Nazirlər geniş meydanda vətəndaşlarla görüşə bilməz

“3 ilə 8 min 44 vətəndaşın müraciətinə baxılıb. Müəyyənləşib ki, aşağı instansiyalardan yuxarı instansiyalara şikayətlərin sayı azalıb”
İstisna etmirəm ki, yerlərdə hansısa məmurlar vətəndaşların müraciətini qeydə almasın, vətəndaşın nazirlə görüşünə mane olsun. Yerli icra hakimiyyəti orqanları hansısa problemin nazirlərə çatdırılmasında maraqlı deyil





Ən yaxşı variant müraciətlərin elektronlaşdırılmasıdır

Nazirlərin hansısa bölgədə vətəndaş qəbulu keçirəcəklərinə dair vaxtaşırı məlumatlar verilir. Qəbulun hansı regionda, hansı şəhərdə və nə zaman keçiriləcəyi əvvəlcədən bildirilir. Qeyd olunur ki, bu qəbullar öncədən təsdiq edilmiş qrafikə uyğun keçirilir. Amma bəzən region əhalisindən nazirlərin qəbuluna düşə bilməməklə bağlı narazılıqlar da eşidilir.

Bildirilir ki, bəzən vətəndaşların nazirlərlə görüşünə, hansısa şikayətlərini, müraciətlərini çatdırmalarına mane olunur. Xüsusən də yerli icra orqanları tərəfindən. Hətta nazirlərlə görüşdə iştirak edəcək şəxslərin siyahısının əvvəldən tərtib edildiyi və siyahıdan kənara çıxmağa icazə verilmədiyi də deyilir. Hansısa nazirin bölgədə keçirdiyi görüşləri əks etdirən süjetlər efirdə yayımlandıqda bu qəbulların necə şablon, sərt qrafik üzrə icra olunduğu onsuz da gözdən yayınmır. Sanki vətəndaşlar problemlərinin həlli üçün deyil, əksinə, problemin həll olunmadığına görə təşəkkür etməyə gəliblər.
Bu görüşləri, qəbulları daha çevik, daha canlı, yerli əhali ilə bilavasitə təmas halında keçirmək olmazmı?

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında mövzunun ciddi olduğunu dedi:

- Rəhbərlik etdiyim Fond vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi istiqamətində Avrasiya Əməkdaşlıq Fondu ilə birgə layihə həyata keçirib. Biz bu məsələni müxtəlif aspektlərdən öyrənmişik. Nazirlərin regionlara səfərləri və vətəndaşların qəbulu prosesi 2013-cü ildən başlanıb. Onu deyə bilərəm ki, 2013-ildən bu günə kimi proses daha da sadələşib və daha da aktivləşib. Vətəndaşların müraciətlərinə baxılması ilə bağlı 2015-ci ildə yeni qanun qəbul edildi. Nəticədə vətəndaş müraciətlərinin dairəsi genişləndi, forması dəyişdirildi. Məsələn, əvvəllər müraciətlərə yalnız fərdi qaydada baxılırdısa, indi kollektiv müraciətlərə baxılma praktikası, həmçinin elektron müraciət forması da tətbiq olunur. Vətədaşların müraciətlərinə hansı hallarda baxılmayacağı da müəyyənləşib. Əgər bir vətəndaş eyni məzmunda 3 dəfədən artıq müraciət edirsə, həmin müraciətə artıq baxılmır. Müraciətlərə baxılma müddəti müəyyənləşib. Müraciətlərə əsaslandırılmış cavab verilməlidir. Müraciətlərə əsassız şəkildə baxılmadıqda İnzibati Xətalar Məcəlləsinə görə sanksiya tətbiq edilir. Araşdırmalara əsasən məlum olub ki, 2013-cü ildən 2016-cı ilədək olan dövrdə 8 min 44 vətəndaş qəbulu həyata keçirilib və müraciətlərin 80 faizi həll edilib. Həmçinin, bu da müəyyənləşib ki, aşağı instansiyalardan yuxarı instansiyalara şikayətlərin sayı azalıb. Bu da son vaxtlar vəzifə sahiblərinin öz işlərinin öhdəsindən gəldiyini göstərir.

Ə.Nuriyev vətəndaş qəbulları ilə bağlı təkmilləşdirmə işlərinin aparıla biləcəyini də vurğuladı:

- Nəzərə alsaq ki, bəzi hallarda vətəndaşlar arasında müəyyən narazılıqlar olur, vətəndaş qəbulu prosesini təkmilləşdirmək mümkündür. Məsələn, bunun üçün hansı nazirin qəbulu olacaqsa, qəbula düşmək istəyən vətəndaşa əvvəlcədən kod verilə bilər, yaxud müraciətlərin elektronlaşdırılmasını daha da aktivləşdirmək işin səmərəliliyini artırar məncə. İstisna etmirəm ki, yerlərdə hansısa məmurlar vətəndaşların müraciətini qeydə almasın, vətəndaşın nazirlə görüşünə mane olsun. Bəlkə də yerli icra hakimiyyəti orqanları hansısa problemin nazirlərə çatdırılmasında maraqlı deyil, istəmirlər, hansısa neqativ hal üzə çıxsın, belə halların ola biləcəyi istisna deyil. Bunun üçün də vətəndaş müraciətlərinin elektronlaşdırılması uyğun həll variantıdır. Hər bir nazirliyin saytı və elektron poçtu var, yaxşı olar ki, vətəndaşlar müraciətlərini ora yönləndirsinlər. Qəbul məsələsində şablondan çıxmağa gəlincə, bu elə də asan deyil. Məsələn, yerli icra hakimiyyətləri tərəfindən əhali ilə canlı görüşlər təşkil olunur. İcra başçıları, aparat əməkdaşları yerli problemlərlə tanış olduğundan cavab vermək də çətin deyil. Amma təsəvvür edin ki, konkret sahə üzrə nazir hansısa bölgəyə səfərə gəlib və geniş bir meydanda əhali ilə görüş keçirir. Bu zaman əhalinin aidiyyəti oldu-olmadı, hər mövzuda o nazirə müraciət və ya şikayət etməsi nə dərəcədə doğru olar? Belə vəziyyət nizamsızlığa səbəb olar. Forma dəyişikliyi məzmunsuzluq yaradacaq. Vətəndaş qəbullarının formatını zaman-zaman dəyişmək, bu praktikanı genişləndirmək olar. Bunun üçün uyğun variantlar tapılmalıdır.

Ə.Nuriyev hesab edir ki, vətəndaşların müraciətlərinə əsassız halda baxılmamasına görə cərimələrin miqdarı artırılmalıdır:

- Hakimiyyət orqanına və onun təmsilçisinə müraciət etmək, hər bir vətəndaşın konstitusion hüququdur. Vətəndaşın müraciətinə əsassız yerə baxılmadıqda vəzifəli şəxsə 100-200 manat cərimə tətbiqi nəzərdə tutulur. Məncə, bu məbləğ artırılmalıdır. Və əlbəttə ki, müraciətlərə baxılmasında şəffaflığın təmini əsas şərtdir.

Məlahət Rzayeva