Ölkəmizdə dərmanların keyfiyyətinə nəzarət hansı səviyyədədir ?





Statistik göstəricilərə əsasən ötən il Azərbaycanda kimyəvi zəhərlənməyə məruz qalan insanların sayı artıb. 2017-ci ildə ölkəmizdə 2016, 2018-ci ildə isə 2169 nəfər kimyəvi zəhərlənməyə məruz qalıb.

Kimyəvi zəhərlənmələr arasında birinci yeri dərmanlardan zəhərlənmələr tutub. Zəhərlənməyə səbəb olan dərmanlar arasında sedativ tərkibli, yəni əsəbə qarşı dərmanlar üstünlük təşkil edib.

Statistik göstəricilərlə bağlı fikirlərini "Sherg.az”la bölüşən Milli Məclisin Səhiyyə kimitəsinin sədr müavini, millət vəkili Musa Quliyev bildirib ki, zəhərlənmələr dərman preparatlarının daha çox intihar məqsədi ilə normadan artıq qəbul edilməsi zamanı baş verir:

"Son illər bu statistika o qədər də dəyişmir. Yəni, 10 milyon əhali içərisində 2000 nəfər o qədər də böyük artım göstəricisi deyil. Amma hər halda dərman zəhərlənməsi xoşagəlməz haldır. Fikrimcə, dərmanların keyfiyyəti, yaxud da kimlər tərəfindənsə düzgün təyin olunmaması ilə bağlı statistika yoxdur. 

Bunların hamısı ümumiləşdirilsə, bilərdik ki, ölkədə dərmanların keyfiyyətinə nəzarət hansı səviyyədədir və ya keyfiyyətsiz dərmanların istifadəsindən nə qədər ağırlaşmalar olub. Çox güman ki, zəhərlənmə ilə bağlı statistik məlumatlar intihar məqsədi ilə vətəndaşların yüksək dozada dərman qəbul etməsi ilə əlaqədar göstəricilərdir. Bu rəqəmlər də ildə 2000-2100 arası dəyişir”.

Yeganə Bayramova