“Ermənistanda hakimiyyət dəyişikliyi labüd hala gəlib. Ya Sarkisyan rejimi qalacaq, nəticədə Ermənistan məhvə sürüklənəcək, ya da yeni hakimiyyət prosesləri sağlam başla dəyərləndirəcək”
“Mövcud vəziyyət Qarabağın həllinə aparır” - MÜSAHİBƏ
Elman Nəsirov: “Bölgə dövlətlərinin liderləri ilə qurulan təmaslar ilk baxımdan iqtisadi yönlü təsir bağışlasa da, bunların çox böyük siyasi mənası var”
“Ermənistanda hakimiyyət dəyişikliyi labüd hala gəlib. Ya Sarkisyan rejimi qalacaq, nəticədə Ermənistan məhvə sürüklənəcək, ya da yeni hakimiyyət prosesləri sağlam başla dəyərləndirəcək”
“Ermənistanda hakimiyyət dəyişikliyi labüd hala gəlib. Ya Sarkisyan rejimi qalacaq, nəticədə Ermənistan məhvə sürüklənəcək, ya da yeni hakimiyyət prosesləri sağlam başla dəyərləndirəcək”
Son günlər Azərbaycanın imza atdığı siyasi və iqtisadi uğurlar, strateji baxımdan əldə etdiyi mühüm nailiyyətlər işğalçı Ermənistanı çıxılmaz vəziyyətə salıb. Xüsusən, Azərbaycan, Türkiyə və Gürcüstan rəhbərlərinin Bakıda bir araya gəlməsi, ardınca Rusiya, İran və Azərbaycan prezidentlərin Tehranda görüşməsi təcavüzkar ölkənin təcridini daha da ağırlaşdırıb. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından sonra gündəmə gətirilən "Şimal-Cənub” nəqliyyat dəhlizinin Ermənistanı tam blokadaya salması, o cümlədən ermənilərin sevinclə qarşıladıqları Kataloniya separatçılarının uğursuzluğu işğalçı ölkənin bütün ümidlərini puç edib. İşğalçılıq siyasətinin acı nəticələrini görən Sarkisyan rejimi heç vaxt olmadığı qədər çıxılmaz duruma düşüb.
Bunun əksinə, Azərbaycan siyasi və iqtisadi mövqelərini daha da möhkəmləndirərək əsl regional gücə çevrilib. Tehran sammiti əməkdaşlıq formatının uğurlu olduğunu bir daha təsdiqlədi. Nəticə etibarı ilə Azərbaycanın iki qüdrətli qonşusu ilə ortaq məxrəcə gələ bildi. Ekspertlər də hesab edirlər ki, üçtərəfli görüşlər regional sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm əhəmiyyətə malik platformadır.
Proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib ki, təcavüzkar Ermənistan istisna olmaqla, Azərbaycanın bütün qonşu ölkələrlə münasibətləri dinamik inkişaf tepminə malikdir. Professorun sözlərinə görə, başqa dövlətlərlə əməkdaşlığın yüksək olması Azərbaycanın ümumi xarici siyasət kursunun fəlsəfəsindən doğan bir məsələdir...
- Mütəmadi görüşlərdən, xüsusən, üçtərəfli formatların inkişafından sonra hesab etmək olarmı ki, artıq Azərbaycan qonşu ölkələrlə, Rusiya və İranla ortaq məxrəcə gələ bilib?
- Əlbəttə, bunu söyləmək mümkündür. Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. Bunu cənab Prezident İlham Əliyev müəyyən edib. Elə bu siyasətin reallaşması sayəsində qonşu ölkələrlə ikitərəfli münasibətlərimiz yaranıb və inkişaf edib. İkitərəfli əlaqələrin yüksək səviyyəyə qalxması nəticə etibarı ilə üçtərəfli münasibətlərin formalaşması üçün münbit şərait yaradıb. Yəni Azərbaycan-Rusiya-İran üçtərəfli formatının inkişafı ilk növbədə rəsmi Bakının həm Moskva, həm də Tehran ilə ikitərəfli əməkdaşlığından irəli gəlir. Məhz üçlü formatın inkişafı regionda bir çox mühüm layihələrin reallaşmasına gətirib çıxarır. Çünki əhəmiyyətli iqtisadi layihələrin hazırlanmasında hər üç ölkənin maraqları üst-üstə düşür. Şübhəsiz, bu məqam beynəlxalq ekspertlərin də diqqətindən yayınmır.
Əcnəbi ekspertlər birmənalı şəkildə bəyan edirlər ki, Azərbaycanın İran və Rusiya ilə, o cümlədən Türkiyə və Gürcüstanla olan yaxın münasibətləri regionda sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Bu baxımdan üçlü formatların inkişafının Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsir edəcəyini iddia etmək mümkündür. Rusiya münaqişənin tənzimlənməsində həmsədr statusu ilə çıxış edir. Rusiyanın Ermənistana təsir imkanları kifayət qədər böyükdür. İran da regionun güclü dövlətlərindən sayılır. Məsələyə məntiqlə yanaşdıqda görürük ki, Azərbaycan-İran-Rusiya və Azərbaycan-Türkiyə-Gürcüstan münasibətlərinin paralel şəkildə inkişafı ilk növbədə iqtisadi baxımdan "Şərq-Qərb” və "Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafına töhfə verir. İkinci növbədə isə münaqişənin həllinə təsir göstərir.
- Üçtərəfli formatda keçirilən görüşlər Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstərə bilər?
- Üç prezidentin birgə imzaladığı Tehran bəyannaməsindən sonra xüsusilə qeyd olundu ki, bölgədəki münaqişələr regiondakı təhlükəsizlik üçün ciddi təhdiddir. Bunun qeyd olunması təsadüfi sayılmamalı və Azərbaycanın uğurlu siyasətinin birbaşa nəticəsi hesab olunmalıdır. Düşünürəm ki, elə bu cür proseslərin məntiqi nəticəsi olaraq ötən gün Ermənistan prezidenti Serj Sarkisyan "ağrılı qərarların onları gözlədiyini” vurğuladı. Deməli, düşmən ölkə fərqindədir ki, münaqişənin həlli güzəştsiz mümkün olmayacaq. Eyni zamanda Kataloniya ilə bağlı son hadisələr, Avropanın separatçılığa qarşı birgə mövqe ortaya qoyması beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini dominant qəbul etməsindən xəbər verir. Avropa ilə yanaşı, bütün dünya ölkələri Kataloniya məsələsində ərazi bütövlüyünü ön plana çəkdilər. Bu reallığın özü Ermənistanın mövqeyini zəiflədən ən mühüm amildir. Beləliklə, Azərbaycanın diplomatik gedişləri, atdığı düşünülmüş addımlar, bölgə dövlətlərinin liderləri ilə qurulan təmaslar ilk baxımdan iqtisadi yönlü təsir bağışlasa da, bunların çox böyük siyasi mənası var. Şübhə yoxdur ki, mövcud vəziyyət və reallıqlar Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsirini göstərəcək.
- Sarkisyan açıq şəkildə etiraf etdi ki, böyük dövlətlər torpaqların qaytarılmasına görə ermənilərə təzyiq göstərirlər. Sizcə, Rusiya və digər iri dövlətlərin erməniləri sıxışdırması nəticə verəcəkmi?
- Ermənistan prezidentinin mövqeyinin bu şəkildə yumşalması İrəvana təzyiq edildiyini göstərir. Xatırlayırsızsa, Sarkisyan Cenevrə danışıqlarından sonra verdiyi açıqlamaları təkzib etdi və o cür ifadələr işlətmədiyini bildirdi. Sarkisyanın belə davranış sərgiləməsi hətta erməni jurnalistləri də təəssüfləndirib. Onlar erməni rəhbərin bu səviyyədə mövqe dəyişikliyini anlamadıqlarını ifadə ediblər. Bütün bunlar göstərir ki, Sarkisyanın mövqeyi kifayət qədər zəifləyib. Məlumdur ki, noyabrın 24-ü Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının sammiti keçiriləcək. Həmin toplantıda Ermənistanın Aİ ilə saziş imzalayacağı gözlənilir.
Lakin o da bəllidir ki, noyabrın 15-16-da Sarkisyan Moskvaya dəvət edilib. Erməni ekspertləri də daxil olmaqla, bir çox analitiklər xatırladıblar ki, analoji hadisə 2013-cü ildə də baş verib. O zaman Sarkisyan Brüssel öncəsi Moskvaya yollandı və proqramı imzalamaqdan imtina etdi. Çox güman ki, bu dəfə də bənzər hadisənin şahidi olacağıq. Lakin bunun əksi olsa belə əsas reallıq təkzib edilməzdir. Reallıq da odur ki, Ermənistan heç bir halda müstəqil dövlət deyil, Sarkisyan da müstəqil prezident deyil. Düşmən ölkənin sərbəst daxili və xarici siyasəti yoxdur. Ona görə də Brüssel görüşü öncəsi İrəvan Moskva ilə danışıqlar aparır. Ermənistan beynəlxalq aləmdə asılı bir dövlət imicinə malikdir. Sarkisyan bütün tapşırıqlarını Moskvadan alır. Belə olan vəziyyətdə Avropa İttifaqı üçün birbaşa Moskva ilə danışıqlar daha böyük məna kəsb edir, nəinki İrəvanın özü ilə.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Putinlə görüşü böyük maraqla gözlənilir. Hər iki dövlətin rəsmiləri görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyini bildirirlər. Sizcə, liderlərin müzakirəsi problemin həllinə töhfə verəcəkmi?
- Türkiyə rəhbəri Ərdoğanla Rusiya Prezidenti Putin arasında baş tutacaq görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin müzakirə mövzusu olacağı şübhəsizdir. Hətta həmin görüşdə irəli sürüləcək şərtlərlə bağlı müəyyən proqnozlar da gündəmdədir. Artıq indidən erməni ekspertlər görüşün Ermənistanın milli maraqlarının əleyhinə olacağını deyirlər. Şərhçilər bildirirlər ki, Rusiya son anda Ermənistanı taleyin hökmünə buraxa bilər. Əlbəttə, düşmən ölkə rəhbərliyi anlayır ki, Türkiyə və Rusiya yaxınlaşması münaqişənin həllində Ermənistanın mövqeyini zəiflədə bilər. Ola bilsin, sırf bu səbəbdən Sarkisyanın son günlər səsləndirdiyi bəyanatlarda əvvəlki ritorika yoxa çıxıb.
İndi Sarkisyan açıqlamalarında daha çox güzəştlərdən və kompromislərdən bəhs edir. Bütün bunlar o qənaətə gəlməyə əsas verir ki, düşmən ölkənin mövqeyi zəifləməyə doğru istiqamətlənib. Ermənilər özləri də etiraf edirlər ki, Rusiya Ermənistana 100 milyonluq kredit ayırmasına baxmayaraq, sabah Azərbaycana 1 milyard dollarlıq silah-sursat sata bilər. Zaman Azərbaycanın xeyrinə dəyişir. Mövqelərimiz güclənir. Ermənistan nə qədər tez konstruktiv mövqeyə gələrsə, dövlətin və xalqın taleyi baxımından düşünülmüş addım atmış olar. Əks təqdirdə düşmən ölkənin aqibəti çox qaranlıq olacaq.
- Ermənistanın bütün regional layihələrdən kənarda qalması, ortaq proseslərdən təcrid olunması düşmən ölkəni sülhə məcbur edəcəkmi?
- Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi aqressiv siyasət yeridən Ermənistanı növbəti dəfə təcrid vəziyyətində qoydu. Belə gedərsə, Ermənistan indi olduğu kimi perspektivdə reallaşacaq bütün layihələrdən də kənarda qalacaq. Düşmən ölkənin ağır iqtisadi vəziyyəti getdikcə daha da dərinləşəcək. Çünki uzun zamandır özünü proseslərdən təcrid edən Ermənistan indi üstəlik nəqliyyat blokadasına da qoşuldu. Bundan sonra Ermənistandan əhalinin köçü güclənəcək. Ermənistan rəhbərliyi üçün yeganə çıxış yolu regional layihələrdə iştirak perspektivi haqqında düşünməkdir. Bunun da reallaşmasının yolu hər kəsə gün kimi aydın olduğu kimi işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılmasıdır. Əgər bu, baş verərsə, bölgədə tam yeni vəziyyət yaranar və Ermənistan layihələrə qoşular. Yoxsa düşmən ölkənin fəlakəti qaçılmazdır.
Ölkədə geniş vüsət alan siyasi kataklizmlər iqtisadi kataklizmlərə gətirib çıxarır. Tələbələrin hərbi xidmətə çağırılması insan resurslarının tükənməsindən xəbər verir. Ermənistanın gələcək inkişafı yalnız və yalnız işğala son qoymaqdan keçir. Təəssüf ki, bugünkü Ermənistan hakimiyyəti Qarabağ münaqişəsi hesabına hakimiyyətə yiyələnib. Ona görə də onların güzəştə getməsinin limiti tükənib. Ermənistanda hakimiyyət dəyişikliyi labüd hala gəlib. Ya Sarkisyan rejimi qalacaq, nəticədə Ermənistan məhvə sürüklənəcək, ya da yeni hakimiyyət prosesləri sağlam başla dəyərləndirəcək. Düşünürəm ki, yaxın zamanda düşmən ölkədə rejim dəyişikliyi ilə bağlı ciddi hadisələrin şahidi olacağıq.
İsmayıl