Metropoliten:"İntiharın qarşısını almaq üçün əlavə tədbirimiz yoxdur"

Nəsimi Paşayev:"Gün ərzində metrodan 700 min sərnişin istifadə edir. Hər bir sərnişinə ayrıca təhlükəsizlik qaydaları tətbiq etməyə fiziki və maddi imkanımız yetməz"
İlqar Hüseynli: "Metroda bir sıçrayışla qatarın altına özünü atmaq mümkündür. Belə vəziyyətdə Metropoliten işçiləri hansı tədbiri görə bilər?”


Xəbər verdiyimiz kimi, yanvarın12-də metronun "Qara Qarayev" stansiyasında intihar hadisəsi baş verib. Özünü qatarın altına atan 1971-ci il təvəllüdlü Cəmilov Cəmil Qulam oğlu ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Təəssüf ki, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu, son bir həftə ərzində metroda baş verən ikinci intihar hadisədir. İnsanların intihar məqsədilə metronu seçməsi metropolitendə təhlükəsizlik qaydalarının ciddiləşdirilməsini bir daha gündəmə gətirib.

Məsələ ilə bağlı "Sherg.az”a danışan "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, bütün təhlükəsizlik tədbirləri nəzərə alınıb:

"Görülə biləcək əlavə tədbirimiz yoxdur. Gün ərzində metrodan 700 min sərnişin istifadə edir. Hər bir sərnişinə ayrıca təhlükəsizlik qaydaları tətbiq etməyə fiziki və maddi imkanımız yetməz. İnsanları intihar fikrindən daşındırmaq lazımdır. İntihar etmək istəyən insan metroda imkan olmasa, mütləq fikrini reallaşdırmağa yer tapacaq. Məkan önəm daşımır. Əsas ötürməli olduğumuz sosial mesaj budur ki, intihar çıxış yolu deyil. İnsanlar intihar etmək fikrinə düşməməlidir”.

Nəqliyyat eksperti İlqar Hüseynli də düşünür ki, gün ərzində metrodan istifadə edən minlərlə insanı ayrıca mühafizə etmək, təhlükəsizlik tədbiri görmək mümkün deyil:

"Metropoliten onsuz da yetərincə təhlükəsizlik tədbirləri görür. Giriş hissədə xüsusi cihazlarla insanların yoxlanması həyata keçirilir, partlayıcı maddə, silah və s. zərərli əşyalarla metroya daxil olmaq qadağan edilir. Şübhəli çantalar yoxlanılır, hər hansı problem baş verdikdə yerində müdaxilə edilir. Təhlükəsizliyə cavabdeh şəxslərin elə əlahiddə imkanları yoxdur ki, minlərlə insanın psixoloji, affekt vəziyyətlərini nəzarətdə saxlaya bilsinlər.

İntihar an məsələsidir. Hər kəs bir cür intihar edir. Burada təhlükəsizlik orqanlarının gücünün çata biləcəyi mexanizm yoxdur. Metroda bir sıçrayışla qatarın altına özünü atmaq mümkündür. Belə vəziyyətdə Metropoliten işçiləri hansı tədbiri görə bilər?”

Aysel Aslan