Körpələrə mənəvi-psixoloji travmalar yaşadan rəhbər vəzifədə necə işləyə bilər?

Sosioloq: “Onsuz da valideynlər uşağı ilə məşğul olan, əziyyətini çəkən müəllimə, tərbiyəçiyə o “hörməti” edir, özü də könüllü olaraq”





Paytaxtın Yasamal rayonunda yerləşən 60 nömrəli uşaq bağçasından valideynlər şikayətçidir. Mövqe.az-ın məlumatına görə, narazılığa səbəb bağçaya yeni gələn direktorun tətbiq etdiyi qaydalardır. Valideynlər iddia edir ki, direktor Məsmə Quliyeva hər uşağa görə onlardan 50 manat pul istəyib. Bu pulu verə bilməyən valideynlərin uşaqlarını isə yaratmış olduğu yeni qrupa yığır.

Valideynlər arasında "Kasıblar qrupu” adlandırılan qrupda yaş fərqi olmayaraq, bütün uşaqlar eyni dərsi keçir. Bu da onların təhsil səviyyələrinə mənfi təsir göstərir. Bu səbəblə, 20-dən çox valideyn Bakı Şəhər İcra Hakimiyyətinə şikayət ərizəsi ilə müraciət ediblər.
Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilən məlumata görə, 60 saylı uşaq bağçasında "Kasıblar” və "VİP” qrupların yaradılması ilə bağlı araşdırma aparılır.

Bildirilib ki, məsələ ilə bağlı valideynlər və direktorla görüş keçirilib, onların şikayətləri dinlənilib: "Valideynlər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri Eldar Yunusovun qəbulunda olublar. Hər iki tərəf dinlənildikdən və məsələ araşdırıldıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Xəbəri oxuyarkən əsası olmayan informasiya kimi dəyərləndirən sosioloq-jurnalist Lalə Mehralı sonradan hadisənin gerçəkdən də olmuş və hazırda davam edən hadisə olduğuna əmin olub. Sosioloqun fikrincə, dövlət bağçasında, dövlətin imkanlarından istifadə edərək öz mənfəəti üçün qazanc yeri yaradan, bununla da vətəndaşların haqqını tapdayan, körpələrə mənəvi-psixoloji travmalar yaşadan bir rəhbər o vəzifədə necə işləyə bilər? Kasıb-varlı qrupu nə deməkdir? Bu, hansı ağla, məntiqə, hüquqa sığar? Dövlət bağçaları pulsuz xidmət göstərir, amma valideynlər müəllimlərin əziyyəti müqabilində imkan daxilində maddi dəstək göstərirlər, biz buna "hörmət” deyirik millət olaraq.

L.Mehralının sözlərinə görə, onsuz da valideynlər uşağı ilə məşğul olan, əziyyətini çəkən müəllimə, tərbiyəçiyə o "hörməti” edir, özü də könüllü olaraq: "Bayramlarda, özəl günlərində hədiyyə yox, pul verirlər, çünki məlum məsələdir ki, hamının pula ehtiyacı olur və hədiyyə yerinə pulu məqbul sayır. Amma heç bir bağçada rəhbərlik varlı-kasıb qrupu yarada biləcək ixtiyara sahib deyil. Bu, vətəndaşı dövlətin üzərinə qaldırmaqdır, hüququnu pozmaqdır. Mən hələ bunun təşkilati təzadlarını demirəm. Belə çıxır ki, müxtəlif yaş qruplarında olan "varlı” uşaqları eyni qrupa yığıb natamam bir qrup yaradırlar. Axı hər yaş qrupunun ayrıca sinfi olur bağçalarda. Məktəbəqədər hazırlıq qrupu ilə körpələr qrupu eyni otaqda saxlanır, eyni tərbiyəni tətbiq edirlər deməli. Bu da qanunauyğun deyil. Əminəm ki, lazımi orqan bir tədbir görəcək”.

"Təsəvvür edin 5-6 yaşında uşaq gəlib deyir ki, bağçada bizi "kasıblar” adlandırırlar”

"Dövlət bağçalarının təsdiq edilmiş əsasnaməsi var. Bu müəssisələr valideynlərdən əlavə pul tələb etməməlidir”. Bunu isə "Sherg.az”a Bakıda bağçaların birində direktorun pul verməyən uşaqları "kasıblar qrupu”na ayırmasına münasibət bildirərkən "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova deyib.
O bildirib ki, məktəbəqədər təhsil müəssisəsində uşaqları bu cür ayrı-seçkiliklə tərbiyə etmək humanist addım deyil: "Bu kimi hadisələri, pul gətirməyən uşaqlar arasında ayrıseçkilik yaradılmasını, müəllimlərin uşaqları incitməsini mətbuatdan tez-tez oxuyuruq. Bağçalarda uşaq sayı ilə bağlı da problemlər mövcuddur. Bəzən eşidirik ki, bağça rəhbərliyi uşaq qəbul etmək istəmir, pul tələb edir. Bunu da hardasa başa düşmək olur ki, maliyyə çatışmazlığı yaranıb. "Kasıblar qrupu” deyə uşaqları bölmək bağça direktorunun məsuliyyətə cəlb olunmasına səbəb ola bilər. Dövlət bağçalarında dövlətə ödənilən məlum məbləğ var. Məsələn, mənim öz övladım dövlət bağçasına gedəndə 10 manat pul ödəyirdim. Bundan kənar bir nəfər də məndən pul istəməyib. Bu cür hallarla qarşılaşan valideynlər yerli icra hakimiyyətinə müraciət etsinlər. Hüquqi müstəvidə hansısa fakt varsa, bunu məhkəməyə qədər gətirib çıxara bilərlər”.

Noyabr ayının 20-nə kimi Uşaq Hüquqları Aylığı olduğunu xatırladan G.Səfərova bu müddətdə belə faktın uşaq hüquq təşkilatlarını hərəkətə keçirəcəyini bildirib: "Düşünün, 5-6 yaşında uşaq gəlib deyir ki, bağçada bizi "kasıblar” adlandırırlar. Həmin uşaqlardan necə güclü iradəli, vətəni sevən vətəndaş yetişdirə bilərik?”.

Şəymən