Müsəlman xalqlar xilas oldu

Bakı şəhərinin işğaldan azad edilməsi Azərbaycan tarixi ilə yanaşı, bölgə tarixi üçün də çox əhəmiyyətlidir



Tarixçilər haqlı olaraq hesab edirlər ki, əgər 1918-ci ilin sentyabrın 15-də Bakı azad edilməsəydi, Azərbaycan dövlətçiliyi sual altında qalardı. Çünki bolşeviklər Bakını Azərbaycandan ayıraraq, muxtar şəhərə çevirməyi planlaşdırırdılar. Ona görə də qəti şəkildə vurğulanır ki, Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi.

Bu məqsədlə hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur, Şəhidlər Xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəyə baş çəkilir.

Möhtəşəm günlə bağlı "Şərq"ə danışan AMEA-nın aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərli bildirib ki, əgər Qafqaz İslam Ordusu Azərbaycana gəlməsəydi, Qafqazda türkün varlığı şübhə altında qalacaqdı. Çünki Rusiya və Qərbin məqsədi bölgədə islamsız-türksüz xristian erməni və aysori dövləti yaratmaq idi: 

"Osmanlı dövlətinin gənc Azərbaycan dövlətinə hərbi yardım etməsi yalnız Azərbaycan türklərinin deyil, eyni zamanda digər müsəlman xalqlarının xilası oldu. Xüsusi ilə Bakı şəhərinin işğaldan azad edilməsi Azərbaycan tarixi ilə yanaşı, bölgə tarixi üçün də çox əhəmiyyətlidir. Çünki Bakı həm strateji əhəmiyyətinə, həm də neft sənayesinə görə bölgənin, o cümlədən Azərbaycanın əsas qalası idi. Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin təbirincə desək, "Bakısız Azərbaycan başsız bədən demək idi". 

Bu anlamda Bakının ingilis, fransız, rus və hətta alman işğalından qurtulması həyati zərurət daşıyırdı. Ona görə də Osmanlı dövlətinin, başda Tələt Paşa, Ənvər Paşa və Nuru Paşa olmaqla Azərbaycan cümhuriyyətinin qorunub saxlanmasında misilsiz xidməti olub.

 Eyni zamanda, onlar türklüyün və müsəlmanlığın bölgədəki varlığının davamını saxladılar. Ancaq Bizim Nuru Paşaya olan sevgimiz, onun özünün birbaşa Azərbaycanda olması və "göydən enən mələk" kimi xilasedici fiqura çevrilməsi ilə bağlıdır. 

Rəsulzadə Nuru Paşanı "göydən enən mələk" adlandıranda, məhz xalqın fikrini ifadə edirdi. Deməli, yalnız Bakının deyil, bütün Azərbaycanın, o cümlədən Cənubi Qafqazın müsəlman bölgəsinin işğaldan azad olunmasında Qafqaz İslam Ordusunun mühüm rolu olub".

Alim bildirib ki, Nuru Paşanın başçılıq etdiyi alay Qacarlar dövlətinə aid Güney Azərbaycandan, Təbriz və Qaradağdan keçərək Zəngəzura, oradan Gəncəyə gəlib: "Güney Azərbaycanın, o cümlədən Urmiya və Salmasın erməni və aysorlardan ibarət "xristian ordusu"ndan qurtulmasında Osmanlı qoşunları mühüm rol oynayıblar".

İsmayıl