Olay, nə olay!..

- Əsl kriminal serial üçün göydəndüşmə ssenaridir
Fədayə Laçın: “Bu hadisə baş verməzdən təxminən bir ay əvvəl Etibarı məhkəmə üçün Lənkərana aparanda qatarda onunla görüşmüşəm. Bakı dəmiryolu vağzalında minib, Biləcəri stansiyasında düşmüşəm”





Azərbaycan şou-biznesi "mafioz” adını almağa namizəddir. İndiyədək daha hansı müğənnilərin, sənət adamlarının adı müxtəlif cinayətlərdə, ya da cinayətkarlarla əlbir olmaqda çəkilməyib?! Sadalasaq, "şərəf və ləyaqətimiz təhqir olunub”, "böhtan atılıb” deyib, tumanlarını başlarına çevirəcəklər (əlbəttə ki, sözün məcazi mənasında, heç bizdə sözün həqiqi mənasında tumanını başına çevirən müğənni tapmaq olar?! - red.)

Amma dədələrin daş kimi sözü də var; od olmayan yerdən tüstü çıxmaz.
Xalq artisti banditlərlə bir məclisdə əyləşib, fotolar çəkdirir, bir başqası brilyant alveri ilə məşğul olur, xarici ölkəyə saxta pasportla səfərlər edir, digərinin evindən adam oğurlayırlar, birinin prokurorluq orqanlarında "dayısı” ortaya çıxır, kəsdiyi başa sorğu-sual olmur... Adam, vallah, mat qalır. Efirdə məsum, tərbiyəli, mədəni, qanacaqlı, özgənin toyuğuna "kiş” deməyən, hətta fəxri titullu, dövlət təltifli müğənnilərimizin zaman-zaman kriminal aləmlə əlaqələri üzə çıxır. Heyrətlə düşünürsən ki, bəs bu adamlar efirdən el-obaya ağıl öyrədir, əxlaq dərsi keçirlər, əslindəsə özlərinin təlim-tərbiyəyə ehtiyacları varmış demə.

Hələlik sonuncu hay-küylü olay müğənni Fədayə Laçınla bağlı baş verdi. Olay, nə olay!.. Əsl kriminal serial üçün göydəndüşmə ssenaridi.

Fədayənin "işi” yüngülləşir?

Srağagün medianı zəbt edən Fədayə Laçının həbsi məlumatına dünən nisbətən yumşaldıcı notlar əlavə olundu.
Müğənni Fədayə Laçının "Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun və onunla birgə cəza çəkən Əli Ağaminin həbsdən qaçmasına necə yardım etdiyi ilə bağlı yeni detallar, hardansa, üzə çıxdı.

Lent.az-ın əldə etdiyi məlumata görə, avtoritetlərin xüsusi tipli vaqondan qaçmasının təşkilatçısı əslində birbaşa Fədayə Laçın deyil. Bu işdə əsas iştirakçı dəstənin digər xanım üzvü Günay Atakişiyeva olub.

Bildirilir ki, G.Atakişiyeva son bir neçə ayda bir neçə dəfə "Qoca”nı həbsxanada ziyarət edib. Onunla yaxın münasibəti olduğu görüntüsü yaradıb. F.Laçın isə bu işdə əsasən maddi dəstəkçi rolu oynayıb. O, G.Atakişiyevaya qaçış planının baş tutması üçün lazım olan maddi dəstəyi verib.
Əldə etdiyimiz məlumatda deyilir ki, planı həyata keçirmək üçün G.Atakişiyeva əvvəlcədən Astaraya gedib və orada məhkumların gətirildiyi qatara minib. Daha sonra o, nəzarətçilərlə əvvəlcədən razılaşdırıldığı kimi, xüsusi təyinatlı vaqona keçərək "Qoca”nın yanına girib. Şirvan şəhərinə qədər onunla birlikdə gəlib və orada qatardan düşüb. Bu vaxt ərzində isə o, avtoritetlərin qaçması üçün lazım olan xüsusi açarı "Qoca”ya verə bilib.

Etibar Məmmədov və Əli Ağami isə Bakı yaxınlığında həmin açar vasitəsilə xüsusi təyinatlı vaqondan çıxmağa müvəffəq olublar.
Bildirilir ki, müğənni Fədayə Laçın da məhz Günay Atakişiyevanın ifadəsi əsasında həbs edilib.

Fədayə Laçın maddi yardım göstərib?

Bu arada, müğənni Fədayə Laçın oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməklə bağlı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
APA-nın əldə etdiyi məlumata görə, o, məhkəmədə ifadəsində məhbuslara kömək etmədiyini deyib. "Mənim etibarımdan sui-istifadə ediblər. Onların qaçmaq niyyəti olduğunu bilməmişəm. Bunların heç birindən xəbərim yoxdur”, - deyə müğənni bildirib.

Fədayə Laçın hadisədən bir ay əvvəl Etibarla görüşdüyünü deyib: "Bu hadisə baş verməzdən təxminən bir ay əvvəl Etibarı məhkəmə üçün Lənkərana aparanda qatarda onunla görüşmüşəm. Bakı dəmiryolu vağzalında minib, Biləcəri stansiyasında düşmüşəm. Ancaq qaçış günü baş verənlərin mənimlə heç bir bağlılığı yoxdur”.

Qeyd edək ki, Fədayə Laçın təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.
Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

Məşhurların adi ölümü

Nə işdisə, bəziləri azacıq tanınan kimi, yolunu azır. "Ulduz” xəstəliyi həqiqətən də var. Elə ki, 1-2 verilişə dəvət edildi, adam dönür olur, "ulduz”. Başlanır, maddiyyat ardınca qaçhaqovdu. Çoxu özünə varlı arxa, dayaq tapır. Bəzisi hətta "kurallar dışına” çıxıb imkanlı, tanınmış ailələrin övladları, biznesmenlərlə ailə qurmağı da bacarır. Əsas evlənməkdir. Hamı bilsin, görsün ki, ərə getmişəm. Evlilik bir aymı çəkəcək, 2 aymı, yoxsa ilmi, heç fərq etməz. Səhnə həyatını, incəsənətin qurban tələb etdiyini deyib (sanki incəsənət "başyeyəndi”), boşandığını elan etmək bir içim su qədər asandır. Hətta aralarında ayrıldığı həyat yoldaşını aydan arı, sudan duru təqdim edib, ədalət tələb edənlər də olur. Məsələn, "Çuda Peçka”dakı qanun pozuntularına rəğmən həyat yoldaşını və ailəsini savunan Röya Ayxan kimi. Bizim həqiqi məşhurlar da, hətta yeni-yeni "parlamağa başlayan” müğənniciklərimiz də iki mahnı ifa etdikdən sonra özlərini toxunulmaz elan edirlər. Düşünürlər ki, nə etsələr, heç kim onlardan qanuna riayət tələb etməyəcək. Yanılmaq asandır. Yadıma düşmüşkən; məşhurların hər yerdə və hər zaman özünü toxunulmaz hesab etməsi Merilin Monrodan yadigar qalmış olmasın?! Dünya "ulduzu”nun ölümü hələ də sirr olaraq qalır. Onun məhz Kennedi ailəsi tərəfindən ortadan qaldırılması versiyası indiyədək ən çox ehtimal olunanlar sırasındadı. Monronun həyatının son günlərini də unutmasınlar. Tənha, tərk edilmiş, narkotik dərmanlarla baş-başa... Belə həyatı heç bir məşhur özünə arzulamaz, məncə...
Avtoritetin Fədayə Laçınla görüşünü təşkil edən rəis işdən qovuldu

Oktyabrın 23-də həbsdən qaçan məhbuslara kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və sevgilisi "Qoca” ləqəbli Etibar Məmmədovla bağlı daha bir detal ortaya çıxıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təxminən bir il əvvəl Şirvan Müvəqqəti Saxlanma Təcridxanasından Bakıya gətirilən Etibar Məmmədovla sevgilisi Fədayə Laçının yolüstü gizli görüşü təşkil edilib.

Həmin görüş üçün avtoritetin istintaq təcridxanasının rəisinə 500 dollar ödədiyi bildirilir. Faktın üstü açıldıqdan bir neçə ay sonra Şirvan MST-nin rəisi Zöhrab Sarıyev işdən qovulub.
Xatırladaq ki, Məmmədova Fədayə Baris qızı oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Məlahət Rzayeva