"Oğlumun təhsili üçün inanın ki, bütün var-dövlətimdən keçərəm” - Eldəniz Məmmədov

"Kamran elə musiqiləri ifa edir ki, Azərbaycanda bəlkə o musiqilərə müraciət edən olmayıb..."“Mənə rok musiqisini sevdirən oğlum oldu”
Xanəndə Eldəniz Məmmədovun oğlu Kamran Rusiyada MDB ölkələri arasında keçirilən "Vo ves qolos” müsabiqəsinə qatılıb. Kamranla bağlı Rusiyanın "Mir” kanalında süjet yayımlanıb. K.Məmmədov və Humay Eminzadə Rusiyanın "Vo ves qolos” müsabiqəsində Azərbaycanı təmsil edəcək. Müsabiqə noyabrın 12-də başlayacaq. Yarışmada 8 ölkə nümayəndəsi birincilik uğrunda mübarizə aparacaq. Xanəndə Eldəniz Məmmədov oğlu Kamran barədə "Şərq”ə maraqlı açıqlamalar verdi.
- Oğlunuz Rusiyada keçirilən müsabiqədə iştirak edəcək. Yəqin ki, bir ata kimi həyəcanlanırsız?
- Bəli. Əslində artıq müsabiqəyə qatılıb. Çəkilişlər baş tutub. Sadəcə, noyabrda Rusiyada 8 ölkə arasında keçirilən müsabiqə təqdim olunacaq. Qaliblər onda təqdim ediləcək.
- Müsabiqədə deyəsən Kamran ermənilərə milli musiqimizlə mesaj göndərib ...
- Bəli, müsabiqəyə ermənilər də qatılıb. Müəyyən haqsızlıqlar olub. Amma Kamran və duet ortağı onların bu haqsızlığını cavabsız qoymayıb. Kamran bu müsabiqədə "Sarı gəlin” musiqisini mükəmməl ifa etməklə onları susdura bilib. Kamran uşaq yaşlarından musiqiyə maraq göstərib. Oğlum olduğu üçün demirəm, amma həqiqətən istedadlıdır. Fortopiano sinfində oxuyur. Eyni zamanda gözəl skripka, akustik gitara ifa edir. İngilis, rus dillərində sərbəst danışa bilir. Mənim elə böyük imkanlarım olmayıb. Amma oğlumun təhsil alması üçün mən inanın ki, bütün var-dövlətimdən keçərəm. Oğlum da həmişə təhsilə diqqət yetirib. Dərslərində də yaxşıdı. Ancaq musiqiyə ruhən bağlı biridir.
- Maraqlıdır, siz xalq musiqisi ifa edən, daha çox milli musiqilərə üstünlük verən sənətçisiz. Amma oğlunuz rok musiqisinə maraq göstərib. Qəribə bir paradoks var. Milli musiqinin içində böyüyən uşağın rok kimi ağır musiqiyə maraq göstərməsi...
- Musiqinin sərhəddi, dili olmur deyirlər. Bununla razılaşmaq lazımdır. Həqiqətən elədir. Mən milli musiqilərə üstünlük verən olmuşam. Ancaq oğlum dünya musiqilərinə maraq göstərib. Demək olar bir çox janrlarla maraqlanır. Amma rok musiqisinə xüsusi bir sevgisi var. Hələ uşaq yaşlarından hiss etdim ki, əcnəbi musiqiləri dinləməyi sevir. Onlarla maraqlanır. Kamran elə musiqiləri ifa edir ki, Azərbaycanda bəlkə o musiqilərə müraciət edən olmayıb. Onun müəllimi, xalq artisti Rauf Babayevin də Kamranın üzərində böyük əməyi var.
- Rok və xalq musiqisi, muğam bir az fərqli janrlardı. Xalq musiqilərimizi dinləyirmi? Ya müasir gənclərin əksəriyyəti kimi daha çox əcnəbi musiqilərlə maraqlanır?
- İnanın səmimiyyətimə, Kamran xalq musiqimizi, muğamlarımızı da bilir. Milli musiqiyə də sevgisi böyükdür. Ancaq gənclik sözünü deyir. Rok musiqisi ilə son illər xüsusilə maraqlanmağa başladı. Mən də ona dəstək oldum. Mənə əcnəbi musiqiləri də sevdirən Kamran oldu. İndi mən də əcnəbi musiqiləri dinləyirəm, onlarla maraqlanıram, son illər hit musiqilərini dinləməyə başlamışam.
- Bəs müsabiqədə iştirak necə oldu?
- Müsabiqəyə qatılmaq üçün müraciət etdi. İfalarını göndərdi. Bəyənmişdilər. Kamranı müsabiqəyə dəvət etdilər. Mən də ata olaraq ona dəstəyimi əsirgəmədim. Müsabiqə həddindən artıq ciddi şərtlər əsasında hazırlanır. Hətta geyimlər belə öncədən hazır olmalıdır. Dedilər ki, ən azı 8-10 kostyum olmalıdır ki, səhnəyə çıxmaq üçün hazırlığı olsun. Biz də çalışdıq ki, o şərtlərin tələblərini yerinə yetirək. Kamran 10 dəst kostyum, ayaqqabı, müxtəlif aksessuarlar hazırladı ki, səhnədə bunlardan istifadə etsin. Əslində bu təkcə Kamranın çıxışı kimi dəyərləndirilməsin. Kamran bu müsabiqədə Azərbaycanı təmsil edir. Azərbaycan təmsilçilərinə müəyyən haqsızlıqlar olsa da, maraqlı çıxışlarla yadda qalıblar. Müsabiqə noyabrda təqdim olunacaq. 1-ci yerə Rusiya, 2-ci yerə isə Qazaxıstan təmsilçisi layiq görülüb. 3-cü yerin sahibi hələ ki bəlli deyil. İnşallah, uğurlu çıxışları ilə bizi sevindirə bilər. Mən özüm də müsabiqə iştirakçısı olduğum üçün o həyəcanı yaşamışam. Ona görə də bilirəm ki, nə qədər həvəs və həyəcanla müsabiqədə iştirak edib. Kamran həm də elə yaş dönəmindədir ki, səsinin dəyişən vaxtıdır. Ona görə bir müddət səsini qorumalıdır.
- Səhv etmirəmsə, Kamran bundan əvvəl də beynəlxalq müsabiqələrin iştirakçısı olub.
- Bəli, Kamran Azərbaycanı ABŞ və Fransada keçirilən yarışlarda da təmsil edib. Bu onun ilk beynəlxalq yarışması deyil. Kamranda bir xüsusiyyət var. O, özünə əmindi, çox iddialıdır. O
yaşda bu qədər iddia, özünə güvən hər gəncdə olmur. Allah bütün valideynlərə övladlarının xoş günlərini qismət etsin. Mən də onların içində olum. Mən Kamrandan daha çox narahatam. Müsabiqəyə ciddi hazırlaşırdı. Əsas odur ki, belə böyük müsabiqədə Azərbaycanı təmsil edib. Kamran cəmi 2 ildi bu qrupu yaradıb. Amma orda elələri var ki, 10 ildən artıq səhnə təcrübələri olub. Buna baxmayaraq Kamran maraqlı ifalarla yadda qalıb. Müsabiqə efirlərdə getməyənə qədər isə bizə açıqlama verməyə icazə vermirlər. Amma Kamranın elə çıxışları olub ki, onlar böyük alqışla qarşılanıb.
Tahirə