində Minsk Qrupunun həmsədrləri bir neçə dəfə dəyişilib. Ancaq hansısa səbəbdən 21 il keçməsinə baxmayaraq, Kasprşik başqa şəxslə əvəz olunmayıb. Əksəriyyət hesab edir ki, bunun ancaq iki səbəbi ola bilər. Kasprşik ya öz missiyasını yaxşı yerinə yetirdiyi üçün əvəz edilməyib, ya da vəzifəsi mənasız olduğu üçün ümumiyyətlə bu işə zaman sərf olunmayıb.

Məsələni "Şərq”ə dəyərləndirən millət vəkili Elman Məmmədov deyib ki, Anjey Kasprşik ATƏT tərəfindən ona verilən "tapşırıqları” bacarıqla yerinə yetirir. Deputat bildirib ki, o, Dağlıq Qarabağın azərbaycanlı icması ilə həmsədrlərin görüşündə Kasprşikə öz "ürək sözlərini” deyib: 

"Ona dedim ki, siz monitorinq keçirirsiniz, amma nəticələrlə bağlı ictimaiyyətə məlumat vermirsiniz. Yəni işğalçı tərəfin atəşkəsi dəfələrlə pozduğunu, dinc sakinləri təhlükə altında qoyduqlarını görürsünüz, lakin bunu dilə gətirmirsiniz. Axı monitorinqlərin bir nəticəsi, məqsədi olmalıdır və günahkar tərəflə bağlı tədbir görülməlidir. Ancaq 22 ildir bununla bağlı heç bir addım atılmayıb. Kasprşik o zaman mənə dedi ki, o sadəcə öz missiyasını yerinə yetirir. Missiyasının nədən ibarət olduğunu isə bir Allah bilir.

 Görünür, onun vəzifəsi boş-boş işlər görərək havayı maaş almaqdan ibarətdir. Bugünə kimi mənə aydın deyil ki, Kasprşik nə işlə məşğuldur? Əlac ona qalıb ki, cəbhə bölgəsinə gedəndə yerli camaat onun qarşısını kəssin və soruşsun ki, "sən bura nə məqsədlə gəlirsən?”. Millət vəkili 2018-ci il ərzində ATƏT-ə İtaliyanın sədrlik etməsi məsələsinə də münasibət bildirib: "ATƏT-ə mandat veriləndən bugünədək hər il quruma bir ölkə sədrlik edib.

 Sədrlər isə sadəcə bəyanat verməklə kifayətləniblər. İndi İtaliyanın xarici işlər naziri deyir ki, onlar da Minsk Qrupunun səylərini dəstəkləyəcək. Həmsədrlər də deyirlər ki, yeni sədr İtaliyanın fəaliyyətinə dəstək verəcək. Belə çıxır ki, hər iki tərəf biri-birinə dəstək verməklə münaqişənin həllini daha da uzadacaqlar. Bu da bizə yox, ermənilərə sərf edən vəziyyətdir”.

İsmayıl