Hikmət Babaoğlu:"... Lavrovun fikirlərini xatırlasaq, problemin həllinə ən azı Rusiyada yeni yanaşmanın meydana gəlməsi barədə fikir söyləyə bilərik. Amma bu çox da ümidverici deyil"
"Krakov görüşü münaqişənin həllində dönüş nöqtəsi ola bilər”
Bunu "Sherg.az”a Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupu həmsədrləri ilə keçirilən görüşündən danışarkən "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
O xatırladıb ki, 2016-cı il aprel döyüşlərindən sonra 2017-ci ilin Dağlıq Qarabağ probleminin həllində intensiv və substantiv danışıqlar ili kimi yadda qalması Azərbaycanın xarici siyasətinin uğurudur:
"Krakovda keçiriləcək görüş də elə 2017-ci ildə başladılan intensiv diplomatik axtarışların davamı kimi qiymətləndirilməlidir. Bu görüşün nəticəsinin necə olacağı haqqında doğru qənaət ifadə etmək üçün ilk növbədə 2018 -ci ilin ilk günlərində problemi həll edəcək güc mərkəzlərinin mövqelərinə diqqət etmək və buradakı yeni impulsiv fikirləri nəzərdən keçirmək lazımdır.
Problemin həllində mühüm strateji mövqeyə sahib, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu günlərdə mətbuat açıqlama verərkən ilk dəfə problemin mərhələli həlli yolundan danışdı. Bu mövqe Azərbaycanın mövqeyi ilə üst-üstə düşür və dərhal xarici işlər nazirimiz tərəfindən də haqlı olaraq alqışlandı. Eyni zamanda Lavrov 2018-ci ildə danışıqlara yeni impulsların daxil ola biləcəyinə işarə etdi.
Əgər bir qədər daha əvvələ gedib iki il bundan qabaq Rusiyanın xarici siyasətində kordinal dəyişikliklərin olacağı ilə bağlı Lavrovun fikirlərini xatırlasaq, onda problemin həllinə ən azı Rusiyada yeni yanaşmanın meydana gəlməsi barədə fikir söyləyə bilərik. Amma bu çox da ümidverici deyil.
Dağlıq Qarabağ problemini həll etmək üçün ən azı ATƏT-in digər həmsədrləri də problemi həll etməklə bağlı konkret siyasi iradə nümayiş etdirməlidirlər. Məsələn, iki gün öncə BMT baş katibinin də problemin həlli ilə bağlı çağırışı oldu. Bütün bunlar ümidvericidir, diplomatiyamızın gərgin işinin, Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial mövqeyinin nəticəsidir.
Bu addım beynəlxalq və regional geosiyasi vəziyyətin lehimizə dəyişməsidir və yüksək qiymətləndirilməlidir. Ancaq problemin həlli üçün mütləq həmsədr ölkələr beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe nümayiş etdirməlidirlər. Krakov görüşünün nəticəsi də elə bu mövqedən asılı olacaq. Hazırkı şərtləri nəzərə alsaq, ehtiyatlı bir ümidin olduğunu söyləyə bilərik”.
Qeyd edək ki, görüşə həmsədrlər - Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovla (Rusiya) ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.
Dağlıq Qarabağ münaqişəsinin həli istiqamətində danışıqlar prosesi ətraflı müzakirə edilib.
Aysel Aslan