Kölgəsiz yaşaya bilməyənlər...
Sonda bütün təxribatçı qüvvələr xalqın müdrikliyinə məğlub olub
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törədilən terror hadisəsindən sonra vəziyyətdən sui-istifadə etməyə çalışan müxtəlif qruplar meydana çıxıb. Məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıblar.
Baş Prokurorluqdan verilən məlumata görə, həmin məlumatlarda ictimai rəyi çaşdırmaq, siyasi sabitliyi pozmaq, dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq meyilləri yer alıb. Tirajlanan yalan məlumatlara dayanaraq, terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə yönəlik açıq çağırışlar edilib. Sosial şəbəkələrdə, müxtəlif məzmunlu paylaşımlarda və şərhlərdə dövlət qulluqçularına terror dəstəklənib, cinayətkarlıq aktları açıq-aşkar müdafiə olunub. Eyni zamanda insanları qanunsuz etiraz aksiyalarına səsləməklə ölkədə ictimai asayişi pozmağa cəhd edilib. Təxribat yönlü bəyanatların yayılması ictimaiyyət nümayəndələri tərəfindən kəskin etirazla qarşılanıb. Ziyalılar və deputatlar insanları məkirli qüvvələrin çirkin oyununa gəlməməyə çağırıb.
"Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd ətrafında kimlərinsə suyu bulandırmaq, bu hadisəni daxili siyasi proseslərə proeksiya edərək dividend qazanmaq, ictimai rəyi yanıltmaq cəhdləri açıq hiss olunur. Çox təəssüf ki, keçmişin dərslərindən ibrət götürülmür:
"Siyasi həvəskarların, ölkə kənarından hər fürsətdə işarə gözləyənlərin, situasiyadan asılı olaraq Şimala, yaxud Cənuba istiqamətlənənlərin bu ölkəyə necə baha başa gəldiyi unudulur. Kölgəsiz yaşaya bilməyənlər, əcnəbi əsgərin süngüsünü, diplomatın bəyanatını özü üçün ən yaxşı dayaq hesab edənlər yenə iş başındadır. Azərbaycan tarixi ibrət götürməli epizodlarla o qədər zəngindir ki, yalnız əbləhlər bunu qulaqardına vura bilər. Bu əbləhlər Gəncəni yenə siyasi anarxiyanın episentrinə çevirməyə can atırlar. Amma unudurlar ki, anarxistlər, yadellilər, sui-qəsdçilər hər zaman elə Gəncədə məğlub olublar. Gəncə vahid, bölünməz, ən başlıcası suveren Azərbaycan ideyasının rəmzlərindən biridir. Gəncəlilər də Azərbaycanın müstəqilliyinin ən sadiq, cəsur, mərd fədailəridir. Gəncə, gəncəlilər dövlət və dövlətçiliyin qorunması, kənar müdaxilələrə qarşı müqavimətdə ən möhkəm sipərdi. Heç şübhə etimirik ki, bu dəfə də onlar tarixi missiyalarına sadiq qalaraq dövlətçilik ənənələrinə necə bağlı olduqlarını hər kəsə sübut edəcəklər”.
Ə.Nuriyev bəyan edib ki, Azərbaycan cəmiyyəti vaxtaşırı ölkədə sabitliyi pozmağa çalışanların, dövlətimizin asılı vəziyyətə düşməsini arzulayanların layiqli cavabını verib:
"Xalqımız həmişə meydanlarda, daxili siyasi proseslərdə dövlətin, dövlətçilik maraqlarının yanında olub. Məhz bu cür yanaşma dəfələrlə kənardan Azərbaycana eksperimentlərin ixracının qarşısını almağa imkan verib. Bütün bu səylər xalqın müdrikliyinə məğlub olub. Şübhə etmirik ki, bu dəfə də siyasi şarlatanların aksiya, filan keçirilməsi çağırışları yalnız xalqın, gəncəlilərin ironiyası ilə cavablandırılacaq. Xalqımız bu cür insanlara hər zaman gülüb və onlara layiqli qiymətini verib. Yəqin ki, zəngin siyasi lətifə irsimiz özünəməxsus yumoru ilə seçilən gəncəlilərin yaradıcılığı sayəsində yeni "qəhrəmanlar”la zənginləşəcək”.
Millət vəkili Çingiz Qənizadə də bəyan edib ki, terrorçu Yunis Səfərovdan "qəhrəman” düzəldilməsi təəssüf doğuracaq məqamdır. Onun sözlərinə görə, bu addım Azərbaycanı sevməyən, düşmən kəsilən şəxslərin əməlidir:
"Dövlət və hakimiyyət nümayəndəsinə silah qaldıran şəxsdən "qəhrəman” düzəltmək düzgün yanaşma deyil. Y.Səfərovun hüquqlarının müdafiəsi ilə bağlı təşkilat yaratmaq üçün çağırış edilib. Hansı hüquqdan söhbət gedir? O, hakimiyyət nümayəndəsinə silahdan atəş açaraq, sui-qəsd törədib. Birbaşa cinayətin icraçısıdır. Ola bilər, cinayətin digər sifarişçiləri, digər iştirakçıları və arxasında dayanan qüvvələr də olsun. Bu cinayətdə əli olan hər kəs məsuliyyətə cəlb edilərək, qanun qarşısında cavab verməlidir. Bəzi qüvvələr baş verən hər bir bədbəxt hadisə üzərində özlərinin çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Ortada insan taleyi olsa belə, sevinc hissi ifadə edirlər. Bu, yolverilməzdir, insanlığa yaraşmayan addımdır. Kimliyindən və motivindən asılı olmayaraq, Prezidentin bölgədəki nümayəndəsinə edilən sui-qəsd lənətlənməlidir”.
Azərbaycanın ən stabil ölkələrdən biri olduğunu xatırladan parlament üzvü diqqətə çatdırıb ki, islamı və türkü sevməyənlər dövlətimizin işıqlı gələcəyinə təsir etmək məqsədilə stabilliyi pozmağa çalışırlar:
"Sapı özümüzdən olan baltalar sosial çağırışlar edib, insanları radikal addımlar atmağa səsləyirlər. Bu cür addım atan şəxslərin araşdırılıb məsuliyyətə cəlb ediləcəyinə əminəm. Çünki Mingəçevir İES-dəki qəzadan sonra cənab Prezidentin təşkil etdiyi müşavirədə daxili işlər naziri Ramil Usubov da bildirdi ki, ölkədə bəzi arzuolunmaz çağırışlar edilir və həmin çağırışı edənlərin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Azərbaycan xalqı müdrik xalqdır və aprelin 11-də keçirilən seçkilər göstərdi ki, xalqımız Prezidentin ətrafında sıx birləşib. Bütün dünyada olduğu kimi, ölkəmizdə də Prezidentin siyasi kursuna zidd çıxış edən şəxslər var. Onlar mövqelərini itaətsizliklə deyil, qanun çərçivəsində ortaya qoymalıdırlar. Sosial çağırışlar etməklə müşahidə olunan vəziyyət artıq qanun pozuntusudur. Bir daha qeyd edirəm, baş verən hadisə hansı motiv daşımasından asılı olmayaraq, dövlət və hakimiyyət nümayəndəsinə qarşı törədildiyinə görə pislənməli, cinayətkarlar layiqli cəzasını almalıdır”.
İsmayıl