Nazirlərin İstanbul görüşü Ermənistanda məyusluq yaradıb

Tehranın sənədə qoşulması onu göstərir ki, İran Azərbaycanın Qarabağla bağlı mövqeyini müdafiə edir


"Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin İstanbulda baş tutan üçtərəfli görüşü və görüşdə qəbul olunan bəyannamə Ermənistanda məyusluqla qarşılanıb”.

Bunu "Şərq”ə açıqlamasında analitik Ehtiram Aşırlı deyib. Analitik bildirib ki, İstanbul görüşü erməni cəmiyyətində narahatlıq yaradıb. Buna səbəb İranın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bəyannaməni imzalaması, Ermənistanın beynəlxalq arenada münaqişəyə dair mövqeyinin zəifləməsi və getdikcə təklənməsidir: 

"Cənab Prezident İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasətin nəticəsidir ki, bütün dünya ölkələri gec-tez Qarabağla bağlı həqiqətləri qəbul edirlər. Bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, daxili məsələlərə qarışmamaq prinsipləri üzrə öhdəliklər əsasında həllinin vacibliyi vurğulanıb. İstanbulda belə bir bəyannamənin qəbul olunması bir daha onu göstərdi ki, Türkiyə hər zaman öz böyük qardaşlıq mövqeyini nümayiş etdirərək Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlindən gələn bütün səyləri edir”.

Ekspertin sözlərinə görə, Ermənistan KİV-ləri İranın Qarabağ münaqişəsi ilə bağlı mühüm məqamlara imza atmasını böyük narahatlıqla qarşılayıblar: 

"Rəsmi Tehran bu zamana qədər Qarabağ münaqişəsində pozitiv bitərəflik prinsipini rəhbər tuturdu. Lakin indi Tehranın bu sənədə qoşulması onu göstərir ki, İran Azərbaycanın Qarabağla bağlı mövqeyini müdafiə edir. Bu zaman belə bir sual ortaya çıxır ki, İran-Ermənistan münasibətlərində hər hansı bir soyuqluq varmı?

Bir neçə ay bundan öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirmişdi ki, baş nazir Nikol Paşinyanın Tehrana səfər proqramı hazırlanır. Amma gözlənilən səfər baş tutmadı, bunun əvəzində isə Paşinyanla İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyası çərçivəsində görüşdülər. Bu isə səmərəli danışıqlar üçün uyğun format hesab edilmir. Bundan əlavə, Qərbin sanksiyaları fonunda İranda iqtisadi durum heç də istənilən səviyyədə deyil. ABŞ bu kontekstdə Cənubi Qafqaz üzrə siyasi konsepsiyasını dəyişdirərək İrana qarşı diplomatik və siyasi təzyiqlərini gücləndirmək niyyətindədir. ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiyaya, Azərbaycana və Ermənistana səfəri də elə bu amilin reallaşdırılması üçün atılmış ilk addım olaraq qiymətləndirilməlidir. Buna görə də İran regionda Amerika varlığından narahatdır. Bu isə sözsüz ki, daxili və xarici böhran içərisində olan Ermənistana da təsir edir”.


E.Aşırlı bildirib ki, İran Ermənistanın əsas ticarət tərəfdaşlarından biridir: 

"Təcrid olunmuş Ermənistanda iqtisadi vəziyyət olduqca acınacaqlıdır. Düşmən ölkə regionda olan bütün qlobal layihələrdən təcrid olunub. Bütün bu siyasi proseslər timsalında Ermənistanın xarici siyasəti daha çox Qərblə əməkdaşlığa yönəlib ki, bu da İranın maraqlarına cavab vermir. Paşinyanın Qərbə meyilliliyi Rusiyanı da qıcıqlandırır. Fikrimcə, Paşinyan və onun komandasının Rusiya ilə olan münasibətlərindəki gərginlik və ardınca İranla da belə bir gərginliyin yaşanması onların hakimiyyətinin sonu deməkdir. İstanbul bəyannaməsinin İran tərəfindən də imzalanması rəsmi İrəvan ilə Tehran arasında münasibətlərin soyuqlaşmasına gətirib çıxara bilər”.

İsmayıl