“Ölkəmizdə 41 yox, bəlkə də 4441 saxta din xadimi var”

Seyid Camal Əzimbəyli: “Ölkəmizi özləri üçün ruzi yeri bilən insanlar qrup halında şəbəkələşməyə meyillidirlər”


Ölkəmizdə son bir ildə 41 saxta din xadimi peyda olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, həmin şəxslər aşkarlanaraq barələrində protokollar hazırlanıb və məhkəmələrə göndərilib.

Bölgələrdə və paytaxtımızda yas və matəm mərasimlərində, dini bayramlarda bu cür saxta din xadimlərinə rast gəlirik. Aydındır ki, bu cür saxtakarların dini baxımdan cəmiyyətə böyük zərərləri var. Bəs, saxta din xadimləri radikallığın yayılmasında nə dərəcədə rol oynayır?

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli "Şərq”ə açıqlamasında saxta din xadimlərinə qarşı KİV-lərdə və televiziyalarda maarifləndirmə işinin aparılmasının vacibliyini bildirib: 

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din-dövlət münasibətlərini tarazlayan və Azərbaycanda hüquqi dini bazanı təşkil edən bir qurumdur. Lakin Azərbaycanda 41 yox, bəlkə də 4441 saxta din xadimi var. Təbii ki, M.Qurbanlı bu açıqlamanı hüquqi əsaslarla söyləyib. Amma narahatedici məqam ondan ibarətdir ki, Azərbaycanda milli və dini tolerantlığı dövlətimizin, milli mənafeyimizin əleyhinə yönəldənlər var. Bir şərqşünas və elm adamı kimi bunu ona görə deyirəm ki, kimlərsə rahat şəkildə öz təriqətlərini, sektalarını qurmaq istəyirlərsə, tərəfdaşlarını dərhal Azərbaycana tuşlayırlar. Bu da bizim milli təhlükəsizliymiz və dövlət prinsiplərimizin gələcəkdə zədələnməsi üçün heç də xoş deyil. Azərbaycanda dini alət edən və ölkəmizi özləri üçün ruzi yeri bilən insanlar qrup halında şəbəkələşməyə meyillidirlər. Düzdür, aidiyyəti orqanlar belə qruplaşmaları zərərsizləşdirirlər. Amma ümumilikdə bu, narahatlıq doğuran bir məsələdir”.

"Dini radikalizm” ifadəsi ilə razı olmadığını deyən şərqşünas dində radikallığın olmadığını da vurğuladı: "Dində radikallıq yoxdursa, məncə, bu məsələləri dinə bağlamağın özü dinimizə qarşı hörmətsizlikdir. Düşünürəm ki, "din adından istifadə edən terrorçular”, "xalqın içindən çıxan milli dönüklər” demək daha doğru olardı.

Bu gün ölkəmizdəki saxta din xadimlərinin sayı olduqca çoxdur. Bütün media orqanları ideoloji baxımdan belə məsələlərin üzərinə getməlidir. Etiraf edim ki, ölkəmizdə ideoloji baxımdan təhlükə var. Xarici kəşfiyyat orqanları Gəncədə baş verən hadisələri dini radikalizmə bağlayıb Azərbaycandakı dini insanların heysiyyəti ilə oynayırlar. Bu da dövlətimizə və milli təhlükəsizliyimizə qarşı qəbulolunmazdır”.

Yeganə Bayramova