Minsk Qrupu formatının dəyişdirilməsinə təşəbbüs yoxdur

“Ermənistan bu məsələdə sözün həqiqi mənasında dirəşir”


"Rusiya Minsk Qrupu ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv rolunu yalnız alqışlaya bilər”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

XİN rəhbəri Sergey Lavrovun Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə biləcəyi ilə bağlı açıqlamasını şərh edən Zaxarova ATƏT-in Minsk Qrupunun formatına dəyişikliklərlə bağlı məlumatsız olduğunu deyib: "Bu barədə hansısa danışıqların aparılması barədə eşitməmişəm. Lakin Minsk Qrupu ölkələrinin hamısının birbaşa rolu məhz Dağlıq

Qarabağ münaqişəsinin həllində konstruktiv rol oynamaq və münaqişənin həllinə töhfə verməkdir”. Əslində Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində rol oynaması, həmsədrlik institutunda yer alması Azərbaycan üçün arzuolunandır. Çünki qardaş ölkənin münaqişənin həlli ilə bağlı mövqeyi Azərbaycanla üst-üstə düşür. Problem ondadır ki, Türkiyənin həmsədrliyi üçün münaqişə tərəflərinin hər ikisinin razılığı mütləqdir. Düşmən ölkənin rəsmi Ankaranın vasitəçiliyini qəbul etməyəcəyi isə gün kimi aydındır. Məsələni şərh edən politoloq Tofiq Abbasov deyib ki, Minsk Qrupunun tərkibinin dəyişdirilməsi ilə bağlı söz-söhbət xeyli müddətdir gündəmdədir. Amma bununla bağlı real təşəbbüslər yoxdur: "Ermənistan bu məsələdə sözün həqiqi mənasında dirəşir. Amma düşmən tərəf anlayır ki, siyasi müstəvidə onların sözü keçərli deyil. Ermənilər qondarma soyqırımı bəhanə etməklə Türkiyəni ciddi-cəhdlə prosesdən uzaqlaşdırmağa çalışırlar, yersiz şəkildə rəsmi Ankaranı ittiham edirlər. Lakin məsələ ondadır ki, ermənilər iqtisadi cəhətdən türklərə möhtacdır. Minlərlə erməni Türkiyəyə çörək dalınca gedir və türk cəmiyyəti onları çox sakit və tolerant şəkildə qəbul edir. Prezident Ərdoğan da bəyan etmişdi ki, 300 mindən artıq erməni Türkiyəyə işləməyə yollanıb. Ermənistan rəhbərliyi bu reallığı çox gözəl anlayır və dərk edir ki, onların dirçəlişi Azərbaycan və Türkiyə ilə barışıqdan keçir. Sarkisyan rejiminin həyata keçirdiyi siyasətin heç bir kəsəri yoxdur. Düşmən ölkə öz diplomatiyasının resurslarını çoxdan dağıdıb. Ermənilər sadəcə zərərli ideologiyaları sayəsində, o cümlədən dünya ermənilərindən aldığı dəstəklə ayaqda qalmağa, dirənməyə çalışır”. Politoloqun fikrincə, Türkiyə dövləti Avrasiya məkanında, dünya miqyasında nüfuzlu ölkə sayılır: "Türkiyə "G-20”-nin üzvüdür və öz iqtisadi potensialına görə, dünyada 17-ci yerdədir. Qardaş ölkənin sözü keçir, kifayət qədər təsir rıçaqlarına malikdir. Eyni zamanda Türkiyənin münaqişə tərəfləri ilə sərhədləri var. Bölgədə baş verən proseslər bu ölkəni maraqlandırır, narahat edir. Ona görə də Ankara Dağlıq Qarabağ probleminə biganə qala bilməz. Əlbəttə, Türkiyənin mövqeyi ermənilərin xoşuna gəlmir. Amma bunun heç bir əhəmiyyəti yoxdur. Çünki Minsk Qrupunun üzvü olan Türkiyənin mövqeyi daha çox dünya ictimaiyyəti üçün önəmlidir”.

İsmayıl