Millət vəkilləri müəllimlərdən 5 dəfə çox maaş alır

Xalq onları ona görə seçmir ki, öz əməkhaqlarını artırmaqla məşğul olsunlar




Deputatlar Azərbaycanda yaxşı maaş alanlar sırasına daxildirlər, amma buna rəğmən millət vəkilləri ara-sıra öz narazılıqlarını dilə gətirirlər. Sözügedən məsələni bu dəfə gündəmə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov gətirib. Milli Məclis əməkaşlarının və deputatların əməkhaqlarının yetərli olmadığını bildirən və artırılmasını təklif edən S.Novruzov bildirib ki, deputatların əməkhaqqı hansısa bir rayonun polis rəisi və yaxud prokurorunun maaşından azdır.

MM-in xərclər smetasının, parlamentin büdcəsinin azlığından şikayətlənən millət vəkili cəmi 600-700 min manatlıq artım olduğunu diqqətə çatdırıb və belə deyib:

 "Hansı ki, qaçan da Milli Məclisin üstünə gəlir, qovan da... Azərbaycana qarşı təhdidlərə qarşı mübarizədə sinəsini qabağa verən də Milli Məclisdir, deputatlardır... Onda nəyə görə deputatların, MM-in əməkdaşlarının maaşı az olmalıdır? Deputatın maaşı az qala bir rayon prokurorunun maaşı qədərdir. Niyə belə olmalıdır?”.
Onun sözlərinə görə, büdcədə növbəti ildə büdcə strukturlarının və digər qurumların maaşlarının artırılması nəzərdə tutulsa da, deputatların maaşının artırılması nəzərə tutulmur: "Niyə belə ayrı-seçkilik qoyulub. Büdcədə dövlət strukturunda çalışanların maaşlarının 20 faiz artırılması, yuxusunda nəsə görüb duranların maaşlarının artırılması nəzərdə tutulsa da, Milli Məclisdə çalışanların maaşlarının artırılması nəzərdə tutulmur”.

Millət vəkili əlavə edib ki, bu gün parlamentin 50 ölkə ilə dostluq qrupu var, heç olmasa, bu qruplarla iş aparmaq üçün ildə və yaxud 3 ildən bir görüş keçirilməlidir: 

"Onlara Azərbaycan haqqında məlumat verməliyik, ya yox. Bu gün ölkəyə qonaqlar dəvət edilir. Səfərlər olur. Beynəlxalq təşkilatlarda Azərbaycana qarşı hücumların qarşısında deputatlar dayandığı halda onların maaşı niyə artırılmır”.

Komitə sədri deyib ki, bu gün deputatın maaşı bir rayon məhkəmə sədrindən, polis rəisi və prokurorun maaşından azdır:

"Bu gün hamı deputatın nə ilə dolandığını yaxşı hesablayır. Amma bilməliyik ki, bütün yük onların üzərinə düşür. Odur ki, deputatların da maaşı qaldırılmalıdır. Təkcə deputatların deyil, eyni zamanda parlamentin strukturunda çalışanların da maaşı qaldırılmalıdır”.
Maliyyə naziri Samir Şərifov Siyavuş Novruzovun 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.
S.Şərifov "Azərbaycanın dövlət büdcəsinin sosializmdən fərqlənməməyi ilə bağlı deyilən fikirlərlə razılaşmadığını bildirib.

Büdcəni Milli Məclisin müəyyənləşdirdiyini diqqətə çatdıran nazir deyib ki, əgər Milli Məclis büdcəsinin artırılmasını məqsədəuyğun hesab edərsə, onlar məsələyə baxıb, büdcəni artıra bilər.
S.Novruzovun bu təklifi cəmiyyətdə də birmənalı qarşılanmayıb. Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Elçin Bayramlı deyib ki, müəllim orta əməkhaqqı kimi 300 alırsa, millət vəkillərinin maaşı da 1500 olsun, 500 alırlarsa, bu da 2500 olsun. İndiki şəraitdə deputatların maaşının artırılmasına ehtiyac olmadığını deyən ekspert hesab edir ki, onların maaşı heç də az deyil, əksinə, çoxdur: "Deputatların maaşı ölkədə minimum, ya da orta əməkhaqqına münasibətdə təyin olunmalıdır. Misal üçün, orta əməkhaqqının 4, ya da 5 misli. Bu halda nə vaxt ölkədə minimum orta əməkhaqqı qalxarsa, onda avtomatik olaraq onların da maaşları artacaq. 

Əksər inkişaf etmiş ölkələrdə belədir. Minimum və ya orta əməkhaqqı məbləği ilə indeksasiya zamanı hər şey ədalətli olur. Həm də ölkədə müxtəlif kateqoriyaların maaşları arasında böyük uçuruma yol vermək olmaz. Deputatların bir çox xərcləri dövlət tərəfindən ödənilir, bir sıra güzəştlərdən istifadə edirlər. Millət vəkillərinə dövlət ev verir, bağ verir, maşın verir, xaricdə istirahətini təmin edir, pulsuz müalicə olunurlar, çox sayda başqa güzəştlərdən istifadə edirlər. Üstəlik, bir çoxunun biznesi və ya başqa vəzifələrdən gəlir yerləri də var.

 İndiki vəziyyətdə deputatlar öz əməkhaqlarını artırmağın davasını etməsələr yaxşıdı, ondansa minimum əməkhaqqının və pensiyanın minimum yaşayış normasından artıq olmasına çalışmalıdırlar. Xalq deputatı ona görə seçmir ki, öz maaşını artırmaqla məşğul olsun, ona görə seçir ki, xalqın problemlərinin həllini təmin etsin. Fikrimcə, onların maaşının artırılması ədalətli deyil. Millət vəkilləri müəllimlərdən ən çoxu 5 dəfə artıq maaş almalıdır”.

Şəymən