Kremlin dirənişi artıq sona çatır

ABŞ Rusiyanı iqtisadi cəhətdən çökdürməyə çalışır




ABŞ və Rusiya arasında gərginlik növbəti mərhələyə qədəm qoyub. Vaşinqton hökuməti Rusiya şirkətləri ilə işgüzar əlaqədə olan üçüncü dövlətlər və müəssisələrə qarşı da sanksiyalar tətbiq etmək niyyətində olduğunu bildirib. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bəyan edib. Dövlət Departamentindən bildirilib ki, bu addım Rusiya ilə silah bazarında rəqabət vasitəsi olmayacaq.

Məlumata əsasən, ABŞ sanksiyalar barədə bütün müttəfiqlərini xəbərdar edib. Moskva da Amerikaya qarşı adekvat addımlar atmağa başlayıb. Rusiya Prezidenti Putin bəyan edib ki, ABŞ ortamənzilli nüvə sazişindən çıxarsa, Kreml buna dərhal və eyni şəkildə cavab verəcək. Putin bildirib ki, Moskva digər ölkələrə cavab olaraq yeni silah sistemini inkişaf etdirməyə hazırdır. Ölkə rəhbəri ABŞ-ın Rusiyada fəaliyyət göstərən media qurumlarını hədələyərək deyib ki, əgər Amerika rəsmiləri ABŞ-da işləyən Rusiya medialarına məhdudiyyətlər qoysalar, onda Moskva da buna bənzər qadağalar tətbiq edəcək. 

Tərəflər arasındakı qarşıdurmanı "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, nüvə başlıqlı raketlərin inkişafına qadağa qoyan saziş 1987-ci ildə Mixail Qorbaçovla ABŞ Prezidenti Ronald Reyqan arasında imzalanıb. Ekspertin sözlərinə görə, o vaxtdan başlayaraq, iki rəqib ölkə biri-birinə rəqibdirlər: 

"Zaman-zaman münasibətlər bir qədər yumşalsa da, gərginlik heç vaxt tam səngiməyib. Rusiya və ABŞ biri-birinə rəqib dövlətlərdir. Bu baxımdan onların qarşıdurması hər zaman olacaq. Amerika strateqləri Rusiyanı iqtisadi cəhətdən çökdürməyə çalışırlar. Amerikalılar başa düşürlər ki, Rusiyanın böyük imkanları var. 

Onları ələ keçirmək üçün Moskvanı diz çökdürmək lazımdır. Rusiya da anlayır ki, onun zəifləməsi rəqibinin xeyrinədir. Ona görə də Rusiya hücum mövqeyinə keçib. Rusiyanın ABŞ qarşısında duruş gətirməsi üçün kifayət qədər hərbi-siyasi potensialı var. 

Lakin Rusiya üçün vəziyyət heç də ürəkaçan deyil. Kremlə yaxın gələcəkdə ciddi təhlükələr yaradıla bilər. Moskvanın son illər nümayiş etdirdiyi dirənişin artıq sona çatdığı görünür. Putin hakimiyyətinə qarşı etirazların çoxalacağını da ehtimal edə bilərik”.

İsmayıl