Millət vəkili AZAL-ı dilənçilikdə suçladı

Spiker isə onu “bu məsələni mənə təklikdə də deyə bilərdin” deyə məzəmmət etdi




"Son vaxtlar dövlət himni və müəyyən ifadələrin müəyyən məbləğ müqabilində mobil telefonlara yüklənməsinin təklif edilməsi barədə mesajlar gəlir. Bu məsələ narahatlıq doğurur”.
Bu sözlər Milli Məclisin dünən keçirilən iclasında xanım millət vəkili Elmira Axundova tərəfindən səsləndirilib.
Qeyd edək ki, parlamentin dünənki iclasında gündəliyə salınan 30 məsələ müzakirə edilib.

"Manatın üzərində Heydər Əliyevin şəkli olsun”

Deputat E.Axundova bəzi avtomobillərin arxa şüşələrinə ümummilli lider Heydər Əliyevin imzasının həkk edildiyini də söyləyib: "Hesab edirəm ki, belə hallara son qoyulması üçün addımlar atılmalıdır. Mənim Heydər Əliyevə həmişə böyük hörmətim olub. Ancaq onun səsinin nə telefon zənginə qoyulmasını, nə də imzasının maşının arxa şüşəsinə vurulmasını düzgün sayıram. Heydər Əliyevə sevgi ürəkdə olmalıdır”.

Deputat Siyavuş Novruzov isə maraqlı təkliflə çıxış edib. Millət vəkili deyib ki, Azərbaycan milli valyutasının əskinaslarının üzərində ümummilli lider Heydər Əliyevin şəkli olmalıdır: "Türkiyənin milli valyutasının üzərində də Mustafa Kamal Atatürkün şəkli var. Dünyanın bir neçə ölkəsində bu ənənə mövcuddur.

Heydər Əliyevin adı hər yerdə olmalıdır. Kimsə onun şəklini sinəsində gəzdirirsə, burada pis nəsə yoxdur. Heydər Əliyevin xatirəsi əbədi olmalıdır”.

Deputat AZAL-ı "topa” tutdu, spiker narazılıq etdi

Toplantıda millət vəkili Çingiz Qənizadə "Azərbaycan Hava Yolları” QSC haqqında sərt danışaraq, qurumu dilənçilikdə suçlayıb: "Bu günlərdə Bakıdan İstanbula AZAL-ın təyyarəsi ilə uçdum. Həmin vaxt təyyarənin "biznes-klass” sinfində 20 yerdən 15-i boş idi. İstanbuldan Bakıya qayıdanda xahiş etdim ki, mənə ön tərəfdə yer verilsin. AZAL-ın nümayəndəsi isə dedi ki, qabaq yer və geniş yer üçün əlavə olaraq 30 dollar ödənilməlidir. Bu dilənçilikdir. AZAL-ın bu qaydanı tətbiq etməsinə görə təyyarədə qabaq yerlər boş qalır. AZAL-ın nümayəndələri Türkiyədə özləri bizə yaxınlaşdılar və dedilər ki, rəhbərliyin təlimatı ilə belə qayda tətbiq olunub, buna görə yerlər boş qalır. Ona görə, onlar özləri məndən bu məsələni qaldırmağı xahiş etdilər. Azərbaycanda turizmin inkişaf etdirilməsini istəyiriksə, belə hallar olmamalıdır”.

Spiker Oqtay Əsədov isə deputatın qaldırdığı məsələyə fərqli reaksiya verib: "Çıxış etmək əvəzinə, gəlib bu məsələni mənə təklikdə də deyə bilərdin”.

"Harada adamlar çox yığışır, ora parkomatlar düzdülər”

"Harada adamlar çox yığışır, ora parkomatlar düzdülər. Təsəvvür edin ki, enli 4 zolaqlı küçədən cəmi bir maşın keçə bilir. Bu da yol hərəkəti təhlükəsizliyinə ciddi maneə yaradır”. Bunu isə deputat Bəxtiyar Əliyev deyib. Onun sözlərinə görə, bu mənzərəyə hər gün "Elmlər Akademiyası” metrosu ətrafında rast gəlmək mümkündür: "Metronun giriş-çıxışlarına parkomatlar düzüblər. Bu da sıxlıq yaradır. Sabah orada kimsə həlak olsa, məsuliyyəti kim daşıyacaq? Hesab edirəm ki, kütləvi yerlərdə xüsusi dayanacaqlar yaradılmalıdır. Ancaq xüsusi qazanc güdən qurumlar var. Buna hansı qurum nəzarət edir? Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələsi yalnız bir quruma verilməlidir. Kimə müraciət edirsən, deyir ki, biz baxmırıq. Bəs bu məsələlərə kim baxır?”.

Korrupsiya ilə bağlı məlumatı hər bir şəxs yazılı, o cümlədən elektron və ya şifahi verə biləcək

Azərbaycanda büdcədən maliyyələşən bütün təşkilatlarda korrupsiya ilə mübarizə məqsədilə tədbirlər gücləndirilib. Bu iclasda müzakirəyə çıxarılan "Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna Azərbaycan Prezidenti tərəfindən təklif edilən yeni iki maddədə əksini tapıb. Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov deyib ki, qanuna əlavə edilən yeni 11.1 maddəsində bildirilir ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı, o cümlədən elektron və ya şifahi verilə bilər. Maddəyə əsasən, dövlət və bələdiyyə orqanlarında, büdcə təşkilatlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya səlahiyyətli struktur bölmə müəyyən ediləcək. Həmin idarə, müəssisə və ya təşkilatda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalara dair məlumatları həmin səlahiyyətli struktur bölməyə verəcək. Səlahiyyətli struktur bölmə daxil olan məlumatı qeydə aldığı gündən 20 iş günü müddətində araşdırıb, nəticəsini məlumat verən şəxsə bildirəcək. Maddə 11.2-də isə korrupsiya ilə əlaqədar hüquqpozmalar haqda məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidir. Maddədə səlahiyyətli struktur bölməyə korrupsiya hüquqpozması ilə bağlı məlumat verən şəxsin özünə və ailəsinə edilə biləcək hər hansı hədə-qorxu və təzyiqdən dolayı dövlət müdafiəsi müəyyən edilir və bu hal baş verərsə, məsuliyyətə cəlbetmə təsbit olunur.

"Kimin kimdən xoşu gəlmirsə, anonim şəkildə məktub yazacaq, bu da ədalətli olmayacaq”

Müzakirəyə qoşulan millət vəkili Qüdrət Həsənquliyev Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətlərinin artırılmasını təklif edib: "Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət göndəriləndə, bu şikayət oradan Baş Prokurorluğa göndərilir. Əgər biz bu qurumu yaratmışıqsa, yoxlama və istintaq aparılması səlahiyyətini də bu quruma həvalə edək. İdarə və təşkilatlarda yeni struktur bölmə yaradılacaqsa, hazırkı şəraitdə bu, məqsədəuyğun deyil”.

Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov isə deyib ki, bu qanunun qəbulu korrupsiya hallarının qarşısının daha effektiv alınmasına şərait yaradacaq: "Qanun layihəsində məlumatların təkrar ötürülməsi məni narahat edir. Yalandan məlumat verən yalan da danışa bilər. Tutaq ki, icra başçısının, idarə rəhbərinin yanında çalışan və narazı olan şəxslər anonim məktublar yazmasın. Kimin kimdən xoşu gəlmirsə, anonim şəkildə məktub yazacaq, bu da ədalətli olmayacaq. Keçmişdə bir Xalq Nəzarəti Komitəsi vardı. Kimisə yoxlamaq üçün özü bir-iki məktub təşkil edirdi. Ona görə də korrupsiya ilə bağlı məlumat verənlərin anonimliyi məsələsi aradan qaldırılmalıdır”.

"Hazırda qanunvericiliyə görə, anonim məlumatlara baxılmır”

Deputat Çingiz Qənizadə korrupsiyaya qarşı mübarizə məqsədilə hansısa idarənin tərkibində yaradılan strukturun müstəqil olacağına inanmadığını vurğulayıb: "Hansısa məqsədlə yalandan ibarət ərizələr yazan şəxslərin də məsuliyyəti məsələsi diqqət mərkəzində olmalıdır”.

Z.Əsgərov isə vətəndaşın istənilən orqana yazılı və şifahi şikayət vermək hüququnun olduğunu xatırladıb: "Vətəndaş hesab etsə ki, bu məsələ həmin idarə və təşkilatda da həllini tapa bilər, idarə və təşkilatdakı həmin məsul quruma müraciət edə bilər. Digər tərəfdən, bu məqsədlə idarə və təşkilatda yeni bölmə aparılmasına ehtiyac yoxdur. Bu, hansısa vəzifəli şəxsə də həvalə oluna bilər. Anonim məlumatlara gəlincə, hazırda qanunvericiliyə görə, anonim məlumatlara baxılmır. Yalan məlumatlara görə də Mülki Məcəllədə məsuliyyət nəzərdə tutulub”.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Dərman qiymətləri ilə bağlı qadağa qüvvəyə mindi

Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması qadağan edilib. Bu, "Dərman vasitələri haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Qanunun 4-cü maddəsinə edilən əlavəyə görə, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağan edilir. Bu tələblərin pozulmasına görə 1 il ərzində 3 dəfə məsuliyyətə cəlb olunmuş hüquqi və fiziki şəxslərin lisenziyası "Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq, lisenziya verən orqan tərəfindən 6 ayadək dayandırılacaq. Qanunun 16-cı maddəsinə edilən əlavəyə görə isə dərman vasitələrinin istehsalçıları, xarici istehsalçıların yerli nümayəndəlikləri (filialları) və ya onların müvəkkil etdikləri şəxslər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələri, hesabat sənədlərini və zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməyə borcludur.

"Ağrıkəsicilər gecə-gündüz reklam olunur, insanlar da ondan istifadə edirlər, əsl xəstəliyin üzə çıxması gecikir”

"Bəzi dərmanlar gecə-gündüz reklam olunur. İnsanlar reklamın təsiri altına düşərək bu dərmanlardan mütəmadi istifadə edirlər”. Bu sözləri xanım millət vəkili Gövhər Baxşəliyeva qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. Deputat deyib ki, insanlar reklam olunan dərmanlardan ağrıkəsici kimi istifadə edirlər: "Halbuki, ağrıkəsicidən 1-2 dəfə istifadə etdikdən sonra mütləq həkimə müraciət edilməlidir. Mütəmadi ağrıkəsici dərmanlardan istifadə isə ciddi xəstəliyin əlamətlərini vaxtında müəyyən etməyə imkan vermir. Nəticədə insanlar vaxtında həkimə müraciət etmir, dəyərli vaxtını itirir. Buna görə də bu və ya digər xəstəliyin müalicəsi ya çətinləşir, ya da ümumiyyətlə, mümkün olmur”. G.Baxşəliyeva idmançıların qida əlavələrindən istifadəsinin də yolverilməz olduğunu, sonradan bunun insan sağlamlığında ciddi problemlərə yol açdığını bildirib.

Spiker O.Əsədov isə bildirib ki, dərman vasitələrinin reklamı "Reklam haqqında” qanunun predmetidir və bu məsələyə gələcəkdə baxmaq olar: "Qida əlavələrinə gəlincə, siz yəqin ki, dopinqi nəzərdə tutursunuz. Milli Məclisdə antidopinq haqqında qanun hazırlanır və yaxın vaxtlarda müzakirəyə çıxarılacaq”.

Valideyn himayəsindən məhrum olanlar üçün təhsil sahəsində güzəştlər tətbiq olunacaq

Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum qalmış 23 yaşına qədər olan şəxslər AMEA-nın magistratura pilləsində təhsil haqqı ödənişindən azad ediləcək. Digər təhsil müəssisələrində bu kateqoriyadan olan şəxslər üçün isə bir sıra təminatlar yaradılacaq. Məsələ iclasda müzakirəyə çıxarılan "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif edilən əlavə və dəyişikliklərdə əksini tapıb. Layihə barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Qanunun təhsil üzrə təminatlar maddəsinə təklif olunan əlavə və dəyişikliyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olanlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində (AMEA magistratura) təhsil haqqından azad ediləcəklər. Bundan başqa, qeyd olunan kateqoriyadan olan vətəndaşlar ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrini və AMEA magistraturasını bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar, habelə respublika üzrə orta əməkhaqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunacaqlar. Onlara təhsil aldıqları müddətdə dərslik və dərs ləvazimatlarının alınması üçün müavinətlər də veriləcək. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Bayramoğlu