Onların azadlığı üçün 1 milyon imza toplanmalıdır

Bacardığımız qədər dünyaya səs salmalıyıq, bu iki günahsız şəxsin qanunsuz olaraq həbsi barədə bütün ölkələri məlumatlandırmalıyıq
“Petisiyanın heç bir maneçiliyi ola bilməz. Əksinə, bu çox gözəl təbliğat, təşviqat vasitəsidir”



Erməni separatçılarının girovluğunda olan soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı yeni petisiya (imzatoplama kampaniyası) başladılıb. Srağagündən başladılan petisiyaya imza atanların sayı artıq 1000-i ötüb. Xatırladaq ki, bundan öncə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının erməni separatçıları tərəfindən işğalı, həmçinin Xocalı soyqırımının dünyaya tanıdılması məqsədilə petisiya başladılmışdı.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz həbsi və girovluqda saxlanmasına qarşı da xüsusi petisiya təşkil edilmişdi. Budəfəki petisiya xaricdə yaşayan soydaşlarımız tərəfindən başladılıb və artıq xeyli imza toplanıb. Petisiya barədə verilən qısa məlumatda hədəfin 1 milyon imza olduğu bildirilir. Kampaniyaya start verənlər bununla girovların azadlığına yardımçı ola biləcəklərinə ümid edirlər.

Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili Elman Məmmədov imzaların sayının 1 milyonu aşmasını arzuladığını dedi:

- 1 milyondan artıq imza toplanmalıdır. Nəinki Azərbaycan xalqı, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız da petisiyaya aktiv qoşulmalıdır. Petisiya həmrəylikdir, mütəşəkkillikdir, beynəlxalq aləmin məlumatlandırılmasıdır... Bunun müsbət tərəfləri çoxdur. Amma petisiya nəticəsində hansısa dövlət, kimsə mövqeyini dəyişib işğalçı ölkəni beynəlxalq hüquq normalarına riayətə dəvət edəcəkmi? Buna inanmaq çətindir. Təbii ki, biz yenə də ikili standartların şahidi olacağıq. Necə ki, illərdir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, həmçinin məhz bu girovlarımızla bağlı da bunu görürük. Bilirsiz, beynəlxalq qınaq, petisiyalar, hüququn aliliyi normal dövlətlərdə və normal dövlət başçısı olan dövlətlərdə təsirli ola bilər. Ermənistan cinayətkar, kriminal bir dövlətdir, dövlət başçısı da cinayətkardır. 4 ildir iki günahsız insanı girov saxlayırlar, işgəncə verirlər. Bəzi dövlətlər də haqqı-ədaləti bir kənara qoyub separatçılara, cinayətkarlara havadarlıq edir. Ona görə də onlardan ədalətli mövqe nümayişi gözləmək yersizdir. Amma buna baxmayaraq biz öhdəmizə düşən işi görməliyik. Bacardığımız qədər dünyaya səs salmalıyıq, bu iki günahsız şəxsin qanunsuz olaraq həbsi barədə bütün ölkələri məlumatlandırmalıyıq. Çalışmalıyıq daha geniş formada fəaliyyət göstərək. Bu mənada petisiyalar hazırkı zamanda çox effektlidir. Çünki bu saat dünya elektron vasitələrin "əsiridir”. Sosial şəbəkələrin aktiv izləyiciləri var və məlumatları anbaan izləyirlər. Biz də əlbəttə ki, beynəlxalq hüquq çərçivəsində elektron vasitələrdən istifadə etməklə işimizi görməliyik, məlumatların yayılmasına çalışmalıyıq. Qoy bilənlər bir daha şahid olsunlar, bilməyənlər də tanısınlar, məlumatlansınlar. Dünyada haqqın tərəfində dayanan, ədalətli mövqedən çıxış edən qeyri-azərbaycanlılır da var. Onların da petisiyaya qoşulmasını təmin etməliyik. Beləliklə daha çox insan Azərbaycan həqiqətləri və o cümlədən Dilqəm və Şahbazla bağlı məlumat alar.

"Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova da petisiyanın müsbət nəticə verəcəyinə ümid etdiyini bildirdi:

- Dilqəm və Şahbazla bağlı petisiya başladıldığı barədə Hollandiyada yaşayan soydaşlarımızdan məlumat aldım. Çox müsbət haldır ki, bu petisiyada xaricdə yaşayan həmvətənlərimiz aktiv iştirak edir. Petisiyanın heç bir maneçiliyi ola bilməz. Əksinə, bu çox gözəl təbliğat, təşviqat vasitəsidir. Tanımayanlar da petisiya vasitəsilə Dilqəm və Şahbazı tanıyacaqlar, onların qanunsuz olaraq girov saxlanıldığını biləcəklər. Bəlkə bunun nəticəsində cinayətkar Ermənistan rəhbərlərinə təzyiq edilər və soydaşlarımız girovluqdan azad edilər. Biz bu günlərdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə birgə "Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində” mövzusunda beynəlxalq konfrans təşkil etmişdik. Onu deyim ki, bu konfrans QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə əsir və girovlarla bağlı layihə həyata keçiririk. Bu konfrans da həmin layihə çərçivəsində idi. O tədbirdə Qarabağ müharibəsində əsir və girov götürülmüş, itkin düşmüş azərbaycanlılarla bağlı statistika da açıqlandı, həmçinin Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz həbsi və girov saxlanması haqqında da danışıldı. Tədbirə xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin əməkdaşları da dəvət edilmişdi. Amma biz yenə də ölkəmizə qarşı ikili standartların şahidi oluruq. Azərbaycanda 53 ölkənin səfirliyi var. Niyə bu səfirlər 2 günahsız insanın taleyinə laqeyddirlər? Mən bir neçə dəfə Rusiyanın Azərbaycandakı səfiri ilə görüşmək istəmişəm, əlimdə də Dilqəm Əsgərovun Rusiya vətəndaşlığını sübut edən sənəd var, amma səfir görüşməkdən çəkinib. Əsir və girovlarla bağlı fəaliyyət göstərdiyimizi bilən kimi, bizdən yan keçirlər. Hesab edirəm ki, Dilqəm və Şahbazla bağlı bütövlükdə ölkə olaraq fəaliyyətimizi daha da genişləndirməliyik. Beynəlxalq qurumlarla, diplomatik nümayəndəliklərlə daha sıx əlaqələr qurmalıyıq və onlardan haqqın, ədalətin tərəfində dayanmalarını tələb etməliyik. 

Niyə bu səfirlər ancaq "nar”, "alma” bayramlarına qatılmalıdır? Onların bu ölkədə işi təkcə gəzib-dolaşmaqdır məgər? Qoy bir az da qanunsuz olaraq həbs edilmiş, girov saxlanan soydaşlarımızla maraqlansınlar. Petisiyalar belə məsələlərdə effektli ola bilər. Əslində, bu çoxdan olmalıydı. Yenə də gecikmişik. Təəssüf ki, bəzi aktual məsələlərdə yenə də ləng tərpənirik.

Məlahət Rzayeva