“Mənim üçün ad önəmsizdir”
Hədiyyə Şəfaqət: “Sabah kimsə gəlib desə ki, ver ən sevilən şeirinin altından mən imzamı qoyum, verərəm”
"Sözlə yaşayan adam” rubrikamızın budəfəki qonağı Hədiyyə Şəfaqətdir. Azad ruhlu olması Hədiyyə xanımın şeirlərinin az qala hər misrasında hiss olunur. O isə bu azadlığına görə, valideynlərinə və onu başa düşən ailəsinə minnətdardır. Nə həyatdan, nə də ədəbiyyatdan böyük bir gözləntisi olan yazar dünyanı olduğu kimi sevdiyini deyib. Ad, şan-şöhrət, mükafat kimi şeylərin heç biri onun marağında deyil!
- İlk olaraq elə imzanızdan başlayaq. Hədiyyə Şəfaqət kimdir?
- Elə ən çətinindən başladız ki?!
- Başlamaq həmişə çətin olur...
- Həqiqətən bu sualın qarşısında baxa-baxa qaldım. Bilmirəm, desəm? Mənim də soruşduğum olur - kimdir bu Hədiyyə Şəfaqət? Özüm haqda ən həqiqətə yaxın bilgi budur ki, yaşamaqdayam və bir neçə aydan sonra qırx yaşım tamam olacaq.
- Əslində maraqlı gələn Hədiyyə Şəfaqət imzasını götürməyinizdir. Səhv etmirəmsə, ad-soyadınız fərqlidir.
- Hə, adım Sevincdir sənədlərdə, lakin bu, yanlışlıqla olub, məndən əvvəl doğulub ölən bacımın adını mənə aid sənədlərə yazıblar, atam bunu sonra görüb və anamın istəyiylə dəyişməyib. Hədiyyə isə məni xilas edən həkimin adıdır, ona minnətdarlıqla belə deyilib. Anlayacağınız, adımla məni heç nə bağlamır. Yazanda sonda bir imzanın olması gərəkdir, lakin mənim üçün elə də fərq eləmir, sadəcə əvvəldən belə tanınıb, belə davam edib, yəni ad daha çox başqalarının asan tapması üçündür.
- Bəs, ədəbiyyatla ilk tanışlığınız nə vaxtdan başlayıb? Nə zaman anladınız ki, nəsə yazmalısınız?
- Dörd yaşımda nənəm mənə ilk kitabımı alıb gətirmişdi, on iki vərəqli, şəkilli, rus dilində, qu quşunun nağılı. O zaman artıq oxuya bilirdim. İlk şeirimi yeddi yaşımda yazmışam, xatırlayıram, ilk kiçik məqaləm on iki yaşımda ozamankı "Pioner” jurnalında çap olunub. Amma niyə yazmalı olduğumu düşünmüşəm, bilmirəm.
- İlk şeirinizi kimə və yaxud nəyə həsr etmişdiz?
- Bəli, xatırlayıram. Bahara şeir yazmışam ilk dəfə.
- Bəs indi daha çox hansı mövzulardan yazırsız?
- Mövzusuz nələrsə yazıram deyəsən... Bir an gözümü yumub açıram, ilk misranı yazıram, sonra ikincini, sonra üçüncünü... Sonacan bilmirəm yazdığım nədir... Necə başlaması, necə bitməsi... Şeir nəsr kimi deyil, məsələn, bir hekayə əvvəl doğulur, sonra düşünülür, sonra şəkilləndirilir, sonra cilalanır... Uzun bir prosesdir, ən azından mənim üçün elədir. Lakin şeir... Şeir başqa məsələ..
- Uşaqların dünyası da, nağılları da eyni olur. Sizin niyə nağıllarınız başqa cür idi? Bu, adi bir şeir misrasıdır, yoxsa Hədiyyə Şəfaqətin dünyasını özündə əks etdirir?
- Mənim nağıllarımı anam danışıb, bəlkə ona görədir? Sonra o nağıllar içimdə bir yerdə gizləndi, sonra mən qorxulu nağıllardan sağ çıxa bilən anamı andım, sonra iki il əvvəl bir noyabr axşamı, dostumla telefonla tamam başqa şeylərdən danışa-danışa bu şeiri yazdım... Sanki anam o nağılları danışanda ağrılarını duymamağımın, əlimi uzadıb əlindən tutmamağımın, onu qucaqlayıb sinəsinə sıxılmamağımın günahını yuyurdum...
"Tanrı, özümdən doymuşam,
Dağıt məni, təzədən qur
Bir dəfə ki, bacarmısan?
Unut məni, təzədən qur”- şeirinizin tarixçəsi necədir?
- O şeirin də öz əhvalatı var. Hansı duyğularla yazıldığını təbii ki, bilmirəm, bir anda yazılan şeirdir, üç-dörd il əvvəl. Yazıçı, dəyərli Aslan Quliyev həmişə hekayələrimi izləyirdi, fikirlərini bildirirdi, istəyirdi ki, mən nəsrə ciddi yanaşım, daha çox nəsr yazım. Sonra o şeir çıxdı ortaya, az keçmiş Aslan müəllim mənə dedi ki, əgər belə şeirlər yazacaqsansa, razıyam, yaz... Yəni, "mən təslim” ...
- Əgər Tanrı sizi yenidən yaratsaydı, kim olmaq istərdiniz? Həyat səhifənizdən nələri silər, nələri yazardınız?
- Tanrı məni yenidən yaradacaq. Əslində o məni heç yerə itirən deyil, bir şəkildən başqa şəklə salacaq əlbət... Hamımızı... Nə yaşandısa mənimdir, nə yazıldısa mənimdir, mən peşman deyiləm. Üstəlik, bu yaşamımız boyu yaradan qüvvəyə sözümüz keçməyibsə... Kim və nə olmağımız bizdən soruşulmaz. Amma kimsə olandan sonra başqalarını günahlandırmaqdan çox sevməyi bacarsaq... Yaşamım boyu tutunmağa çalışdım, insanları sevdim və heç peşman olmadım... O şeir bir ruh halıdır, lakin üsyanlıq deyil, üsyana gərək yoxdur, sevgi bizim öz əlimizdə olan şeydir, eqodan qurtulduqca, sevgiyə yaxın olacağıq...
- Deyirlər Azərbaycanda qadın olmaq çətindir, bəs qadın yazar olmaq necə?
- Mən ümumiyyətlə qadın yazar, kişi yazar ifadəsini qəbul etmirəm... Yazar olmaq nə dərəcədə çətindir, bunu da bilmirəm. Yazar olmağın çətinliyini nəylə müqayisədə deyirik? Məsələn, bir savaşçımı olmaq, bir yazarmı? Bir atamı olmaq, bir yazarmı? Bir hakimmi olmaq, bir yazarmı? Ağla gəlməz düşünmək, eləmi? Maneələr, qadağalar, cəzalar, ya da əksinə, mükafatlar... Hamısı mümkündür, amma hər kəs üçün mümkündür...
- Məsələn, sizin üçün iş, ədəbiyyat və ailə çətinlik yaratmır ki? Övladlarınızla münasibətinizi necə qurmusuz?
- Mən gözümü açıb evimizdə kitab görmüşəm. Ailə qurduğum insan də elə. Evdə kitabxanamız olub və təbii ki, övladlarım da gözünü açıb yazı-pozu görüblər. Üstəlik, işim də elə olub ki, həmişə nəsə yazmışam, istər ədəbi mətn olsun, istər elmi məqalə... Yəni bu, bizim üçün həyat tərzidir. Bəzən deyilir ki, qadın üçün daha çətindir. Ola bilər, lakin mən bunu yaşamamışam, mənim belə bəhanəm olmayıb. Atam-anam yazı həvəsimə hansı diqqəti göstəribsə, həyat yoldaşımdan da eynisini görmüşəm. Məsələn, mən otağa çəkilib nəsə yazıramsa, kimsə qapını açıb demir ki, yemək hələ hazır deyil? Qızlarım özləri də nəsə qaralayırlar, oğlum isə daha çox oxuyur. Münasibətlərə gəlincə, əlbəttə, bu başqa mövzudur, burada istəyirsən şah ol, fərqi yoxdur, sadəcə dost olmağı bacarmaq önəmlidir. Buna nə dərəcədə nail ola bilmişəm, yaxşısını onlar deyərlər təbii ki... Mən öz payıma onların dostluğundan xoşbəxtəm, bəlkə onlar narazıdırlar? Fikirlərində azaddırlar, narazı ola bilərlər, olanda heç gizlədəcək uşaqlar da deyillər, bizdə demokratiya evdən başlayıb .
- Ölkədəki ədəbi prosesləri necə izləyirsiz? Ədəbiyyatımızın durumunu necə dəyərləndirirsiz?
- Bəli, çalışıram oxuyum. Bəlli imzalar var ki, izləyirəm, elə imzalar var ki, kəşf edirəm. Ədəbiyyat həmişə canlıdır, o yıxılıb dayana bilər, amma durub davam edəcəkr, özünü sağaldacaq. Ədəbiyyatımızın durumu hətta hər yerdəki durumdan daha ümidvericidir. Şair dostum var, deyir ki, hazır mətnlər var, bir də onları tapıb yazıya alan adamlar. Haqlıdır. Çox haqlıdır. Və fərq etməz ki, o hazır mətnləri kim tapıb üzə çıxaracaq, əsas odur mətn tapılır. Sabah kimsə gəlib desə ki, ver ən sevilən şeirinin altından mən imzamı qoyum, verərəm. Adın nə əhəmiyyəti var ki? "Mən yazdım” eqosu və bu eqonu sığala çəkən mükafatlar... Boş şeydir, bunu aşmaq lazımdır. Mətn yoxdursa, ad heç nəyi ifadə etmir.
- Mənim üçün adın əhəmiyyəti yoxdur deyirsiniz. Belə çıxır ki, kimsə sizin şeirlərinizi bir yerə toplayıb, kitab halında öz adına çıxsa, buna reaksiya verməzsiniz?
- Niyə verim ki? Mənim üçün ad önəmsizdir. Hətta mənim adım qədər həmin adamın da adı önəmsizdir. Neçə vaxtdır, şeir kitabım çıxmalıdır. Soruşurlar, deyirlər, israr edirlər... Bir də baxarsınız şeirləri kitab halında çıxarmışam, amma üstündə yad bir ad var. Bu nəyi dəyişəcək ki?!
- Ad önəmsiz, mükafat əhəmiyyətsiz... Bəs bir yazar olaraq, sizin ədəbiyyatdan gözləntiləriniz nədir? Və yaxud hədəfləriniz?
- Heç bir hədəfim yoxdur. Gözləntilər və "hədəf” dediyimiz məqsədlər bizim buxovlarımızdır. Mən şeirlərimi nəfəs kimi yazıram, ciyərlərimi niyə buxovlayım ki? Nəyisə yazım ki, nəsə qazanım, adım çəkilsin, göz önündə olum, köksümü qabardım... Bütün bunlar o qədər gərəksizdir ki, mənim üçün. Sadəcə yazıram. Daha doğrusu, bir an gəlir, yazmaya bilmirəm. Yazıram, ona görə ki, mənə dəyən zərbəyə zərbəylə qarşılıq verməyim. Amma başqalarının işinə qarışılmaz... Hər kəs onu xoşbəxt edən yolu getməkdə haqlıdır. Mən nə deyirəmsə, özüm haqda deyirəm. Şair olaraq qalmamaq olar, amma bu mənim nəyimə gərəkdir? "Nə qədər ki, sən varsan, hər şey var, nə zaman ki, sən yoxsan, heç nə yoxdur”- dedi Sevgili Dost...
- Amma məhz ad və şöhrət üçün şeir yazanlar, ədəbiyyatdan bir vasitə kimi istifadə edənlər də var. Sizcə, bu yolla yaddaşlarda qalmaq mümkündür?
- Bu, başqalarına gərəkdir, kimsə şəcərəsiylə fəxr etsin, vəssalam! Məsələn, desin ki, mənim xalqım belə şair yetişdirib. Hansı ki, xalq şair yetişdirmir, xalqın nəyinə lazımdır şair? Xalq nə deyib, şair yetişdirsin ki? Xalq toplumdur, toplum heç zaman birlik olub bir şeyi sevəmməz, bu ancaq proqramlaşdırılmış mexanizmdə mümkündür.
- Axı biz hər zaman şair xalq olduğumuzla öyünmüşük...
- Mən belə şeyləri anlamıram. Amma başqaları haqqında nə deyə bilərəm ki? Bəlkə, mənim potensialım buna yetmir. Bəlkə də, onlar daha gözəlini düşünürlər?
- Təbii, hər kəsin öz baxışı var.
- Əlbəttə. Buna hörmətlə yanaşmaq gərəkdir.
Şəymən