Mənzil bazarında durğunluq var

“Bu sabitlik əsasən fevral ayının ortalarına qədər davam edəcək”




"Hələlik daşınmaz əmlak bazarına xarakterik olan bir durğunluq var. Bu durğunluq fevral ayının ortalarına qədər davam edə bilər. Mənzil bazarında yaxın bir ay üçün heç nə dəyişməyəcək, nə qiymət artımı, nə də ucuzlaşma gözlənilir”.

Bu sözləri Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı "Şərq”ə açıqlamasında bildirib ki, mənzil bazarındakı durğunluq hər il yeni formada olur: 

"Mövsüm və il dəyişməsi ilə əlaqədar olaraq durğunluq yaranır. Bazarda ümumi tendensiya hələ ki, stabildir və aktivlik müşahidə olunmur. Yəqin ki, hərəkətlilik bazara daha çox pul axınlarından, yəni növbəti dövrlərdə büdcə vəsaitlərinin sərf olunması və ipoteka kreditlərinə ayrılan vəsaitlərdən asılı olacaq. İndi isə mənzil bazarında hər hansı bir ciddi dəyişiklik gözlənilmir. 

Bu sabitlik əsasən fevral ayının ortalarına qədər davam edəcək. Ondan sonra daşınmaz əmlak, xüsusilə mənzil bazarındakı vəziyyəti təhlil edib hansısa nəticəyə gəlmək mümkün olacaq”.

Kirayə mənzil bazarındakı duruma gəlincə, ekspert bildirib ki, xüsusilə Bakı şəhərinin kirayə bazarında vəziyyətin daha çox dəyişmə dövrü yay aylarında baş verir: 

"Bu, əsasən iyun ayının ilk 10 günlüyündən sentyabrın son günlərinə qədər olan dövrü əhatə edir. Bu dövr ərzində çox ciddi proseslər baş verir. Qiymətlər düşür, təklif artır. Sonrakı mərhələdə isə təklif azalır, tələb və qiymətlər artır. Amma indiki dövrdə konkret kirayə bazarında əhəmiyyətli bir dəyişiklik görünmür. 

Yəni, təklif stabildir, qiymət dəyişməsi mövcud deyil, bazara müraciət edənlərin sayında ciddi artım müşahidə olunmur. Ona görə də bu dövrlərdə kirayə bazarında əhəmiyyətli bir dəyişiklik yoxdur”.

Yeganə Bayramova