Mediamızda ekspert “qıtlığı” var

Müşfiq Ələsgərli: “Ölkədə media üçün lazımi anda “əlçatımlı olan ekspert institutu” problemi mövcuddur”Vüqar Zifəroğlu: “Qərbdə, Rusiyada, elə qardaş Türkiyədə də bir çox sahələr üzrə ekspert olaraq məhz media işçilərinə müraciət edilir”
(Əvvəli ötən sayımızda)
Bir neçə gün öncə "Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı medianın müsahib və ekspert sarıdan qıtlıq yaşadığını, oxucunun eyni simaları görməkdən, təkrarçılıqdan bezdiyini qeyd edərək problemin aradan qaldırılması üçün öz təkliflərini açıqlayıb. "Teleqraf” Media Qrupunun rəhbəri diqqəti bəzi jurnalistlərə çəkərək onların yazı redaktə etməkdən kənarlaşdırılıb, məhz politoloji fəaliyyətə yönəldilməsini, bu fonda Azərbaycanda təşkilatların, siyasi institut və beyin mərkəzlərinin yaradılmasını və sözügedən şəxslərin orada çalışmasını təklif edib:
"Yəqin redaktor dostlarım da təsdiqləyər ki, artıq xeyli vaxtdır media olaraq müsahib, ekspert sarıdan çox ciddi əziyyət çəkirik.
Bir yandan bəzi köhnə ekspertlər yorulub, KİV-ə əvvəlki dəstəyi göstərmək istəmirlər, o biri yandan da oxucu eyni simaları görməkdən, bənzər fikirləri oxumaqdan, təkrarçılıqdan bezib. Bir qism ekspertlərsə istədiklərini artıq əldə etdiklərinə görə mediaya əvvəlki həssaslığı azaldıblar, hesab edirlər ki, kifayət qədər populyar və əvəzolunmazdırlar, onların jurnalistlərə yox, jurnalistlərin onlara ehtiyacı var. Ortada itirən isə təbii ki, həm dövlətimiz, həm də mediadır. Media güclü silahdır. Yeni simalar, intellektuallar, düşünən beyinlər, ideya generatorları, medianın rolunu, əhəmiyyətini anlayanlar azaldıqca KİV-in maraqlılığı, rəngarəngliyi, oxunaqlığı və gücü, cazibəsi azalır”.
Qeyd edək ki, Aynur Camalqızının bu təklifi media cameəsində maraqla qarşılanıb və xeyli sayda dəstək qazanıb. Təbii ki, fərqli düşünənlər də yox deyil.
"Ekspert qıtlığı”nın kifayət qədər ciddi problem olduğunu deyən Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin fikrincə, bu, indiki dövrün problemi deyil: 
"Uzun müddətdir ki, Azərbaycan mediası bu problemin əziyyətini çəkir. Bəzi sahələr üzrə ekspertlər mövcuddurlar, amma sayları kifayət qədər azdır. Bu, həm ekspertlərə əlçatımlıq problemi yaradır, həm də təqdim edilən materialı oxucu, dinləyici, tamaşaçı üçün maraqsız edir. Eyni şəxsi və eyni fikirləri nə qədər eşitmək olar?! Bəzi sahələr üzrə, ümumiyyətlə ekspert tapılmır, mövzunun şərh edilməsi jurnalistin imkanlarına bağlanır. Müxtəlif tədbirlərdə mən də dəfələrlə "ekspert qıtlığı” mövzusuna toxunmuşam, xüsusən cəbhə bölgəsində vəziyyət gərginləşəndə "hərbi ekspert” məsələsi ciddiyyəti ilə ortaya çıxmışdı. Amma media üçün ekspert çatışmazlığı təkcə siyasi və ya hərbi sahədə özünü göstərmir, iqtisadi, mədəni, dini, hüquqi, təhlükəsizlik, hətta media məsələlərinin özündə də bu problem aktuallığını qoruyub saxlayır. Qısa desək, ölkədə media üçün lazımi anda "əlçatımlı olan ekspert institutu” problemi mövcuddur. İki nümunə göstərməklə, mövzunun aktuallığı barədə təsəvvür formalaşdırmaq olar. Xatırlayarsınız ki, Türkiyə ilə Rusiya arasında təyyarə vurulması böhranı yaşananda, siyasi ekspertlər "sükuta daldıqları” üçün jurnalistlər hadisəni özləri şərh etməyə çalışmışdılar. Verilən şərhlər professional olmadığı, emosiyalara söykəndiyi üçün ictimai rəydə çaşqınlıq yaranmasına səbəb olmuşdu və bu, az qala hətta siyasi qalmaqala çevriləcəkdi. Mən həmin vaxtı "Yoxa çıxan politoloqlar, ittiham olunan jurnalistlər” başlığı ilə bir yazı yazdım. Qeyd etmişdim ki, jurnalistləri yanlış şərh yazmaqla siyasi qalmaqal qoparmaqda ittiham edənlər, nədənsə, "danışmalı olan ekspertlərin susqunluğuna diqqət yetirmirlər”. Növbəti bənzər hadisə siyasətçilərdən birinin "həbsdə olan jurnalistlər” mövzusunu şərh edərkən ortaya çıxmışdı. Həmin siyasi ekspert media məsələlərinin incəliyinə bələd olmadığı üçün, verdiyi şərh də ciddi problem yaratmışdı. Misalların sayını onlarla artırmaq mümkündür. Vurğulamaq istədiyim odur ki, belə hallar intensiv olaraq yaşanır, ekspert qıtlığı və ya ekspertlərin biri-birlərinin sahələrinə müdaxilə etmələri, diletantcasına şərhlər vermələri ciddi problemlərə yol açır. Siyasət adamı media ekspertliyi edəndə, yaxud, əksinə, jurnalist siyasi şərhçi funksiyasını icra edəndə ciddi anlaşmazlıqlar ortaya çıxır. Hərbi, hüquqi, iqtisadi, təhlükəsizlik mövzularını da bura əlavə etmək olar. Amma məncə, müzakirələr ekspert probleminin olub-olmaması üzərində fokuslaşmamalıdır. Problem, gerçəkdən mövcuddur. Araşdırmalı olduğumuz məqam bu problemin nədən qaynaqlanmasıdır. "Vəziyyətdən necə çıxmaq olar” sualı üzərində düşünmək daha effektlidir”.
Jurnalistlərin yazı redaktə etməkdən kənarlaşdırılıb, məhz politoloji fəaliyyətə yönəldilməsinə gəldikdə isə M.Ələsgərli deyib ki, ekspert üçün vacib olan şərtlərdən biri informasiya bankına sahib olmasıdır. O, uzun müddət informasiyaları izləməli, toplamalı və lazım gələndə bu informasiyaları müqayisəli təhlil edib nəticə çıxarmağı bacarmalıdır: 
"İnformasiya bankına sahib olmaq baxımından jurnalistika ekspertliklə yaxındır, amma bu, ekspert olmaq üçün yeganə şərt deyil. Məsələn, informasiya bankı olsa da belə, bir jurnalist tibbi, hüquqi, iqtisadi, hərbi sahədə necə ekspertlik edə bilər ki? Burada ekspertlik etmək istədiyin sahə üzrə həm də elmi bilgilərə, ixtisasa sahib olmağın, analitik təfəkkürə malik olmağın, xarici dil bilgilərini mənimsəməyin tələb olunur ki, yeri gələndə paralellər aparmaq imkanın yaransın. Ekspertlik üçün tələb olunan keyfiyyətlərin sayı çoxdur və burada kommunikativ olmaq, yaxud informasiya bankına sahib olmaq yeganə şərt deyil. Bütün bu keyfiyyətlərə sahib olduqdan sonra, ekspert kimi özünün menecmentini, marketinqini qurmaq mərhələsi gəlir ki, məncə, ölkədəki "ekspert qıtlığı” probleminin əsas səbəbi də buraya bağlanır. Fərz edək ki, bir ekspert gün üzrə aktiv fəaliyyətini informasiya toplanılmasına, onların təhlilinə, yekun nəticə çıxarılmasına həsr edir. Yəni, sadə ifadə etsək, öz ixtisası üzrə məhsul istehsal edir. Onun məhsulunu alan, qarşılığında vəsait ödəyən varmı? KİV-lər ekspert kimi müraciət etdikləri, hər hansı bir məsələ üzrə rəy aldıqları ekspertlərə bunun qarşılığında vəsait ödəyirlərmi? Ölkəmizdə belə bir ənənə varmı? Əgər məhsulu satmaq üçün bazar yoxdursa, onda kim və nə maraqla öz gününü, vaxtını, əməyini həsr edib hadisələri izləməli, təhlilllər aparmalı, rəy hazırlayıb yaymalıdır? Bir daha fikrimə qayıtmaq istəyirəm ki, ekspert qıtlığında əsas səbəblərdən biri kimi, menecment və marketinq problemini görürəm. İndi bəzi KİV-lərdə bu ənənə formalaşmağa başlayır. Amma proses hələ kustar mərhələdədir. Məsələn, bəzi KİV-lər hansısa sahə üzrə eksperti əməkdaş kimi işə cəlb ediblər. Nəzərə alsaq ki, KİV-lər hər gün 10-la mövzu üzrə çeşidli xəbərlər istehsal edirlər, hər bir mövzu üzrə öz ekspertinə malik olmaq mümkündürmü? Müşahidələr göstərir ki, KİV-lərin əksəriyyəti ekspert məsələsində yaranmış boşluğu ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış QHT-lərə üz tutmaqla doldururlar. Fikrimcə, bu, daha məqbul variantlardan biridir. Amma KİV-lər nəzərə almalıdırlar ki, bu məsələdə QHT-lərin də öz maraqları var. Əməkdaşlıq yalnız KİV-lərin maraqlarının təmin olunması üzərində, birtərəfli qaydada qurulmamalıdır. Əməkdaşlığın dərinləşdirilməsi üçün KİV-lərin də üzərinə düşən öhdəliklər var ki, bu nüansa diqqətlə yanaşmaq zəruridir”.
Bakı Dövlət Universitetinin dekanı Vüqar Zifəroğlu da Aynur Camalqızının təklifinin yerində verilən təklif olduğunu deyib və ixtisasca beynəlxalq jurnalistikanı bitirən bir şəxs kimi bu fikri tam dəstəklədiyini qeyd edib: 
"Məsələ bundadır ki, baş verən hadisələrin düzgün analitik təhlillərini çox zaman məhz jurnalistlər daha yaxşı təqdim edə bilirlər. Bilirsiniz niyə? Çünki onlar əldə edilmiş informasiya ilə işləməyi və onu düzgün qiymətləndirməyi bacarırlar. Bu isə analitik təhlillərdə son dərəcə vacib məqamdır. Eyni zamanda onu da vurğulamaq istərdim ki, əslində Qərbdə, Rusiyada, elə qardaş Türkiyədə də bir çox sahələr üzrə ekspert olaraq məhz media işçilərinə müraciət edilir. Çünki peşəkar jurnalist illərlə yazdığı sahənin bütün incəliklərinə bələd olur, onun bütün əsaslarını öyrənir. Zatən belə etməsə, peşəkar olmaz”.
Azərbaycan mediasında ekspert qıtlığının həqiqətən də müşahidə edildiyini vurğulayan Vüqar müəllim bunu öz həmkarları - jurnalistlərlə olan söhbətlərində də tez-tez eşitdiyini deyib: 
"Məsələ bundadır ki, bizdə daha çox hərşeyşünaslar formalaşmaqdadır, nəinki konkret bir sahə üzrə ixtisaslaşmaq və o sahənin bilicisinə çevrilmək. Məsələn, bir adam həm tarixçi, həm də ədəbiyyatçı, ilahiyyatçı ola bilməz. Və ya bir beynəlxalq jurnalistin, həm Yaxın Şərqdən, həm də Uzaq Şərqdən təhlil verməsi və ya belə deyək, Amerikanın daxili siyasi sistemi barədə danışması mümkün deyil. Çünki sən, əgər peşəkarsansa, bir bölgə üzrə ixtisaslaşacaqsan və bu zaman da həmin bölgənin tarixinə, mədəniyyətinə və təbii ki, dilinə bələd olmalısan. Məsələn, mən açıq etiraf edim ki, 20 ildir Yaxın Şərqdən yazdığımdan, bölgəni öyrəndiyimdən yalnız bu regionla bağlı təhlillər yazıram və müsahibələr verirəm. Dəfələrlə olub ki, digər ölkə və ya bölgələrlə bağlı mənə suallar ünvanlanıb və mən cavablandırmaqdan imtina etmişəm. Əslində peşəkarlıq da bunu tələb edir. Məhz bu cür meyarlara diqqət edilmədiyindən də peşəkarlar azlıq təşkil edir”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb