"Kommersiya və sosial ipotekalar həddindən artıq bahadır" - Əlçatan deyil





"İnsanların son zamanlar almaq istədiyi yeganə əlçatan kredit növü ipoteka kreditləridir”.

Bu barədə "Sherg.az”a ipoteka kreditləri haqqında danışarkən iqtisadçı ekspert Natiq Cəfərli bildirib. 

O, ipoteka kreditləri sahəsindəki boşluqlara, bunun mənfi cəhətlərinə də diqqət çəkib:

"Təəssüf ki, sosial ipotekaya çox az vəsait ayrılır və əlçatanlığı problemdir. Çünki sosial ipoteka əldə etmək istəyən şəxslərə bir çox şərtlər tətbiq edilir. Məbləğin həcminin az olması müraciət edən, şərtlərə cavab verən ailələrə kreditlərin verilməsini çətinləşdirir.

Azərbaycanda kommersiya ipotekaları həddindən artıq bahadır. Digər ölkələrlə müqayisə etsək, ipoteka ilə bağlı kreditlər başqa ölkələrdə 1-3 faiz arası dəyişir. Bu isə kreditlərin əlçatanlığını asanlaşdırır, tikintiyə marağı, iqtisadiyyatın dövriyyəsini artırır və insanların işini asanlaşdırır.

Son zamanlar hökumət tərəfindən bəzi müsbət addımlar atılır. Bu ildən sosial evlər layihəsinə də start verilib. Ola bilər, sosial evlər layihəsi ilə ipoteka kreditlərinin verilməsi bir xətt üzrə davam etdirildikdə əlçatanlılıq artsın. İpotekaya müraciətlərin sayının, mənzil şəraitini yaxşılaşdırmaq istəyən şəxslərin də artmasını gözləyə bilərik. Büdcədən kifayət qədər məbləğ ayrıldığından canlanma baş verə bilər.

Kommersiya ipotekasında isə hər hansı irəliləyişin olmasını gözləmək mümkün deyil. Çünki faizlər həddindən artıq yüksəkdir. Tələblərdə də eyni vəziyyətdir. Ailənin gəlirlərinin 1000 manat civarında olması tələb edilir. Ölkəmizdə rəsmi maaşı bu qədər olan çox az sayda insanlar var. Buna görə, kommersiya ipotekasında ciddi irəliləyişin baş verməsi gözlənilmir. Yalnız sosial evlər layihəsində, sosial ipotekanın verilməsində müsbət addımlar ola bilər”.

Aysel Aslan