"Korrupsiyaya qarşı mübarizə ilə bağlı yeni fəaliyyət planı hazırlanır"

"Əlimməd Nuriyev:"Burada həm müvafiq dövlət qurumları, həm də vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər. hesab edirəm ki, yeni fəaliyyət planı daha rasional, əhatəli və effektli həyata keçiriləcək”
"Korrupsiya və rüşvətxorluğa qarşı 2005-ci ildən etibarən sistemli mübarizə aparılır. Bir çox dövlət proqramları qəbul olunub, qanunvericilik bazası və bəzi regional təsisatlar yaradılıb”.
Bunu "Sherg.az”a "Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev dünən Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında ölkə başçısının "Korrupsiya və rüşvətxorluğa qarşı bundan sonra da ciddi mübarizə aparılacaq” fikirlərinə münasibət bildirərkən söyləyib. 
O vurğulayıb ki, bu gün mövcud olan təsisatlar korrupsiyaya qarşı mübarizə tədbirlərinin effektiv qurulmasına imkan verir:
"Hər il korrupsiyaya qarşı mübarizə ilə bağlı beynəlxalq təşkilatların reytinqi açıqlanır. Siyahıdan görünür ki, Azərbaycanın mövqeyi irəliləməkdə davam edir. "ASAN Xidmət”in yaradılması əslində korrupsiyaya qarşı mübarizə tədbirlərinin ən effektiv nümunələrindən biridir. Eyni zamanda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, "Elektron Hökumət”in təşkili, bununla bağlı hökumət-vətəndaş cəmiyyəti platformasının yaradılması, vətəndaş cəmiyyətinin bu məsələdə yaxından iştirakı, anti-korrupsiya layihələrinin dəstəklənməsi və s. korrupsiyaya qarşı mübarizənin əsas istiqamətlərdən biridir. Avropa təşkilatlarının, beynəlxalq təsisatların korrupsiyaya qarşı bir çox proqramlarımızı dəstəkləməsi də bu sahədə siyasi iradənin olduğunu göstərir. Bu proses davamlı olmalıdır”.
Ə.Nuriyev diqqətə çatdırıb ki, ölkə başçısının Mingəçevir İES-də baş verən hadisəni diqqətdə saxlaması, Nazirlər Kabinetinin iclasında bir daha bu məsələyə toxunması islahatların hə zaman mühüm olduğunu göstərir:
"İslahatların həyata keçirilməsinin ən vacib tərəflərindən biri də bu tipli problemlərin aradan qaldırılmasıdır. Korrupsiyaya qarşı mübarizə ilə bağlı yeni fəaliyyət planı hazırlanır. Burada həm müvafiq dövlət qurumları, həm də vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər. Ona görə, hesab edirəm ki, yeni fəaliyyət planı daha rasional, əhatəli və effektli həyata keçiriləcək”.
Aysel Aslan