Nə Türkiyə qazanacaq, nə ABŞ...

Gərginlik nəticə etibarı ilə Avro-Atlantik alyansın parçalanmasına gətirib çıxara bilərBir sıra Avropa İttifaqı ölkələrinin liderləri yaranan vəziyyətin nə qədər təhlükəli olduğunu başa düşürlər
"İqtisadiyyatımıza edilən hücumun azanımıza və bayrağımıza qarşı edilən hücumdan heç bir fərqi yoxdur”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. ABŞ-la münasibətlərin gərginləşməsindən danışan dövlət başçısı əsas məqsədin Türkiyəni və türk millətini təslim etmək, əsir almaq olduğunu bildirib: "Türkiyəni valyuta məzənnəsi ilə məğlub edəcəklərini hesab edənlər yanıldıqlarını yaxın vaxtlarda görəcək”. Xatırladaq ki, Ərdoğanın yaxın vaxtlarda ABŞ-a səfəri planlaşdırılır. Türkiyə liderinin Donald Trampla görüşüb-görüşməyəcəyi səfər ərəfəsində dəqiqləşəcək. Səfər zamanı Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının iclasına qatılacaq və Suriyadakı vəziyyət, miqrant böhranı, o cümlədən BMT-nin quruluşu ilə bağlı çıxış edəcək.
"Hər hansı formada güzəşt olmayacaq”
ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Ərdoğanla razılığa gəldiklərini, lakin daha sonra işlərin pozulduğunu deyib. Trampın sözlərinə görə, əvvəlcə Ərdoğan Türkiyədə saxlanılan keşiş Bransonu azad edəcəkdi. O isə İsraildə həbsdə olan Türkiyə vətəndaşının azadlığa çıxmasına köməklik göstərəcəkdi: "Mən Ərdoğana görə İsraillə danışıqlar apardım, nəticədə Türkiyə vətəndaşı azad edildi. Ərdoğanın da çox məsum və mükəmməl insan olan keşiş Bransonu azad etməsini gözlədim, lakin bu baş vermədi. Türkiyənin bu hərəkəti çox üzücüdür. Dəhşətli səhvə yol verdiklərini düşünürəm. Hər hansı formada güzəşt olmayacaq”. Tramp türkləri və Türkiyəni çox sevdiyini deyib: "Türkiyəni və insanlarını sevirəm. Bildiyiniz kimi, Türkiyə prezidenti ilə münasibətlərim çox yaxşı idi. Onunla yaxşı yola gedirdik. Ancaq bu yol təktərəfli ola bilməz”.
Türkiyəsiz heç bir oyun qurulmayacaq - Zeybəkçi
Türkiyənin sabiq iqtisadiyyat naziri Nihad Zeybəkçi ABŞ-ın Türkiyə ilə bağlı iqtisadi həmlələrində rahib Bransonun sadəcə bəhanə olduğunu deyib: "Təbii ki, bu addımlar bizə təsir edir. Lakin zərərini ABŞ görəcək. Türkiyə köklü dövlətdir. Bu regiondan Türkiyəsiz heç bir oyun qurulmayacaq”.
Türkiyə ABŞ əleyhinə Rusiya ilə əməkdaşlıq edəcək...
Türkiyə digər dövlətlərlə, o cümlədən Rusiya ilə Dünya Ticarət Təşkilatında ABŞ-a qarşı əməkdaşlıq etmək niyyətindədir. Bu barədə Türkiyənin Ticarət Nazirliyindən bildirilib. Vurğulanıb ki, yaxın vaxtlarda Amerika əleyhinə proseslərdə Çin, Kanada, Rusiya, Hindistan, Meksika və AB ölkələri ilə əməkdaşlıq genişləndiriləcək. Hüququn müdafiəsi üzrə işlər davam etdiriləcək.
Ruhani ABŞ-a gözdağı verdi: "Türkiyə və İran qırıcı istehsal edə bilər”
İran Prezidenti Həsən Ruhani Türkiyə ilə bağlı kritik açıqlama verib. Ruhani dost ölkələr olaraq Türkiyə ilə İranın müdafiə sənayesində əməkdaşlıq edə biləcəyini söyləyib. İranın ilk reaktiv təyyarəsi "Kövsər”in təqdimat mərasimində çıxış edən Ruhani bildirib ki, tərəflər bu əməkdaşlıq çərçivəsində qırıcı istehsal edə bilər. Müdafiə sənayesində az maliyyə ilə təsir gücü yüksək olan silahlar istehsal etmək istədiklərini vurğulayan lider Türkiyə ilə yanaşı, Pakistanla da müdafiə sahəsində əməkdaşlığa razı olduqlarını deyib. Ruhani çıxışında ABŞ-ın İrana və digər dövlətlərə qarşı sanksiyalarını tənqid edib və bu ölkənin güvənilməz olduğunu bildirib.
"Burada erməni lobbisi aktiv iştirak edir”
Siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, müttəfiq ölkələr arasında münasibətlərin gərginləşməsi təəssüfedici faktordur. Onun sözlərinə görə, baş verənlər nə ABŞ, nə də Türkiyənin maraqlarına xidmət edir: 
"Əslində Türkiyəyə qarşı yürüdülən siyasət nəticə etibarı ilə Avro-Atlantik alyansın parçalanmasına gətirib çıxara bilər ki, bu da bizim Qərb adlandırdığımız dəyərlər sisteminin bütövlükdə parçalanması və uçuruma yuvarlanması deməkdir. Bir sıra Avropa İttifaqı ölkələrinin liderləri yaranan vəziyyətin nə qədər təhlükəli olduğunu başa düşürlər. Almaniya kansleri Angela Markel və Fransa Prezidenti Emmanuel Makronun yaranan vəziyyətlə bağlı təəssüfləndikləri və problemin həlli istiqamətində müəyyən addımlar atmağa çalışdıqlarını xüsusilə qeyd etmək istəyirəm. Bu onu sübut edir ki, Türkiyə və ABŞ münasibətlərində yaranan ziddiyyətlər bütövlükdə Qərbin təhlükəsizliyinə çox ciddi zərbə vurur”. Ekspert bildirib ki, ABŞ Prezidenti Donald Trampın bütövlükdə Türkiyəyə qarşı siyasəti Amerikanın özündə qəbul olunmur: "Bunu sadəcə ABŞ-ın müttəfiqlərinə qarşı sərt addımlar atmasını arzulayan qüvvələr, Türkiyəyə qarşı düşmən mövqedə dayananlar istəyirlər. Burada erməni lobbisi aktiv iştirak edir. Ermənilər Konqresdəki əlaqələrindən istifadə edərək ABŞ-Türkiyə arasında gərginliyi daha da artırmaq niyyətlərini ortaya qoyurlar. Lakin bütövlükdə ABŞ-ın əksər nüfuzlu kütləvi informasiya vasitələri Türkiyə ilə münasibətlərdə yaranan gərginlikdən narahatlıqlarını bildirir və ABŞ prezidentini də dərhal bu ritorikaya son qoymağa çağırırlar”.
İsmayıl