Novella Cəfəroğlu: “İnanırıq ki, 20 ildən artıq həbs cəzası çəkən, həmçinin artıq yaşlanmış, xəstəməhbusları da əhatə edəcək”
Ömürlük məhbusların azadlığa buraxılmasının əleyhinə çıxdılar
Səidə Qocamanlı: “Elə məhbuslar var ki, 21 ildir həbsxanadadır, özləri də xəstədir, onların azadlığa buraxılması müsbət hal olar”
Novella Cəfəroğlu: “İnanırıq ki, 20 ildən artıq həbs cəzası çəkən, həmçinin artıq yaşlanmış, xəstəməhbusları da əhatə edəcək”
Novella Cəfəroğlu: “İnanırıq ki, 20 ildən artıq həbs cəzası çəkən, həmçinin artıq yaşlanmış, xəstəməhbusları da əhatə edəcək”
Cinayət Məcəlləsinə sonuncu dəfə edilmiş dəyişikliyə görə, bəzi ömürlük azadlıqdan məhrumetmə cəzası alan şəxslər azadlığa buraxıla bilərlər.
Belə ki, Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin (CM) 76-cı maddəsinə (Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə) yeni 4-1 bəndinin əlavə edilməsi təklif olunub.
Yeni bəndə görə, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin bu məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl edilməsi halları nəzərə alınır.
Məsələ ilə bağlı "Konstitusiya” Araşdırmalar Fondunun sədri, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquqşünas Əliməmməd Nuriyev isə modern.az-a müsahibəsində ömürlük məhkumları azadlığa buraxmağın əleyhinə olduğunu deyib:
"Ömürlük azadlıqdan məhrum edilmiş şəxslər cəzasının 25 ilini çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl edilməsi halları nəzərə alınacaq. Bu o demək deyil ki, məhkəmə həmin şəxs barədə müsbət qərar qəbul edəcək. Çünki ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin böyük əksəriyyəti çox ağır cinayətlər törədiblər. Amma bu o demək deyil ki, həmin şəxslər məhkəməyə müraciət edən zaman azadlığa buraxılacaq və ya cəzası yüngülləşdiriləcək. Mən həmin şəxslərin hər hansı bir formada azadlığa çıxmasının əleyhinəyəm”.
Cəzasının 25 ilini çəkmiş ömürlük məhbusların cəzasının 10 il müddətinə azadlıqdan məhrumetmə ilə əvəzlənməsi təklifin müsbət dəyərləndirən siyasi məhbuslarla bağlı İşçi qrupunun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı hələ Azərbaycan Avropa Şurasına daxil olan zaman ömürlük həbs cəzası ilə bağlı məsələni ortaya qoyduqlarını deyib.
Həmkarı ilə həmrəy olmadığını bildirən Səidə xanım deyib ki, məsələnin müsbət nəticəsi olacaqsa, bu yaxşıdır:
"Elə ömürlük məhkum var ki, xəstədirlər, cavan yaşından həbsxanaya düşüb, yaşlanıblar. Ailə vəziyyətləri ağırdır. Çoxları nizam-intizam qaydalarına uyğun özlərini yaxşı aparıb. Onlar öz cəzalarından peşmandırlar. Düzdür, o cəzaya qatı cinayət törətmiş şəxslər layiq görülür, lakin hər halda bu, müsbət olacaq. Çünki elə dustaqlar var ki, artıq cəzalarını çəkiblər. Onların azadlığa buraxılması həm dövlətimiz, həm də onların cəmiyyətə qayıtması üçün müsbət olar. Ümumiyyətlə, hüquq müdafiəçiləri uzun illərdir, həm ölkədə, həm də xarici tədbirlərdə bu məsələni qaldırır”.
Bu dəyişikliklərin hansı məhbuslara aid edilməsinə gəlincə, S.Qocamanlı bunun layihənin qəbul olunmasından sonra dəqiqləşəcəyini diqqətə çatdırıb: "Ömürlük cəzaya məhkum edilmiş şəxslər arasında müxtəlif cinayətləri törətmiş şəxslər var. Məsələn, 3 nəfər keçmiş "OMON”çu 1996-cı ildən indiyə qədər həbsxanadadır. Artıq 21 ildir cəza çəkirlər. Elçin Əmiraslanov ağır xəstədir, Səfa Poladov və Arif Kazımov haqqında Avropa Şurasının qərarı da var. Düşünürəm, indiki qərar onların taleyinə də yenilik gətirəcək”.
"Hər zaman xəstə, yaşlı məhbusların adının əfv siyahısına salınmasını istəyirik. Məhbuslar arasında eləsi var, ağır xəstəliyə tutulub, eləsi var, yaşı 70-dən yuxarıdır. Ömrünün çox hissəsi gedib artıq. Belə məhbusların azadlığa buraxılması əlbəttə, arzuolunandır”.
Bu fikirləri isə "Şərq”ə D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.
Sözügedən dəyişikliklərin təqdirəlayiq olduğunu qeyd edən hüquq müdafiəçisi son zamanlar Azərbaycan qanunvericiliyinin bütün sahələrdə daha çox mütərəqqiləşməsinin, humanizm prinsiplərinə daha çox istinad edilməsinə şahid olduğumuzu deyib:
"Hüquqi sistemin humanistləşdirilməsi prosesi gedir. Bu, hüquq müdafiəçisi olaraq bizi çox sevindirir. Biz Prezidentin bu addımlarını dəstəkləyirik. Cinayət Məcəlləsinə təklif olunan dəyişiklik də əlbəttə ki, humanizm prinsiplərinin əsas götürülməsi baxımından çox mütərəqqi addımdır. İnanırıq ki, CM-yə dəyişikliklər qəbul olunarsa, bu, 20 ildən artıq həbs cəzası çəkən, həmçinin artıq yaşlanmış, xəstə məhbusları da əhatə edəcək”.
Ömürlük məhbuslar, o cümlədən sabiq "OMON”çular arasında da yaşlı və xəstələrin olduğunu xatırladan Novella xanım artıq onların bəzilərinin cəzalarının böyük hissəsini çəkdiyini deyib: "Bəziləri 20 ildən artıqdır həbsxanadadır. Onların cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi, ya da şərti azadlığa buraxılması dövlətimizin humanizm prinsiplərinə sadiqliyinin bir daha təsdiqi olardı”.
Şəymən