Mediada təqsirsizlik prezumpsiyası pozulur

Xanlar Xoca: “Media yalnız ölkə ictimaiyyətini sarsıdan cinayətlərdə hüquq-mühafizə orqanlarının məsləhət bildiyi görüntüləri və açıqlamaları yaymalıdır”
Niyaz Niftiyev: “Biz media olaraq yalnız bu tipli xəbərləri rəsmi qurumlara istinadən yaymaq məcburiyyətindəyik”


(Əvvəli ötən sayımızda)

Həyatın bütün sahələrində insanların öz hüquqlarını bilməsi vacibdir. Amma bir sıra peşələr var ki, bu sahədə hüquqi biliklərin olması gündəlik iş şəraitinin tələbidir. Jurnalistika da məhz belə sahələrdən biridir. Bu peşə sahibləri işlərində hüquqi problemləri olan vətəndaşlarla tez-tez işləyirlər. Amma bu sahədə peşəkarlıq o qədər də ürəkaçan səviyyədə deyil. Belə ki, telekanallarda, saytlarda və qəzetlərdə kriminal xəbərlərin təqdim olunmasında bəzi problemlər var. Hüquqi terminologiyadan düzgün istifadə olunmaması çox zaman insanların konstitusion hüquqlarının pozulmasına səbəb olur.

Öncə başlayaq Ali Qanunumuz olan Konstitusiyanın 63-cü maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasından: "Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var. Cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində cinayət qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, həmin insan təqsirsiz sayılır”.

Ancaq Azərbaycanda verilən kriminal xəbərlərdə baş verən hadisə haqqında məlumat verilir və hadisəni konkret şəxsin törətdiyi qeyd edilir. Beləliklə də hadisənin məhz həmin şəxs tərəfindən törədildiyi tamaşaçılara, geniş ictimaiyyətə fakt kimi təqdim olunur.

Məsələn, "Filankəs qonşusu filankəsi güllələyib”. Bir çox hallarda isə hüquq-mühafizə orqanlarının əməkdaşları müxbirin dediyini təsdiqləyir, şübhəli şəxsin hadisəni törətdiyini etiraf edir. Buna baxmayaraq, istintaq bitmədən və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, qərarı olmadan şəxsin cinayət törətdiyini demək Konstitusiyanın 63-cü maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyası ilə kəskin ziddiyyət təşkil edir.

Ali Qanunun bu maddəsi konkret olaraq şəxslərə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan "cinayətkar” deyilməsini qadağan etsə də, bəzən bu kimi ifadələrə də yol verilir. Yəni "hadisəni törətməkdə şübhəli bilinən” və ya "təqsirləndirilən şəxs” ifadəsi əvəzinə, "cinayətkar” ifadələri də işlədilir və hadisəyə məhkəmə tərəfindən hüquqi qiymət verilmədiyi halda bu şəxslər cinayətkar kimi təqdim olunurlar. Digər bir problem isə cinayəti törətməkdə şübhəli bilinən şəxslərin qolu qandallı, polisin müşayiəti ilə aparılmasının televiziyalar vasitəsilə göstərilməsidir. Bu səhnə həmin şəxs haqqında təhlükəli cinayətkar obrazı yaradır. Halbuki istintaq başa çatmadan və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan hadisəni həmin şəxsin törədib-törətməməsi məlum deyil və istintaq nəticəsində hadisəni tamam başqa bir şəxsin törətməsi də ortaya çıxa bilər.

Qeyd edək ki, Mülki Cəmiyyətə Doğru Mərkəzi "KİV-də təqsirsizlik prezumpsiyası prinsipinə əməl olunması ilə bağlı vəziyyətin monitorinqi: nəticələr və tövsiyələr” mövzusunda "dəyirmi masa” keçirib. "Dəyirmi masa” Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "KİV-də təqsirsizlik prezumpsiyası prinsipinə əməl olunması ilə bağlı vəziyyətin monitorinqi və maarifləndirmə tədbirlərinin təşkili” adlı layihə çərçivəsində gerçəkləşib. Monitorinqin nəticələrinə görə, sözügedən istiqamətdə mediada problemlər təxmin edildiyindən də dərindir. Bu problemlərin yaranma səbəbləri müxtəlif ola bilər. Ən diqqətçəkən məqam yayımlanan məlumatların başlıqlarıdır. İlk növbədə oxunaqlı olmaq, xəbərlərin izlənilməsini təmin etmək, reytinq qazanmaq üçün diqqətçəkici başlıqlar seçmək məqsədi güdülür. Bu məqsədlə sensasiyalı başlıqlar verilir və bununla şəxslərin təqsirsizlik prezumpsiyası hüququ pozulur. Digər önə çıxan məsələ jurnalist peşəkarlığı məsələsidir. Xəbərlərin yazılışından, seçilən ifadə tərzindən bəlli olur ki, jurnalistlərin bu istiqamətdə maarifləndirilməsinə ciddi ehtiyac var. Jurnalistlərin hüquqi bilgiləri çox azdır və onlar xüsusilə kriminal xəbərlərlə işləməyi, habelə şəxsi həyata hörmət prinsipinin mahiyyətini bilmirlər. Digər bir diqqətçəkən məqam da redaktorların məsuliyyətsizliyi məsələsidir. Redaktorlar jurnalistlərin boşluqlarını tamamlamalı, səhvlərə və pozuntulara yol verməməlidir. Halbuki çox sayda belə pozuntuların yayılması göstərir ki, məsul redaktorlar da bu istiqamətdə müəyyən maarifləndirməyə ehtiyac hiss edirlər.

Bəs, baş redaktorlar nə düşünür? Təqsirsizlik prezumpsiyası ilə bağlı Azərbaycan mətbuatında problem varmı və bu problemlərin yaranma səbəbləri nəylə bağlıdır?

"Yenilik.az” saytının baş redaktoru, hüquqşünas Xanlar Xoca ümumilikdə Azərbaycan mediasında müxtəlif sahələrlə bağlı böyük problemlər olduğunu deyib: "Dindən yazan jurnalistin dini, kriminaldan yazanın hüquqi, tibdən yazanın tibbi sahədə elementar bilikləri bəzən sıfır səviyyəsində olur. Bu sahədə ən pis vəziyyət televiziyalarda yaşanır. Çünki hüquq-mühafizə orqanları hansısa şəxsi saxlayanda ilk olaraq telekanallar xəbər tutur və çəkiliş aparırlar. Bu zaman da heç bir hüquqi norma gözlənilmir, müxbirlər mikrofonu az qala zorla şübhəli şəxsin ağzına salaraq "niyə belə elədin” tipli sualları ilə şəxsin həm təqsirsizlik prezumpsiyası hüququnu pozur, həm də vəkilini çətin vəziyyətə salırlar. Şübhəli şəxs ağzından bir söz qaçırdır və bu, sonra onun məhkəmədə əleyhinə işləyir. Hesab edirəm ki, ümumiyyətlə saxlanılan və şübhəli şəxslərin cinayət törətməsi məhkəmə qaydasında tam sübuta yetirilmədən ictimailəşdirilməsi və ifadələrinin yayılması insan hüquqlarının pozulmasıdır və media olaraq bu hüquq pozuntusunda iştirak etməməliyik”. Baş redaktorun sözlərinə görə, media yalnız hüquq-mühafizə orqanlarının rəsmi açıqlamalarını yaymaqla kifayətlənməli, istisna olaraq ölkə ictimaiyyətini sarsıdan cinayətlərdə hüquq-mühafizə orqanlarının məsləhət bildiyi görüntüləri və açıqlamaları yaymalıdırlar: "Bu sahədə özfəaliyyət qəti yolverilməzdir. Lakin təəssüf ki, bəzən televiziya və saytlarda kriminal mövzularda yazan müxbirlər az qala özlərini prokuror və müstəntiq kimi aparır, şübhəli şəxsi ittiham edirlər. Nəzərə almaq lazımdır ki, saxlanılan şəxs hələ şübhəli bilinir və o, məhkəmədə hətta bəraət də ala bilər. Ona görə də reytinq qazanmaq xatirinə bir insan həyatını məhv etmək olmaz. Bununla bağlı konkret misal da çəkə bilərəm. Təxminən 2 il bundan əvvəl telekanallarda, sonra isə saytlarda belə bir xəbər yayıldı ki, "İnterpol” tərəfindən axtarışda olan Azərbaycan vətəndaşı həbs olundu. Lakin səhəri gün mən həmin şəxsi Avtovağzalda rayonlara sərnişin yığan yerdə gördüm. Onu televizorda gördüyümü və nə baş verdiyini, həbsdən necə azad olduğunu soruşduqda bildirdi ki, həbs olunmayıb, sadəcə axtarışda olduğu üçün saxlanılıb və izahatı alındıqdan sonra ölkəni tərk etməmək şərti ilə sərbəst buraxılıb, bildirilib ki, lazım olarsa yenidən çağırılacaq. Lakin həbs xəbəri yayıldıqdan sonra hamı ondan qaçırdı, maşınına da oturmurdular ki, bu nəsə təhlükəli adamdır. Belə faktlar Azərbaycan KİV-də yüzlərlədir. Həm hüquq-mühafizə orqanları, həm də KİV rəhbərləri belə halların qarşısını almaq üçün birgə səy göstərməli, ümumiyyətlə polis bölmələrinə telekanallar ya buraxılmamalı, ya da şübhəli şəxslə ünsiyyətə imkan verilməməlidir”. "Azadinform” informasiya agentliyinin Baş redaktoru, araşdırmaçı-jurnalist Niyaz Niftiyev isə təəssüflə təqsirsizlik prezumpsiyası ilə bağlı vəziyyətin ürəkaçan olmadığını deyib: "Biz media olaraq yalnız bu tipli xəbərləri rəsmi qurumlara istinadən yaymaq məcburiyyətindəyik. Burada medianı da ittiham etmək düzgün deyil, biz sadəcə xəbər istehsalı ilə məşğuluq, yəni xəbər motivindən asılı olmayaraq aidiyyəti rəsmi qurumlar tərəfindən gəlirsə, vermək zorundayıq. Məsələn, deyək ki, Baş Prokurorluq, DİN-in, DTX-nin xəbərləri şübhə altına alına bilməz, təsdiqlənmiş xəbərlərdir. Əlbəttə, məsələnin ikinci tərəfi də var. Təbii ki, biz hüquqi cəmiyyətdə yaşayırıq və hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Belə olan halda həmin şəxs və yaxud da onun qanuni nümayəndəsi dərhal açıqlama yaymalı və cəmiyyəti media vasitəsi ilə məlumatlandırmalıdır. Son vaxtlar bu kimi təkzibetmələri və ya açıqlamaları daha çox sosial şəbəkələr vasitəsi ilə yayırlar, bu da düzgün deyil. İstənilən ciddi media deyək ki, feysbukda yayılan bu tip açıqlamaları ictimailəşdirməz. Səbəb isə sosial şəbəkələrin hüquqi əsasının olmamasıdır. Əlbəttə ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsiri sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Media da məhkəmənin qərarı olmadan şəxs haqqında informasiya yaymaq, xəbər istehsal etmək hüququnda deyil. Biz də fəaliyyətimizdə çalışırıq ki, bu kimi nüansları diqqətlə nəzərə alaq”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də təqsirsizlik prezumpsiyası ilə bağlı ciddi problem olduğunu deyib: "Düzdür, bu sahədə kifayət qədər problemlər var. Amma əsas məsələ ondan ibarətdir ki, problemlərin aradan qaldırılması üçün müəyyən addımlar da atılır. Xatırlayırsınızsa, ötən il İnzibati Xətalar Məcəlləsinə və eyni zamanda "KİV haqqında” qanuna müvafiq dəyişikliklər edilib. Bunu isə zəruri edən səbəblər vardı. Bəzi hallarda media orqanları saxlanılan şəxsləri cinayətkar və artıq haqqında hökm verilmiş biri kimi təqdim edirlər. Hansı ki, şübhəli şəxslə, artıq günahı təsdiq olunan şəxslər arasında fərq var. Hesab edirəm ki, jurnalistlər bu cür məsələlərdə kifayət qədər ehtiyatlı olmalıdırlar. Saxlanma və ya sorğu hələ onun cinayətkar olması demək deyil. Heç bir sübut olmadan hansısa şəxsin "cinayətkar” adlandırılması həmin insan haqqında mənfi fikir formalaşdırır. Sonradan həmin adamın günahsız olduğu aşkarlansa belə, artıq media onun haqqında mənfi rəy yaratdığı üçün adaptasiya problemləri ortaya çıxır”.

(Davamı olacaq...)

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb